“Al Arabiya” telekanalı Suriyanın sabiq prezidenti Bəşər Əsədin müşaviri Luna Əş-Şibil ilə avtomobil içində söhbət etdiyi eksklüziv kadrlar yayıb.
Musavat.com xəbər verir ki, videoda tərəflər Rusiya prezidenti Vladimir Putinin zahiri görünüşü barədə danışırlar.
Kadrlarda Luna Əş-Şibil Əsədə müraciətlə soruşur:
“Putinin necə şişkin göründüyünü gördün?”
Bəşər Əsəd isə gülümsəyərək cavab verir:
“Bunların hamısı plastik əməliyyatlardır.”
Sosial şəbəkələrdə yayılan bu kadrlar qısa müddətdə böyük müzakirə yaradıb. Söhbətin ironik tonu, xüsusilə də Moskvanın Əsəd rejiminin əsas dayaqlarından biri kimi tanındığı bir dövrdə Putinin görünüşü ilə bağlı edilən zarafat ictimai rezonansa səbəb olub.
Qeyd edək ki, düz bir il əvvəl – 2024-cü ilin dekabrında Bəşər Əsəd hakimiyyətdən devrilmiş, paytaxt Dəməşqdən ayrılmaq məcburiyyətində qalmışdı. O dövrdə ölkənin cənubunda başlayan proseslər qısa müddətdə genişlənmiş, müxalif briqadalar Əsəd administrasiyasını sıradan çıxarmışdı.
Maraqlıdır ki, həmin vaxt Suriyaya Rusiya hərbi-siyasi dəstəyi həlledici önəm daşımış, Moskvanın müdaxiləsi Əsədi illərlə hakimiyyətdə saxlamışdı. Buna baxmayaraq, bu gün yayılan görüntülər Əsədin illərlə onu qoruyan, hal hazlrda da sığındığı Putin barədə istehza ilə danışması kimi şərh olunur.
Hazırda siyasi və təhlükəsizlik baxımından böyük ölçüdə Rusiyanın köməyinə möhtac qalan sabiq prezidentin Putinin görünüşü barədə belə sərt-ironiya etməsi ona baha başa gələ bilər.
Kadrlar həm ərəb, həm də rusdilli mediada qızğın müzakirə olunur. Ekspertlər hesab edir ki, bu görüntülər Putinin gözündə Bəşər Əsədi bitirə bilər. Bu da o deməkdir ki, Əsəd yaxln zamanlarda Suriyanın yeni hökumətinə təhvil veriləcək. Bəlkə də V. Putin bu addımı atmaq və Suriyaya dönmək yolunu açmaq üçün bu görüntülərin sızdırılmasını özü tapşırıb.
Musavat.com






