Bu gün Azərbaycan teatr və kino sənətinin parlaq simalarından biri, Xalq artisti, mərhum aktyor Eldəniz Zeynalovun doğum günüdür. O, Azərbaycan tamaşaçısının yaddaşında həm dərin psixoloji rolların, həm də kəskin satirik obrazların ustası kimi əbədi iz qoyub.
Xatırladaq ki, Eldəniz Zeynalov 1937-ci il yanvarın 1-də dünyaya gəlib. Onun sənətə gəlişi təsadüfi olmayıb. Hələ məktəbli çağlarında dayısı, tanınmış sənət adamı Həsənağa Salayevin tövsiyəsi ilə Azərbaycan Dövlət Dram Teatrının səhnəsinə çıxaraq uşaq rollarında iştirak edib. Bu ilk addımlar gələcək böyük sənət yolunun bünövrəsini qoyub və Eldəniz Zeynalovun teatr mühitinə erkən yaşlardan bağlanmasına səbəb olub.
1956–1962-ci illərdə Teatr İnstitutunda aktyorluq təhsili alan Eldəniz Zeynalov artıq tələbəlik illərində istedadı ilə diqqət çəkməyə başlayıb. Onun kino sənətində ilk ciddi sınağı və uğuru rejissor Eldar Quliyevin “Bir cənub şəhərində” filmində baş rollardan birinə çəkilməsi olub. Bu rol gənc aktyorun geniş auditoriya tərəfindən tanınmasına və gələcək karyerasında yeni imkanların açılmasına zəmin yaradıb.
İnstitutu bitirdikdən sonra Eldəniz Zeynalov Akademik Dram Teatrında fəaliyyətə başlayıb. Onun səhnədə canlandırdığı ilk əsas obrazlardan biri Cəfər Cabbarlının “Sevil” tamaşasında Gündüz rolu olub.
Eldəniz Zeynalovun yaradıcılığı təkcə teatr səhnəsi ilə məhdudlaşmayıb. O, kino, televiziya və radio tamaşaları, eləcə də məşhur “Mozalan” satirik kinojurnalının onlarla süjetində yaratdığı obrazlarla geniş xalq sevgisi qazanıb.
Aktyorun sənət yolu Azərbaycanla yanaşı, xarici film studiyalarını da əhatə edib. O, “Dulsineya Tobosskaya” (Mosfilm) və “Təyyarələr enmədi” (Özbəkfilm) kimi filmlərdə çəkilərək milli aktyorluq məktəbini beynəlxalq müstəvidə də layiqincə təmsil edib.
Eldəniz Zeynalovun uzun illər ərzində göstərdiyi səmərəli və zəngin yaradıcılıq fəaliyyəti dövlət və sənət cameəsi tərəfindən yüksək qiymətləndirilib. 1974-cü ildə “Əməkdar artist”, 1999-cu ildə “Humay” mükafatı, 2000-ci ildə isə “Xalq artisti” fəxri adına layiq görülüb.
Xalq artisti 2001-ci il noyabrın 5-də dünyasını dəyişib və Yasamal qəbiristanlığında dəfn olunub. Onun vəfatı Azərbaycan mədəniyyəti üçün böyük itki olsa da, yaratdığı obrazlar, səhnədə və ekranda qoyduğu irs onu sənət tariximizdə daim yaşadır.
Eldəniz Zeynalovun şəxsi həyatı da sənətlə sıx bağlı olub. Onun ilk evliliyindən bir qızı, ikinci evliliyindən isə iki oğlu və bir qızı dünyaya gəlib. Oğullarından Məmməd Zeynalov aktyorluq, Elbrus Zeynalov isə rejissorluq sənətini seçərək atalarının yolunu davam etdiriblər. Təəssüf ki, Eldəniz Zeynalovun oğlu, aktyor Məmməd Zeynalov 2021-ci il dekabrın 25-də uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.
Xalidə Gəray,
Musavat.com






