İnsanlara hürriyət, millətlərə istiqlal!

Biri 2 manata Koreya arağı satılacaq – Gömrük hərracı

1675 10.12.2025 17:21 Ölkə A A

Dekabrın 19-da Dövlət Gömrük Komitəsi yenidən böyük həcmdə müsadirə olunmuş malların açıq hərracını keçirəcək. Bu dəfə diqqət mərkəzində xüsusilə bir məhsul var: anbarlarda toplanıb qalan minlərlə ucuz Jinro arağı.

Artıq beşinci dəfədir ki, ciddi endirimlə – hətta 50 faiz aşağı qiymətlə satışa çıxarılsa da, bu içkilərin hələ də alıcısı tapılmır. Maraqlıdır: bazar qiymətindən qat-qat ucuz olan minlərlə spirtli içki niyə satışda ilişib qalır?

Hərracın gedişi, alıcıların tərəddüdləri və “ucuz araq bolluğunun” pərdəarxası sualları Musavat.com-un araşdırmasında…

Söhbət gömrük işi sahəsində cinayət işləri və digər hüquqpozmalar üzrə məhkəmələrin qüvvəyə minmiş qərarları əsasında müsadirə edilmiş, həmçinin sahibləri tərəfindən dövlətin xeyrinə imtina edilən mallardan gedir. Bu dəfə satışa çıxarılan əsas məhsul isə minlərlə Jinro markalı spirtli içkidir.

Koreya istehsalı olan 15 minə yaxın Jinro arağının ümumi start qiyməti 29 min 590 manatdır. Yəni arağın biri 2 manata hərraca çıxarılır.

Məhsullar hazırda "Azərterminalkompleks" Birliyinin anbarlarında saxlanılır. Maraqlı budur ki, bu içkilərin bazar qiyməti dəfələrlə yüksək olsa da, hətta 50 faiz endirimlə belə alıcı tapmır. Hərrac iştirakçıları deyir ki, səbəblər müxtəlifdir. Şirkətlər idxal sertifikatları və ya əlavə aksiz öhdəliklərinə görə çəkinir, digərləri isə bu həcmdə malları realizə etmək imkanının olmadığını düşünür.

Nazirlər Kabinetinin 237 saylı qərarı ilə tənzimlənən qaydalara əsasən hərrac tam açıqdır. Lakin gömrük əməkdaşlarının və onların ailə üzvlərinin birbaşa və ya dolayı yolla alıcı olması qadağandır. Bu müddəa illərdir ictimai müzakirələrin səbəbidir. Bəzi ekspertlər qadağanın prosesin şəffaflığına xidmət etdiyini deyir.

Hərracda iştirak istəyənlər satış qiymətinin 5 faiz beh, 0,5 faizi iştirak haqqı, VÖEN və sənəd surətləri təqdim edilməlidir. Sifarişlər hərracdan 3 iş günü öncəyə qədər qəbulu edilir. Bu tələblər bazara sərbəst giriş üçün normativ baxımdan maneə olmasa da, real alıcı çevrəsini daraldır. İqtisadçı-ekspertlərlə söhbət zamanı öyrəndik ki, gömrük hərraclarında xüsusilə spirtli içkilərin satışında iki böyük problem ortaya çıxır. Müsadirə edilən içkilərin yenidən dövriyyəyə buraxılması üçün bəzi hallarda yenidən sertifikat və laborator analiz tələb olunur. Bu isə alıcı üçün əlavə xərc və vaxt deməkdir. Minlərlə ədəd eyni kateqoriyalı içkini yalnız iri distribütorlar ala bilər. Onlar isə daha çox xarici istehsalçı ilə birbaşa müqavilələrə üstünlük verir.

Araşdırma zamanı müxtəlif ticarət şəbəkələri ilə əlaqə saxladıq. Onların bir neçəsi etiraf etdi ki, gömrük müsadirəsi ilə bağlı mallar bəzən bazarda etik risklər yaradır. Digər tərəfdən, spirtli içkilər bazarında böyük oyunçuların qiymət siyasəti də hərrac mallarının realizəsini çətinləşdirir. Yəni 50 faiz ucuzlaşma böyük distribütorların satış strategiyasını poza bilər.

19 dekabrda saat 14:00-da Bakıdakı Əmlak Xidmətləri Məkanında keçiriləcək hərrac bir çox suallara cavab verəcək. Beşinci dəfə endirilən qiymətlər alıcı tapacaqmı?
Müsadirə bazarında maraqlar toqquşurmu?

Dövlətin xeyrinə keçmiş bu mallar real olaraq dövriyyəyə çıxacaq, yoxsa yenidən anbarda qalacaq?

Musavat.com olaraq prosesi izləyəcəyik və oxuculara operativ olaraq məruzə edəcəyik.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR