ABŞ Prezidenti Donald Tramp “Politico”ya müsahibəsində Ukraynada yeni prezident seçkilərinin keçirilməsinin vacibliyini bəyan edib. O, müharibə şəraitini seçkilərdən yayınmaq üçün bəhanə adlandırıb.
“Ukrayna xalqı qərar verməlidir. Bəlkə də Zelenski qalib gələrdi, bilmirəm. Amma uzun müddətdir seçki keçirilmir. Demokratiyadan danışırlar, amma artıq bunun demokratiya olmadığı görünür”, - Ağ Ev lideri söyləyib.
Ukrayna Prezidenti Volodimir Zelenski isə cavab olaraq bildirib ki, seçki keçirməyə hazırdır. Halbuki az əvvəl müharibə bitdikdən sonra prezident postunu tərk etməyə hazır olduğunu vurğulamışdı. Ukrayna liderinin sözlərinə görə, onun əsas hədəfi növbəti seçkilərdə iştirak etmək deyil, müharibəni başa çatdırmaqdır.
Siyasi şərhçi Asim Nəsirov Musavat.com-a deyib ki, seçki məsələsinin müzakirəsi müharibənin yaratdığı kritik siyasi məqamla bağlıdır: “Zelenski həm daxildə, həm də beynəlxalq arenada legitimlik mövqeyini möhkəmləndirməyə çalışsa da, real seçki keçirmək üçün tələb olunan təhlükəsizlik şərtləri hələ formalaşmayıb. Milyonlarla ukraynalının ölkədən kənarda olması, cəbhə xəttinə yaxın bölgələrdə səsvermə infrastrukturunun olmaması və davam edən raket hücumları seçkilərin təşkilini ciddi şəkildə məhdudlaşdırır. Buna baxmayaraq Zelenski seçkiyə hazır olduqlarını bəyan etməklə, həm Trampın ittihamlarına cavab vermək, həm də Qərb dövlətlərinə Ukraynanın demokratik proseslərə sadiqliyini göstərmək istəyir”.
Onun fikrincə, Avropa ölkələrinin çoxu tələsik seçkilərin əleyhinədir, bunun Ukraynanı zəiflədə biləcəyini düşünür: “Tramp administrasiyası isə seçki prosesini müharibənin tez bitməsi üçün siyasi təzyiq aləti kimi görür. Nəticədə seçki məsələsi Ukraynanın daxili siyasi gündəmindən çıxaraq böyük güclərin Ukrayna üzərindəki strateji mübarizəsinin bir elementinə çevrilib. Hazırkı vəziyyət göstərir ki, seçkilərin keçirilməsi real təhlükəsizlik təminatları formalaşmadan mümkün deyil və bu məsələ yaxın aylarda həm Kiyevin, həm də Qərbin geosiyasi qərarlarında mühüm rol oynayacaq”.
Şahanə Rəhimli
Musavat.com






