Avropa İttifaqının diplomatik strukturlarında başlanan son axtarışlar və həbslər Brüsselin illərdir “etik dəyərlər” kimi dünyaya sırıdığı mifləri yerlə-yeksan etdi. Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) keçmiş rəhbəri Federika Moqerini və qurumun sabiq baş katibi Stefano Sanninonun saxlanılması son 26 ilin ən böyük korrupsiya qalmaqalı kimi qiymətləndirilir. “Politico” yazır ki, bu işin miqyası yalnız 1999-cu ildə Jak Santer Komissiyasının fırıldaqçılıq ittihamları ilə kütləvi istefası ilə müqayisə oluna bilər.
Belçika polisi və Avropa Baş Prokurorluğunun EEAS-ın Brüssel qərargahında, Avropa Kollecində və bir neçə şəxsi ünvanda eyni vaxtda keçirdiyi əməliyyatlar Avropa diplomatiyasının iç üzünü açıb. Axtarışlar zamanı sənədlər, elektron məlumatlar və tender materialları müsadirə edilib. İlkin məlumata görə, EEAS əməkdaşları 2021-ci ildə gənc diplomatlar üçün nəzərdə tutulan 10 aylıq təlim proqramının tender meyarlarını qanunsuz şəkildə Avropa Kollecinə ötürüblər. Məhz bu tender əsasında Kollec 654 min avro vəsait əldə edib.
Fırıldaqçılıq və korrupsiya şübhələri ilə üç nəfər saxlanılıb. Onların sırasında Avropa diplomatiyasının keçmiş rəhbəri Federika Moqerini və EEAS-ın sabiq baş katibi Stefano Sannino da var. Avropa mətbuatı yazır ki, istintaq genişləndikcə, prosesin əvvəlki yüksək vəzifəli rəsmilərə – o cümlədən Josep Borrellə qədər uzanması ehtimalı var. Çünki Moqerini və Borrell uzun illər eyni komandanın bir parçası olub və EEAS-da qərarların formalaşmasında bir-birinə bağlı strukturlar yaradıblar.
![]()
Brüsselin bu dəfəki sarsıntısı tək deyil. Avropa İttifaqını son illərin ən biabırçı hadisələrindən biri – “Qətər qalmaqalı” da silkələmişdi. Avropa Parlamentinin vitse-prezidenti Eva Kaylinin evindən çamadanlarla nağd pul çıxması, ofislərdən tapılan milyonlar və lobbi pulları Aİ-nin demokratik institutlarının hansı həddə çürüdüyünü bütün dünyaya göstərmişdi. Kayli təkcə Qətərin yox, Mərakeş və başqa ölkələrin də maraqlarını pulla müdafiə edən şəbəkənin əsas siması idi.
Bu, Kaylinin adının hallandığı ilk rüşvət qalmaqalı da deyildi. O, 2021-ci ildə Avropa Parlamentinin adından Azərbaycan əleyhinə elan edilən, amma cəmi 33 deputatın imzaladığı bəyanatın hazırlanmasında xüsusi fəallıq göstərmişdi. Həmin 33 nəfərin hamısı Avropadakı “Ermənistanla dostluq qrupu”nun üzvləri idi və bəyanatın məzmunu erməni lobbilərinin diktəsi ilə hazırlanmışdı.
![]()
Məsuliyyətin ən böyük payı isə Avropa Parlamentinin hazırkı sədri Roberta Metsolanın dönəminə düşür. Metsola korrupsiyadan sarsılan parlamenti “islah edəcəyini” desə də, bu gün AP faktiki olaraq lobbi təşkilatlarının təsirindədir. Qapalı qruplar siyasi qərarları yönləndirir, ictimai nəzarət isə tam formal xarakter daşıyır. Avropa Parlamentinin artıq seçiciləri təmsil edən qurum yox, böyük maliyyə qruplarının tribunasına çevrildiyi açıq-aşkar görünür.
![]()
Digər böyük qalmaqal 2022-ci ildə Avropa Xalq Partiyasının (EPP) Brüsseldəki qərargahına edilən basqınla ortaya çıxmışdı. Avropanın ən böyük siyasi fraksiyasının daxilində korrupsiya faktları üzə çıxarılmış, bir neçə deputat saxlanmışdı. Bu fraksiyanın üzvləri arasında Roberta Metsola, Yunanıstan baş naziri Kiriakos Mitsotakis, İsveçin baş naziri Ulf Kristersson kimi nüfuzlu siyasətçilər var. Bu fakt korrupsiyanın artıq ayrıca şəxslərlə məhdudlaşmadığını, partiya səviyyəsində sistemləşdiyini göstərirdi.
2023-cü ildə isə Avropa Parlamentinin keçmiş üzvü Pier Antonio Panzerinin dörd il ərzində Qətər, Mərakeş və Mavritaniyanın sifarişləri ilə Avropa İttifaqının qərarlarını manipulyasiya etdiyi faktlar üzə çıxmışdı. Panzerinin şəbəkəsi AP-nin strateji sənədlərinə pul müqabilində düzəlişlər etdirir, siyasi qərarları yönləndirirdi.
![]()
Bütün bu hadisələr fonunda, Moqerini qalmaqalı Aİ-də korrupsiyanın nə qədər dərinləşdiyini bir daha göstərir. 1999-cu ildə Jak Santer Komissiyası fırıldaqçılıq iddialarına görə istefa verməyə məcbur olmuşdu. O vaxtdan bəri Avropa İttifaqı “islahat” və “şəffaflıq” kimi anlayışlarla özünü təqdim etməyə çalışır. Amma 26 il sonra ortaya çıxan mənzərə göstərir ki, Brüsselin daxili strukturlarında çürümə daha da dərinləşib.
Avropa İttifaqı bu gün korrupsiya girdabında boğulan, lobbilərin diktəsi ilə idarə olunan, daxili prosesləri qapalı dairələrin nəzarətində olan bir sistemə çevrilib. Aİ-nin “dəyərlər” və “etik standartlar” iddiası real vəziyyətlə tam ziddiyyət təşkil edir. Moqerini işi isə bu çürümüş sistemin yalnız üzə çıxmış hissəsidir. Yeni həbslər, yeni ifşalar və yeni kütləvi istefalar artıq qaçılmaz görünür.
Şahanə Rəhimli
Musavat.com






