İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bizə niyə kənd avtobusu münasibəti göstərilir?” – Saraya gedən marşrutdan bərbad GÖRÜNTÜ VİDEO

1838 17.11.2025 18:57 Sosial A A

Sumqayıt şəhəri ilə Saray qəsəbəsini birləşdirən 522 nömrəli marşrut xəttində köhnə və yararsız avtobusların işləməsi uzun müddətdir ki, Saray sakinlərinin ciddi narazılığına səbəb olur.

Sakinlər Musavat.com-a bildiriblər ki, qəsəbənin digər istiqamətlərinə gedən avtobuslar yenilənsə də, “Tərlan” marşrutu hələ də illərin köhnəsi, daim nasazlanan avtobuslarla xidmət göstərir.

Onların sözlərinə görə, vəziyyət həm sanitar baxımdan, həm də təhlükəsizlik nöqteyi-nəzərindən dözülməzdir.

Şikayətçilər deyiblər ki, avtobusların salonu uzun müddətdir təmizlənmir, oturacaqlar sıradan çıxıb, tutacaqlar çirk içindədir:

“Biz bu marşrutda avtobusa minəndə nəfəs almaq olmur. Toz, çirk içində hərəkət edirik. Tutacaqlara əl vurmağa belə iyrənirik. Texniki vəziyyət isə lap betərdir. Avtobusun hər gün bir hissəsi tökülür. Sürücülər də aciz durumdadır, çünki onların səlahiyyəti yoxdur, nə deyə bilərlər ki?! Hər səhər övladlarımızı dərsə yola salanda ürəyimiz ağzımıza gəlir. Bilmirik avtobus yolda qalacaq, ya yox.

Ən əsası, niyə bizim istiqamətə yeni avtobuslar verilmir - başa düşə bilmirik. Saray şəhərin bitişiyindədir, bizə niyə kənd avtobusu münasibəti göstərilir?”

Sakinlərin daha bir iradı isə bir müddət əvvəl xəttə buraxılan yeni “Karsan” markalı avtobuslarla bağlıdır. Onlar bildirirlər ki, müasir, rahat və təhlükəsiz bu avtobuslar cəmi üç gün işlədikdən sonra qəfil xəttən çıxarılıb və onların yerinə yenidən yararsız, köhnə nəqliyyat vasitələri qaytarılıb. Halbuki “Karsan” avtobusları sərnişinlərin böyük məmnuniyyəti ilə qarşılanmışdı.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Musavat.com-un sorğusuna cavab olaraq qeyd edilmişdi ki, 522 nömrəli marşrut xəttində daşıyıcı tərəfindən hər hansı yenilənmə aparılmayıb. Bildirilmişdi ki, yeni avtobuslar sadəcə müvəqqəti sınaq məqsədilə xəttə buraxılmışdı:

“Sözügedən avtobuslar daşıyıcı tərəfindən ərazi üzrə infrastruktur və digər uyğunluqla bağlı müvəqqəti sınaqdan keçirilib. Daşıyıcıya avtobus parkının yenilənməsi və nizamlı sərnişindaşımanın təmin edilməsi ilə bağlı tapşırıq verilib”.

Saray sakinləri isə gözləntidədir. Onlar ümid edirlər ki, məsələ kağız üzərində qalmaz və ictimai nəqliyyatda əsl yenilənmə təkcə kağız üzərində deyil, real marşrut xəttində hiss olunar.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR