İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda ruslara qarşı “soyqırımı” iddiası! Rusiyalı “voenkor”un şokedici böhtanında nələr yazılıb

1002 27.12.2025 21:40 Dünya A A

Özünü “rus hərbi müxbiri” kimi təqdim edən Oleq Bloxinin Bakıda guya “ruslara qarşı soyqırımı” törədilməsi ilə bağlı yaydığı mətn nə jurnalistika prinsiplərinə, nə tarixi həqiqətlərə, nə də elementar etik normalara cavab verir.

Musavat.com xəbər verir ki, bu yazı faktların məqsədli şəkildə təhrif edilməsinə, açıq-aşkar yalana və siyasi sifarişli təbliğata söykənir.

Buyurun, yalanlar, təhriflər və böhtanlarla dolu bu yazıya nəzər salın.

Oleq Bloxin yazır:

"Bakıda rusların soyqırımı

Can verən SSRİ-nin digər respublikalarının əksəriyyətində olduğu kimi, 1990-cı ilin əvvəlinə doğru Azərbaycan cəmiyyətində də əhval-ruhiyyə son həddə qədər gərginləşmişdi. Sovet iqtisadi sisteminin iflası, Qarabağ münaqişəsinin nəticələri, ermənilərlə azərbaycanlılar arasında qarşılıqlı poqromlar, bir-birinə qarşı nifrətin həddən artıq artması, minlərlə azərbaycanlı qaçqının Bakıya axını - bütün bunlardan radikallar istifadə edərək rus və erməni əhalisinə qarşı soyqırımı törətdilər.

Açıq poqrom çağırışı 12 yanvar tarixində (1990) Bakı televiziyası vasitəsilə səsləndirildi. “Azərbaycan Xalq Cəbhəsi”nin (AXC) ekstremistləri bəyan etdilər ki, evsiz-eşiksiz qalmış azərbaycanlılar çətin şəraitdə yaşayarkən, minlərlə “nifrət edilən” erməni və rus rahat və təminatlı şəraitdə yaşayır.

Ertəsi gün keçirilən kütləvi anti-dövlət mitinqində guya əmlak mübahisəsi zəminində bir azərbaycanlının erməni tərəfindən öldürüldüyü elan edildi.

Poqromlar məqsədli şəkildə əvvəlcədən hazırlanmışdı. AXC ekstremistlərinin və onların əlaltılarının əlinə Bakı mənzil-istismar idarələri tərəfindən əvvəlcədən tərtib edilmiş rusların, ermənilərin və qarışıq ailələrin ünvan siyahıları keçmişdi. Bütün bu adlar və ünvanlar qəzəbli kütlənin ixtiyarına verildi.

İnsan sürüləri qonşularının - rusların və ermənilərin - yaşadığı evlərə və mənzillərə soxulurdu. Onların bir çoxu Bakıda doğulmuşdu. Ölümündən əvvəl insanlar işgəncələrə məruz qalır, qadınlar və uşaqlar zorakılığa məruz qalır, şikəst edilmiş qurbanlar pəncərələrdən atılırdı. Xüsusilə rus hərbçiləri və onların ailələri xüsusi qəddarlıqla hədəfə alınırdı.

Bakı qarnizonuna daxil olan 60 hərbi hissədən 34-ü blokadaya alınmışdı. Banditlər Xəzər Donanmasının qərargahını partlatdılar və dağıntılar altında 22 hərbi qulluqçu qaldı.

Bakı və ətraf əraziləri “Ruslar, getməyin, bizə qullar və fahişələr lazımdır!” şüarları olan plakatlarla dolaşan dəstələr doldurmuşdu. Qatillər yerli məhkəmələr və milis bölmələri tərəfindən açıq şəkildə qorunurdu. Onlara eyni sözlər deyilirdi: “Düz etmisiniz! Rusiyanıza gedin və orada hökm edin, burada isə biz sahibik!”

Nəticədə, 475 min rusdan Azərbaycanda təxminən 100 min nəfər qaldı.

Poqromlar 20 yanvar tarixində Sovet Ordusunun xüsusi hissələrinin Bakıya yeridilməsi ilə başa çatdı.

**

Məsələni açıq demək lazımdır: sözügedən mətn təsadüfi fikir və ya fərdi yanaşma deyil. Bu, Kremlin ideoloji laboratoriyalarında hazırlanmış, tarixi hadisələri alt-üst etməyə yönəlmiş növbəti informasiya təxribatıdır. Belə yazılarla nəinki 1990-cı ilin hadisələri təhrif olunur, eyni zamanda sovet imperiyasının Bakıda törətdiyi cinayətlərin üstü ört-basdır edilməyə çalışılır.

Azərbaycanda ruslara qarşı heç vaxt soyqırımı olmayıb. Bu, mübahisə mövzusu deyil, tarixi faktdır. Nə milli azadlıq hərəkatı dövründə, nə ondan sonrakı keçid mərhələsində, nə də müstəqillik illərində rus etnik qrupuna qarşı sistemli zorakılıq, dövlət səviyyəli diskriminasiya, kütləvi qətl və ya məqsədli etnik təmizləmə həyata keçirilib. Belə bir hadisənin mövcudluğunu təsdiqləyən nə yerli, nə beynəlxalq, nə də hüquqi sənəd yoxdur. Çünki bu, sadəcə baş verməyib. 1990-cı il hadisələrində, Sovet Ordusunun Bakıya daxil olması zamanı isə ruslar da, yəhudilər də, ukraynalılar da öldürülüb - azərbaycanlılarla birlikdə onları ordu qətlə yetirib.

Azərbaycan tarixən tolerantlığı, çoxmillətli və çoxkonfessiyalı cəmiyyəti ilə seçilib. Rus icması bu ölkədə hər zaman sosial, mədəni və hüquqi baxımdan təminatlı şəkildə yaşayıb. Rus dili uzun illər Bakı və digər şəhərlərdə təhsilin, elmin, mətbuatın əsas dillərindən biri olub. Bu gün də rus məktəbləri, rusdilli media, pravoslav kilsələri sərbəst fəaliyyət göstərir. Əgər hansısa ölkədə ruslara qarşı “soyqırımı” baş vermiş olsaydı, bu faktlar mövcud olmazdı.

1990-cı ilin yanvarında Bakıda baş verən hadisələrin etnik “soyqırımı” kimi təqdim edilməsi tarixin açıq saxtalaşdırılmasıdır. Həmin dövr SSRİ-nin dağılma mərhələsi idi. İmperiya idarəetməsi iflic olmuşdu, mərkəzi hakimiyyət nə siyasi, nə də təhlükəsizlik baxımından proseslərə nəzarət edə bilirdi. Qarabağ münaqişəsi, Ermənistandan qovulan yüz minlərlə azərbaycanlının Bakıya axını, sosial-iqtisadi böhran və informasiya xaosu cəmiyyətdə gərginlik yaratmışdı. Bu şəraitdə baş verən hadisələri məqsədli şəkildə “ruslara qarşı soyqırımı” kimi qələmə vermək vicdansızlıqdır.

Əgər “soyqırımı” anlayışı tarixdə real məna daşıyırsa, o zaman faktlar başqa ünvanı göstərir. 1920-ci ildə Azərbaycanın sovet Rusiyası tərəfindən işğalı, 1937-ci ildə Stalin repressiyaları zamanı minlərlə azərbaycanlının güllələnməsi, sürgün edilməsi, Ermənistandan azərbaycanlıların kütləvi deportasiyası, türk kimliyinə qarşı sistemli basqılar – bunlar rus imperiya və sovet hakimiyyətinin Azərbaycan xalqına qarşı törətdiyi real cinayətlərdir. Tarix bu faktları unutmur və onları istənilən təbliğatla silmək mümkün deyil.

Rusların Azərbaycandan köçməsinə gəlincə, bu proses zorakılıq və ya qovulma nəticəsi olmayıb. SSRİ-nin süqutu ilə bütün postsovet məkanında demoqrafik və sosial miqrasiyalar baş verdi. İnsanlar daha sabit hesab etdikləri mühitlərə köçdülər. Rusların da bir hissəsi bu ümumi prosesin tərkibində Azərbaycanı tərk etdi. Lakin onları zorla köçürən, təhdid edən və ya dövlət səviyyəsində sıxışdıran heç bir mexanizm mövcud olmayıb.

Bu gün də Azərbaycanda on minlərlə rus yaşayır, işləyir, biznes qurur, övladlarını rus məktəblərində oxudur və özlərini bu cəmiyyətin bir hissəsi hesab edirlər. Rusiya ilə ailə, iqtisadi və mədəni bağlar qorunur. Bütün bunların fonunda “Bakıdan rusların soyqırımı nəticəsində qovulması” iddiası sadəcə absurddur.

Oleq Bloxinin yazısı Kremlin Azərbaycanla bağlı yeni informasiya hücumunun tərkib hissəsidir. Bu hücumun məqsədi aydındır: 20 Yanvar qırğınına haqq qazandırmaq, sovet ordusunun Bakıda dinc əhaliyə qarşı törətdiyi cinayətləri “zəruri müdaxilə” kimi təqdim etmək və Azərbaycanın beynəlxalq imicinə xələl gətirmək. Bu cəhdlər dəfələrlə iflasa uğrayıb və bundan sonra da uğrayacaq.

Nəticə etibarilə, Bakıda ruslara qarşı soyqırımı olmayıb. Bu iddia yalandır, böhtandır və siyasi sifarişdir. Tarixi saxtalaşdırmaqla nə 20 Yanvar faciəsinin, nə də sovet imperiyasının Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərin üstünü örtmək mümkün deyil.

Musavat.com bu cür təxribatçı və böhtan xarakterli yazıları qətiyyətlə rədd edir və bir daha bəyan edir: Azərbaycan tolerant ölkədir və heç vaxt xalqlara qarşı cinayət meydanı olmayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR