İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir tıkdan asılı olmaq – nyu-media div olsa da, canı şüşədədir

1426 19.11.2025 11:00 Yazarlar A A

Texnologiyalar inkişaf etdikcə rahatlıq və effektivliklə yanaşı, texnogen qəzaları, itkiləri, riskiləri də artırır.

Adi misallar: fayton-kareta dövründə il ərzində nə qədər qəza baş verirdisə, bu gün bir saatın içində qat-qat artıq qəzalar var verir, tələfat olur. Dəvə karvanı vaqonların qatarlanıb getməsindən qat-qat təhlükəsiz idi. Hələ təyyarə qəzaları və sair texnoloji inkişafın səbəb olduğu, insan tələfatı ilə müşayiət olunan digər qəzalar da var.

Ancaq bütün bunlar insanları vadar etmir ki, gələcəyə doğru tərəqqini dayandırsınlar, yenidən geriyə, at-araba dövrünə qayıtsınlar, yaxud təyyarədən imtina etsinlər. Heç bir kütləvi faciə tarixin irəliyə doğru fırlanan təkərini geriyə döndərə bilməz.

Dünən qlobal şəbəkədə baş verən genişmiqyaslı texniki problem və nasazlıq nəticəsində ölkəmizdə bir sıra internet resurslarının fəaliyyətində fasilələr yaranması oxucuların və jurnalistlərin keçmişi nostalji xatırlanmasına səbəb olsa da, qlobal nyu-media dövründən geriyə, ofset üsulu ilə qəzet çıxarma dönəminə qayıtmağa vəsilə olmayacaq.

Köhnə qəzetçilər bilir, 20-30 il öncə bu gün səhər saat 6-7 radələrində baş vermiş mühüm hadisənin (ağır qəza, qətl, təbii fəlakət və s.) təfərrütını qəzet jurnlaistləri yalnız 24 saatdan sonra ictimaiyyətə, oxucuya çatdıra bilirdilər.

Düzdür, azsaylı axşam qəzetləri vardı, amma onlar da yalnız əmək kollektivlərinin zərbəçi əməyindən, keçici qırmızı bayraq almasından, bir beşillikdə iki beşilliyin planını yerinə yetirmək əzmindən yazırdılar.

Yəni o öyüləsi bir qəzetçilik deyildi.

Nyu-media dövründə isə yalnız hadisə yerindən canlı reportaj verənlər və bir-iki dəqiqə gecikməylə təfsilata varanların işi uğurlu jurnalizm sayılır. Bu xüsusda xəbərçiliyin operativliyi 1 sutkadan bir dəqiqəyə, hətta 1 saniyəyə qədər sürətlənib.

Bu, müasir jurnakistikanın üstünlüyü və uğurudur, fəqət bunun da öz minusları var.

Dünən internet məkanında baş verən böyük nasazlıq bunun sübutudur. Əgər həmin nasazlıq daha genişmiqyaslı və daha sürəkli olsaydı, dünya informasiyasız qalardı və məcbur olaraq gözünü canlı yayınlar verən analoq televiziyaların ekranına dikərdi. Bundan ötrü isə hamı evində, iş kabinetində olmalıdır. Küçədə, bazarda, nəqliyyatda informasiya almaq imkanı sıfıra bərabər olardı.

Müasir dövrdə internet resursları dünyaya açılan qapı-pəncərədir, nəfəslikdir, amma bunların bağlanması və insanların bu imkandan məhrum olması an məsələsidir asılıdır. Obrazlı desək, nyu-media div olsa da, canı şüşədədir.

Qəzetlərin çap olunmasının davamlılığına tərəfdar olanların iki əsas arqumentindən biri də saytların, digər nyu-media qurumlarının fəaliyyətinin tükdən, bir tıkdan asılı olmasıdır. Dünyanın o başında qlobal bir nasazlıq baş verdisə, sən burada informasiya yaya, ünsiyyət qura bilmirsən.

İkinci arqument arxivlərlə bağlıdır. “Əlyazmalar yanmır” deyə bir ifadə var, onu nəzərdə tutur ki, əlyazmalar bəzən iki-üç nüsxədə yazılır və onları (lap sandıqda gizlədərək) qorumaq asandır. Ancaq müasir dövrdə yayğın və effektiv olan haker hücumları ilə bir saniyənin içində arxivləri məhv etmək asandır və onların böyük hissəsini xilas etmək mümkün olmur. Hazırda hər gün dünyada milyonlarla mətn bir daha bərpa edilməsi mümkün olmayacaq şəkildə silinib gedir.

Ölkəmizdə arxivləri bir neçə silinməyən sayt yoxdur. Qəzetlərin cildləri isə on, yüz illərlə sarala-sarala, tozlana-tozlana qalır və nə vaxtsa işə yarayır.

Ancaq yenə də köhnə qəzetçiliyə geridönüşə ümid yoxdur. Gələcək üstümüzə yeni meyarlarla, yeni standartlarla, yeni texnologiyalara gəlir və biz ona ayaq uydurmağa məcburuq. Kim bunu bacarmasa, geridə qalacaq, sıradan çıxacaq. Bacaranlar, yeni qaydalarla işləməyi, yaşamağı öyrənənlər isə yeni dövrün yeni problemlərinə qatlaşmalı olacaqlar. Bədəlsiz heç nə yoxdur.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR