Bakıda “əl enerjisi” ilə xəstələri müalicə etdiyini iddia edən özbəkistanlı İqbol Soliyevlə bağlı yeni görüntülər yayılıb.
Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda onun bel yırtığından əziyyət çəkən şəxsləri qəbul etdiyi, əllərini onların üzərində gəzdirərək “bioenerji” vasitəsilə sağaltdığını iddia etdiyi əks olunur.
Məlumata görə, Soliyev Bakıda olarkən müxtəlif xəstəliklərdən əziyyət çəkən insanları qəbul edib, “əl enerjisi” ilə müalicə seansları keçdiyini bildirib. Onun bu fəaliyyətinə maraq göstərənlərin sayı az olmayıb və sosial şəbəkələrdə yayılan videolar geniş müzakirələrə səbəb olub.
Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, İqbol Soliyev tibbi xidmət göstərmək üçün tələb olunan müvafiq lisenziyaya malik deyil.
Azərbaycanda onun fəaliyyəti ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən qanunvericiliyə uyğun tədbirlər görülüb. Nəticədə İqbol Soliyevin ölkədən çıxarılması təmin olunub.
Şahanə Rəhimli
Musavat.com






