Avtomobil istehsalçısı Stellantis elektrik nasazlığı səbəbindən dünya üzrə 1 milyondan çox Jeep avtomobilini geri çağırdığını açıqlayıb. Şirkət təmir prosesi başa çatana qədər avtomobillərin binalardan və digər nəqliyyat vasitələrindən uzaqda saxlanılmasını tövsiyə edir.
Musavat.com xəbər verir ki, geri çağırma kampaniyası 2021–2025-ci il istehsalı olan Jeep Wrangler və Jeep Gladiator modellərini əhatə edir. Şirkətin açıqlamasına görə, problem elektrik-hidravlik sükan nasosunun naqil sistemində aşkarlanıb. Bu nasazlıq hissələrin həddindən artıq qızmasına və nəticədə yanğın riskinin yaranmasına səbəb ola bilər.
Məlumata görə, geri çağırma qərarı dünya üzrə ümumilikdə 1 milyon 76 min 999 avtomobili əhatə edir. Onların böyük hissəsi Şimali Amerikada yerləşsə də, Kanada, Meksika və digər ölkələrdəki avtomobillər də siyahıya daxildir.
Şirkət sözçüsü Frank Matyok risklərin qarşısını almaq üçün avtomobil sahiblərinə təmir işləri tamamlanana qədər maşınlarını qapalı qarajlarda, yaşayış binalarının yaxınlığında və ya digər avtomobillərin yanında saxlamamağı tövsiyə edib.
Stellantis nasazlığın aradan qaldırılması üçün texniki həll üzərində işlədiyini və lazımi proqramın iyul ayına qədər hazır olmasının planlaşdırıldığını bildirib. Daha sonra avtomobil sahiblərinə rəsmi bildiriş göndəriləcək və onlar səlahiyyətli servis mərkəzlərinə müraciət edərək avtomobillərini ödənişsiz təmir etdirə biləcəklər.
Hadisə son illərdə avtomobil sənayesində yanğın riski səbəbindən həyata keçirilən ən böyük geri çağırma kampaniyalarından biri hesab olunur.
Musavat.com






