İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda Finlandiyanın “toxunmuş yaddaşı” nümayiş olunur – Xalça muzeyində unikal sərgi açıldı

576 18.06.2026 01:37 Mədəniyyət A A

İyunun 17-də Azərbaycan Milli Xalça Muzeyində finlandiyalı rəssamlar Elina Yuopperi və Henna Ahonun əsərlərini birləşdirən “Toxunmuş xatirələr” sərgisi açılıb.

Musavat.com bildirir ki, tədbirdə Finlandiyanın Cənubi Qafqaz üzrə səfiri Kirsti Narinen, mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov, millət vəkilləri, incəsənət xadimləri iştirak edib.

Tədbiri giriş sözü ilə Xalça Muzeyinin direktoru Əminə Məlikova açıb. O, qeyd edib ki, bu kimi sərgilər, incəsənət və mədəniyyət tədbirləri bizə müxtəlif ölkələrin və xalqların adət-ənənələrini, tarixini, mədəniyyətini və incəsənətini daha yaxından tanımağa imkan yaradır:
"Bu, xalqlar arasında qarşılıqlı anlaşmanın və mədəni əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verir. Mən heç təəccüblənmərəm ki, bugünkü sərgidən sonra iştirakçılardan bəziləri Finlandiyaya səfər etmək, həmin gözəl ölkəni daha yaxından tanımaq və onun zəngin mədəni irsi ilə yerindəcə tanış olmaq qərarına gəlsinlər".

Səfir Kirsti Narinen isə bildirib ki, həm Finlandiya, həm də Azərbaycan dərin toxuculuq ənənələrinə malikdir:
"Azərbaycanda xalçalar özündə tarixi, simvolları, ailə yaddaşını və kimliyi daşıyır.

07f06b34-2c3f-4216-98fb-fe1346c7dba5.jpeg (163 KB)

Finlandiyada tekstil uzun illərdir ki, gündəlik həyatın ayrılmaz hissəsidir. Evlərdə, kənd mühitində, toxuculuq, hörmə, təmir və yenidən istifadə ənənələrində onun xüsusi yeri var. Bu ənənələr bizə xatırladır ki, tekstil heç vaxt yalnız bəzək məqsədi daşımayıb. O, insanı qoruyur, isidir, insanları bir araya gətirir və kollektiv yaddaşın yaşamasına xidmət edir.
Bu sərginin mənim üçün həm də xüsusi və şəxsi dəyəri var. Burada nümayiş olunan bəzi əşyalar öz evimdən gətirilib. Məsələn, sərgidə təqdim olunan parça xalçanı bibimlərdən biri toxuyub. Uşaq vaxtı köhnəlmiş paltarların necə kəsilərək toxuculuq üçün hazırlandığını yaxşı xatırlayıram. Həmin dövrdə heç nə israf olunmurdu. Paltarlar, pərdələr və digər parçalar yeni formada həyatını davam etdirir, öz rənglərini, hekayələrini və ruhunu növbəti nəsillərə ötürürdü.

Bu sərgi hamımıza çox gözəl bir həqiqəti xatırladır: yaddaş yalnız kitabların səhifələrində və ya arxivlərdə yaşamır. O, həm də evlərdə, əllərdə, təkrarlanan hərəkətlərdə və sərgi üçün hazırlanmış əşyalarda yaşayır".

canqa.jpeg (177 KB)

Azərbaycan mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov qeyd edib ki, bu sərgi Azərbaycan ictimaiyyətinə müasir Finlandiya incəsənəti ilə daha yaxından tanış olmaq imkanı yaradacaq, eyni zamanda iki ölkə arasında mədəni əməkdaşlığın və qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsinə xidmət edən növbəti mühüm addım olacaq.

Qeyd edək ki, sərgidə Elina Yuopperinin yoxa çıxan dillər, təbii landşaftlar və ekoloji qarşılıqlı əlaqə mövzularına həsr olunmuş əsərləri, həmçinin Henna Ahonun kollektiv yaradıcılığı, eləcə də material, məkan və insanın qarşılıqlı təsirini araşdıran tekstil kompozisiyaları təqdim olunur.

Sərgidə həmçinin Finlandiyanın Cənubi Qafqazdakı səfiri Kirsti Narinenin ailə kolleksiyasından ev tekstilinin seçilmiş nümunələri də nümayiş etdirilir.

Sərgi avqustun 16-dək davam edəcək.
 
Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR