Məlum olduğu kimi Prezident İlham Əliyev Slovakiya Respublikasına rəsmi dövlət səfəri çərçivəsində mühüm görüşlər keçirir. Dövlət başçısının bu səfəri Azərbaycan-Slovakiya münasibətlərinin yeni mərhələyə keçməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Səfər çərçivəsində Prezident İlham Əliyev dekabrın 8-də Slovakiyanın Prezidenti Peter Pelleqrini ilə görüşüb. Təkbətək və geniş tərkibdə aparılan danışıqlarda xüsusilə neft və enerji resurslarının ixracı, enerji təhlükəsizliyi üzrə gələcək əməkdaşlıq istiqamətləri, həmçinin hərbi və hərbi-texniki sahədə tərəfdaşlığın gücləndirilməsi gündəmin əsas mövzuları sırasında yer alıb.
Prezidentlər Azərbaycan-Slovakiya əlaqələrinin dostluq və etimad üzərində qurulduğunu, 2024-cü ildə imzalanmış Strateji Tərəfdaşlıq Bəyannaməsinin isə münasibətləri ən yüksək səviyyəyə qaldırdığını vurğulayıblar. Slovakiya Prezidenti bu səfəri Azərbaycan Prezidentinin ölkəsinə ilk rəsmi səfəri kimi tarixi hadisə adlandırıb.
Səfər çərçivəsində İlham Əliyev həmçinin Slovakiya Milli Şurasının sədri ilə görüş keçirib. Parlamentlərarası münasibətlər, qanunvericilik sahəsində əməkdaşlıq və iki ölkənin siyasi dialoqunun institusional səviyyədə dərinləşdirilməsi müzakirə olunub.
Bəs Slovakiya-Azərbaycan əməkdaşlığı nələr vəd edir? Prezident İlham Əliyevin Bratislava səfəri hansı real perspektivləri açır?
Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Musavat.com-a danışıb.
![]()
Politoloq qeyd edib ki, Azərbaycan Slovakiya ilə müdafiə sahəsində əməkdaşlığı genişləndirmək istəyir:
"Azərbaycan Slovakiyadan avtomatik artilleriya sistemləri alacaq. Azərbaycanla Slovakiya birlikdə istehsal etdikləri hərbi-texniki məhsulları üçüncü ölkələrə satmağı planlaşdırır. İlham Əliyevin “bizim perspektivli əməkdaşlıq sahəmiz müdafiə sənayesi sahəsidir” cümləsi də bundan xəbər verir. Azərbaycan Prezidenti məbtuata bəyanatında bunları dedi: “Biz bu sahədə əməkdaşlığı sənayenin inkişafı nöqteyi-nəzərindən görürük. Biz müharibə aparmaq fikrində deyilik. Bizim üçün müharibələr artıq keçmişdə qalıb. Sadəcə, burada bir sinerjinin yaradılması, Slovakiya texnologiyaları ilə Azərbaycanın maliyyə imkanlarını birləşdirərək yeni məhsulların istehsalı dünya bazarları üçün də maraqlı ola bilər. Həm də bu, texnoloji inkişafın da bir rolu olaraq bizə böyük faydalar verəcək. Biz bu istiqamətdə konkret layihələr üzərində çalışırıq”.
Elxan Şahinoğlu həmçinin vurğulayıb ki, Slovakiya Azərbaycanla enerji sahəsində əməkdaşlığı genişləndirmək istəyir:
"Azərbaycan 2024-cü ilin dekabrından Slovakiyaya qaz tədarük edir. Azərbaycan Slovakiya ilə data mərkəzlərinin yaradılması sahəsində də əməkdaşlıq etmək istəyir. Azərbaycan və Slovakiya şirkətlərinin bu sahədə əməkdaşlıq imkanları müzakirə olunub. Azərbaycanda istifadə olunmayan enerji potensialı təxminən 2 giqavata bərabərdir. Növbəti 5 il ərzində bu, 8 giqavata çatdırılacaq. Süni intellekt və data mərkəzlərinin fəaliyyəti üçün enerji mənbəyi əsas faktorlardan biridir. Buna görə də Azərbaycanda beynəlxalq data mərkəzlərinin habının yaradılması planlaşdırılır.
Onu da qeyd edim ki, Slovakiya şirkətinin Qarabağ bölgəsində “ağıllı kənd” inşa etməsi Azərbaycanda müsbət qiymətləndirilib".
Xalidə Gəray
Musavat.com






