İnsanlara hürriyət, millətlərə istiqlal!

“BMT yenidən Azərbaycana güvəndi” – Keçmiş səfirdən mühüm AÇIQLAMALAR

540 19.05.2026 14:38 Siyasət A A

“Birləşmiş Millətlər Təşkilatı insanlığın qarşı-qarşıya qaldığı kəskin urbanizasiya və şəhərsalma problemlərinin həlli yollarını müzakirə etmək üçün yenidən Azərbaycana gəlib. Azərbaycan hazırda 13-cü Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edir. İki bayraq, iki ciddi bəşəri problem və Bakı artıq həll mərkəzinə çevrilir”.

Bunu Musavat.com-a açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyədə nümayəndəsi Hulusi Kılıç deyib.

O bildirib ki, dünyada 2 milyarddan çox insan yararsız şəraitdə yaşayır, 300 milyon insan isə evsizdir:

“Onların arasında 1 milyard insan gecəqondularda və olduqca ağır şəraitdə həyat sürür. Bu rəqəmlər problemin nə qədər ciddi olduğunu açıq şəkildə göstərir. Həmin problemlərin müzakirə və həll mərkəzi isə hazırda Bakı şəhəridir. Forumda çox sayda dövlət və hökumət başçıları, vitse-prezidentlər, nazirlər iştirak edirlər. Eyni zamanda tədbirə 45 min qeydiyyatdan keçmiş iştirakçı qatılıb. Bu, rekord göstəricidir.

İştirakçılar arasında dövlət və hökumət rəsmiləri, bələdiyyə sədrləri, şəhərsalma üzrə məsul şəxslər, ekspertlər, memarlar və mühəndislər yer alır. Birləşmiş Millətlər Təşkilatı nümayəndələri ilk dəfə 2024-cü ilin noyabrında COP29 İqlim Dəyişikliyi Konfransı üçün Azərbaycana gəlmişdi. İqlim dəyişikliyi bu gün insanlığın gələcəyini təhdid edən ən ciddi problemlərdən biridir. Azərbaycan cəmi 8 ay ərzində, rekord sayılacaq qısa müddətdə COP29-u təşkil etdi. Həmin konfransa 80 min iştirakçı və 70-dən çox dövlət və hökumət başçısı qatılmışdı. Konfrans çərçivəsində iqlim dəyişikliyi ilə bağlı həll yolları müzakirə olundu və gələcəyə yönəlik mühüm qərarlar qəbul edildi. Bu forumda da vacib qərarların qəbul olunacağı gözlənilir. İştirakçılar öz ölkələrində qarşılaşdıqları problemləri bölüşəcək, təcrübələrini paylaşacaqlar. Məhz buna görə bu forum son dərəcə əhəmiyyətli beynəlxalq tədbir hesab olunur”.

Hulusi Kılıç qeyd edib ki, Qafqazda və bölgədə ilk dəfə Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilməsi böyük əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu konfransın uğurları təkcə Azərbaycanın deyil, bütövlükdə Türk dünyasının uğuru kimi qəbul olunur: 

“Azərbaycan Prezidenti cənab İlham Əliyev açılış nitqində çox mühüm mesajlar verdi. Bu mesajlardan birincisi atalarımızdan bizə miras qalan tarixi və memarlıq abidələrinin qorunması, bərpası və gələcək nəsillərə ötürülməsi ilə bağlı idi. Tarixi və memarlıq əsərləri bizim üçün miras və əmanətdir. Onları gələcək nəsillərə çatdırmaq hər birimizin borcudur.

vufff.jpg (573 KB)


Tarixi və memarlıq abidələrinin qorunaraq gələcək nəsillərə ötürülməsi baxımından Azərbaycan nümunəvi ölkələrdən biridir. Bu gün Bakıda, Naxçıvanda, Şamaxıda, Şəkidə, Gəncədə və digər şəhərlərdə çoxlu sayda tarixi abidə bərpa olunur və qorunur. Prezidentin verdiyi digər mühüm mesaj isə böyük şəhərlərdə yeni şəhərsalma layihələri həyata keçirilərkən şəhərin memarlıq ruhunun və tarixi simasının qorunmasının vacibliyi ilə bağlı idi.

Azərbaycan Bakıda “Qara şəhər” adlanan ərazini tamamilə yenidən quraraq “Ağ şəhər” adı ilə müasir yaşayış və biznes mərkəzinə çevirib. Eyni zamanda Qarabağda və Zəngilanda sıfırdan yeni şəhərsalma layihələri həyata keçirilir, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları qurulur. Bu şəhər və kəndlər salınarkən ətraf mühitlə uyğunluğa xüsusi önəm verilir. Bundan əlavə, Qarabağda son 5 ildə təkcə yaşayış məntəqələri deyil, geniş infrastruktur layihələri də həyata keçirilib. Regionda 72 kilometrlik tunel, 435 körpü və 3 beynəlxalq hava limanı inşa olunub. Bu, həqiqətən də rekord göstəricidir.

Prezident çıxışında onu da vurğuladı ki, rəhbərlər və idarəçilər sürətli və düzgün qərarlar qəbul etməli, insanların daha yaxşı yaşaması üçün lazım olan addımları vaxtında atmalıdırlar. Azərbaycanın son 5 ildə həyata keçirdiyi şəhərsalma layihələri bu gün dünya üçün nümunə hesab olunur. Prezident İlham Əliyev də açılış nitqində forum iştirakçılarının bu layihələri yerində görmək imkanının olduğunu xüsusi qeyd etdi”.

Keçmiş səfirin sözlərinə görə, Azərbaycan bu foruma ev sahibliyi etməklə çox önəmli qazanclar əldə edəcək:

“Bunlardan ən önəmlisi BMT ilə əməkdaşlığın daha da güclənməsi və Azərbaycanın beynəlxalq etimad qazanmasıdır. Eyni zamanda ölkəmiz siyasi, ticarət, mədəni və turizm potensialını dünyaya nümayiş etdirir. Azərbaycan şəhərsalma və ətraf mühit məsələlərinə verdiyi önəmi bir daha göstərmiş oldu. Son illərdə həyata keçirilən layihələr dünya üçün nümunə kimi təqdim edildi. Nəticə etibarilə konfrans yüksək səviyyədə və uğurlu şəkildə davam edir. Mükəmməl təşkilatçılıq iştirakçılar tərəfindən də xüsusi rəğbətlə qarşılanır. Can Azərbaycanın uğurlarını təbrik edirəm”.

hluisi.jpg (283 KB)


Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR