CNBC Ağ Evə yaxın mənbələrə istinadən məlumat yayıb ki, ABŞ Venesuelaya qarşı sanksiyaların bir hissəsini ləğv etmək niyyətindədir. Mənbələr bildiriblər ki, razılaşma çərçivəsində Vaşinqtonun Karakasa qarşı sanksiyaları yumşaldılacaq.
Qeyd olunub ki, ABŞ lideri Donald Trampın daha əvvəl bəyan etdiyi kimi, Venesueladan ABŞ üçün 50 milyon barelədək neft tədarükü hələ başlanğıcdır. Neft satışları bundan sonra da qeyri-müəyyən müddətə davam edəcək.
Politoloq Kənan Novruzov Musavat.com-a açıqlamasında bunun gözlənilən olduğunu vurğulayıb:
“Venesueladakı əməliyyatdan və hakimiyyət çevrilişindən sonra Vaşinqton müəyyən mənada məqsədlərinə çatdı. Venesuela hakimiyyətinin ABŞ-yə satış üçün 50 milyon barelədək neft ötürməyə razılıq verməsi Trampın strateji qələbəsidir. ABŞ üçün uğur kimi qiymətləndirilə biləcək bu hadisədən sonra Venesuela ilə münasibətlərin yaxşılaşması, o cümlədən sanksiyaların yumşalması gözlənilən idi. Beləliklə, ABŞ artıq Venesuela hakimiyyətinin iradəsini qırıb. Bundan sonrakı mərhələdə diplomatiya işə düşəcək. Vaşinqton Karakasadan daha çox "qoparmağa" çalışacaq və buna uyğun olaraq təzyiqləri yumşaldacaq. Ancaq əvvəl də dediyimiz kimi, ABŞ nə Venesueladan, nə də özünün "neft ovu"ndan əl çəkəcək”.
Cavanşir ABBASLI
Musavat.com






