İnsanlara hürriyət, millətlərə istiqlal!

Brüssel və Parisin əsl məqsədi – Casus şəbəkəsi ilə bağlı ifşa

510 18.02.2026 14:26 Gündəm A A

Xəbər verdiyimiz kimi, Avropa İttifaqı Şurası fevralın 17-də Satu Koyvunu Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının yeni rəhbəri təyin edib.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.

Açıqlanan məlumatda deyilir ki, 2023-cü ilin 20 fevralından bu postda fəaliyyət göstərən Markus Ritteri əvəzləyəcək Koyvu öz vəzifəsinin icrasına fevralın 20-də başlayacaq.

Aİ-nin missiyası öz fəaliyyətinə 20 fevral 2023-cü ildə başlayıb. 2025-ci ilin 30 yanvarında isə qurum Ermənistandakı missiyanın mandatını iki il müddətinə - 19 fevral 2027-ci ilə qədər uzadıb. Bu da Azərbaycanın haqlı narazılığına səbəb olub. Azərbaycan hesab edir ki, bu missiya əslində casus şəbəkəsidir və onun bölgədə mövcudluğu gərginliyi artıra bilər.

Ermənistandakı missiyanın rəhbərini yeniləyən Aİ-nin son qərarı ondan xəbər verir ki, təşkilat casus şəbəkəsini bölgədən çıxarmaq fikrində deyil.

Bəs Aİ-nin müşahidə missiyası - casus şəbəkəsini Ermənistanda saxlamaqda məqsədi nədir?

Bakı dəfələrlə xəbərdar edib, İrəvan isə reaksiya vermir. Əksinə, Armen Qriqoryan bir müddət öncə bu missiyanın mövcudluğunun ölkəsi üçün faydalarından bəhs edib. Sərhəd komissiyaları görüşür, qarşılıqlı səfərlər həyata keçirilir, ticarət əlaqələrinə başlanılıb. Belə olduğu halda, Aİ şərti sərhədlərdə nə axtarır?

TURAL SON.jpg (349 KB)

Siyasi şərhçi Tural İsmayılov Musavat.com-a açıqlamasında bildirib ki, Avropa İttifaqının (Aİ) Ermənistandakı monitorinq missiyasının rəhbərini yeniləməsi və fəaliyyət müddətini uzatmaq istiqamətindəki inadı Brüsselin Cənubi Qafqaza dair “uzaqmənzilli” planlarının növbəti təsdiqidir:

“Bakının dəfələrlə bu missiyanın regionda gərginliyi artırdığına dair rəsmi və sərt xəbərdarlıqlarına rəğmən, Aİ-nin şərti sərhədlərdə “binokl diplomatiyası”nı davam etdirməsi artıq sadə bir müşahidə deyil, açıq geosiyasi müdaxilə xarakteri daşıyır. Bakı və İrəvan arasında birbaşa dialoq kanallarının açıldığı, sərhəd komissiyalarının konstruktiv görüşdüyü və qarşılıqlı etimad mühitinin yarandığı bir mərhələdə Brüsselin bu “casus şəbəkəsi”ni israrla saxlaması ciddi suallar doğurur: sərhəddə sülhün konturları cızılarkən Avropa orada nə axtarır?”

Ekspert əmindir ki, burada əsas məqsəd heç də Ermənistanın təhlükəsizliyi deyil:

“Brüssel və onun arxasındakı əsas oyunçu olan Paris bu missiya vasitəsilə regionda hərbi-kəşfiyyat bazası formalaşdırmağa çalışır. Sərhədlərin delimitasiyası prosesi artıq ikitərəfli formatda öz bəhrəsini verdiyi halda kənar bir “müşahidəçi”nin orada olması sadəcə suların bulandırılmasına xidmət edir. Görünən odur ki, Aİ-nin “mülki” adı altındakı missiyası regionda sülhün memarı yox, xarici kəşfiyyatın gözü funksiyasını yerinə yetirir”.

Tural İsmayılov xatırladıb ki, Azərbaycanın strateji mövqeyi dəyişməzdir:

“Regionun problemləri regionda həll olunmalıdır. Kənardan gətirilən hər bir “missiya” sülh sazişinə gedən yolu uzatmaqdan başqa bir şey deyil”.

ELŞAD,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR