İnsanlara hürriyət, millətlərə istiqlal!

Berlində “Nardaran ssenarisi” – İran Avropada “dini kanton” yaradıb

798 21.07.2026 15:30 Siyasət A A

Avropada məskunlaşan və “siyasi mühacir” adı altında yaşayan ünsürlər zaman-zaman bağlı olduqları dairələrin sifarişi ilə anti-Azərbaycan kampaniyalarına qoşulur, müxtəlif aksiyalar keçiririr. Adətən ya Azərbaycanda mühüm beynəlxalq tədbirlərin keçirildiyi, ya yüksək səviyyəli azərbaycanlı rəsmilərin Avropaya səfərləri zamanı atılan bu addımların əsas məqsədi diqqət çəkmək, müxtəlif dairələrin ölkəmizə qarşı tapşırıqlarını icra etməkdir. Eyni ünsürlər bu dəfə Almaniyada fəallaşıb.

Musavat.com xəbər verir ki, son bir neçə gündür bu ünsürlərdən ibarət bir qrupun Berlində aksiya adı altında şou göstərdikləri müşahidə olunur. Görüntülərdən aydın olur ki, beş-altı nəfər çadır quraraq, piknik təşkil ediblər. Əslində təəccüblü deyil, çünki Avropada “siyasi mühacir” adı altında məskunlaşan ünsürlərin əsas işi maliyyələşdikləri dairələrdən sifariş veriləndə bir yerə toplanaraq, foto çəkdirməkdir. Onlar bundan həm də Avropada “siyasi mühacir” kimi qalmaq imkanından yararlanmaq üçün istifadə edirlər. Berlində keçirilən “aksiya” da bu ünsürlərin Azərbaycana qarşı növbəti tapşırığı yerinə yetirmək cəhdidir.

İlk baxışdan, bu ünsürlərin Qərb fondlarından maliyyələşdiyi təəssüratı yaransa da, “aksiya”da diqqət çəkən faktlar anti-Azərbaycan kampaniyasının arxasında İran izlərini aşkar şəkildə göstərir.

Birincisi, aksiya iştirakçılarının əksəriyyətinin dindar olmasıdır. Onların Avropaya xas olmayan geyim tərzi və saç-saqqalları da bunu deməyə əsas verir. Eyni zamanda, “aksiya”da iştirak edən bu ünsürlər dindar olduqlarını, İranın dini klerikal dairələrə simpatiyalarını da gizlətmirlər.

İkincisi, bu ünsürlərin irəli sürdüyü iddialar onların gerçək kimliyini ələ verir. Azərbaycanda “siyasi məhbus” olduğu iddiasından çıxış edən ünsürlər “6 inanclı məhbusa azadlıq” şüarı səsləndirir. Heç bir əsası olmayan “siyasi məhbus” iddiasının Azərbaycana qarşı siyasi təzyiq kampaniyasında intensiv şəkildə istifadə edilən elementlərdən olduğu sirr deyil. Avropada bu iddiadan zaman-zaman yararlanmağa cəhd göstərirlər. Berlindəki “piknik aksiyası”nda isə “inanclı” sözünün xüsusi qabardılması bu ünsürlərin İranın maliyyə və tapşırıqları ilə hərəkət etdiyini deməyə əsas verir. Çünki İran Avropadakı şəbəkəsi vasətiləsi Azərbaycana qarşı apardığı kampaniyada “inanclı” faktorunu xüsusilə qabardır.

Üçüncüsü, aksiyanın təşkilatçılarının İrana bağlılığını təsdiqləyən faktlar var.

 

Təşkilatçılardan biri kimi Alamaniyada yaşayan Orxan Ağayevin adı çəkilir. Orxan Ağayev İranın dini klerikal dairələrinin tapşrığı ilə Azərbaycanda konstitusiya quruluşunu dəyişdirərək, şəriət rejimi qurmaq istəyən Tale Bağırzadənin rəhbərlik etdiyi “Müsəlman Birliyi Hərakatı”nın (MBH) Avropadakı əsas təmsilçisidir. “Huseyn tv” adlı “Youtube” kanalının təsisçisi olan Orxan Ağayev İrana bağlılığını gizlətməyən “söyüş bloqer”lərindən Elvin İsayevin də müdafiəçisi kimi çıxış edir.

Aksiyanın digər təşkilatçısı Ələmdar Bünyadov və digərləri də “Müsəlman Birliyi Hərəkatı”nın üzvləridir, hazırda birliyin “Avropa nümayəndəliyi”nin fəalları kimi tanınırlar.

Berlində anti-Azərbaycan aksiyasının İranın sifarişi ilə həyata keçirildiyini təsdiq edən əsas faktlardan biri isə Tale Bağırzadənin iştirakçılara göndərdiyi “Layihəni təşkil edən Orxan Ağayevə və Elvin Şıxəliyevə təşəkkür edirəm” məktubudur.

Bu faktlar İranın təkcə Azərbaycana qarşı kampaniyanın sifarişçisi olduğunu deyil, eyni zamanda, vaxtilə Nardaranda yaratmaq istəyən “dini kanton”u hazırda Avropanın mərkəzində qurduğunu da ispatlayır. İran mollalarının əlini öpən, Azərbaycanda şəriət rejimi qurmaq hədəfini gizlətməyən Tale Bağırzadənin rəhbərlik etdiyi “Müsəlman Birliyi Hərakatı”nın 2015-ci ildə Nardaranda terror aktı ilə həyata keçirməyə çalışdığı planın qarşısı dövlət tərəfindən alındı. Böyük ölçüdə neytrallaşdırılan İran şəbəkəsi 2018-ci ildə eyni planı Gəncədə həyata keçirməyə cəhd etdilər.

“Müsəlman Birliyi Hərəkatı”nın əl-qolu bağlandığı üçün Gəncə planını İranda keçmiş Azərbaycan vətəndaşlarının yaratdığı “Hüseyniyyun” terror təşkilatı Suriyada xüsusi təlimdə keçən Yunis Səfərov vasitəsilə həyata keçirməyə çalışdı. Gəncədəki terror aktından sonra İranın Azərbaycandakı şəbəkəsinin neytrallaşdırılması istiqamətində mühüm addımlar atıldı. Bundan sonra şəbəkə üzvləri “siyasi mühacir” adı altında Avropa ölkələrinə axın etdilər. Onların əsas üz tutduğu ölkə məhz Almaniya olub və 2018-ci ilin iyun ayında bu ölkədə yaradılan “Demokratik Azərbaycanı Seç” (DAS) təşkilatının çətiri altında toplanıblar. Avropaya köçən şəbəkə üzvləri əsas məqsədlərini gizlətmək və “siyasi mühacir” adı altında yaşaya bilmək üçün “demokratiya”, “insan haqları” kimi məsələləri təbliğ edir, özlərini Qərb dəyərlərinin daşıyıcısı kimi göstərirlər. Misal üçün, DAS-ın yaradıcısı Cavid Cabbarlı adlı şəxs vaxtilə “Azərbaycan İslam Partiyası”nın mətbuat xidmətinin rəhbəri olub. Hazırda məskunlaşdığı Almaniyada İran müharibəsinə görə ABŞ-a qarşı anti-təbliğat aparır, Avropada İranın dini klerikal dairələrinin maraqlarını müdafiə edir.

DAS çətiri altında toplananlarla yanaşı, “Müsəlman Birliyi Hərəkatı”nın “siyasi mühacir” adı altında Avropaya axın edən üzvləri də İran maraqlarının əsas təbliğatçılarıdır. İrandan verilən tapşırıqları icra edən bu şəbəkə “dini kanton” yaratdıqları Almaniyanın, bütövlükdə Avropanın özü üçün ciddi təhlükəyə çevrilib. Nardaran təcrübəsi bunun əsas nümunələrindəndir. Vaxtilə Azərbaycanda “dini kanton” yaratmaq və İranın planlarını həyata keçirmək cəhdləri baş tutmayan bu şəbəkə Avropanın mərkəzində eyni ssenarini icra edirlər. Və istisna deyil ki, İranda dini klerikal dairələrin Qərb ölkələrinə qarşı çağırışı – fətvası zamanı bu ünsürlər Avropa üçün ciddi təhlükəsizlik riski yaradacaq.

Əli RAİS,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR