İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bu qaşığı 3 minə alıram...” – Sosial şəbəkələrdə artan elanların SƏBƏBİ bilindi

926 09.06.2026 16:48 Maraqlı A A

Sovet dövründən qalan gümüş dəstlər yenidən dövriyyəyə qayıdıb. Azərbaycanda və regionda həmin dövrdə geniş yayılmış gümüş qaşıqlar, çəngəl-bıçaq dəstləri, servis qabları hazırda yenidən bazara çıxarılır. Çox evdə saxlanılan bu əşyalar indi “antik metal ehtiyatı” kimi toplanır və əridilərək sənaye və ya zərgərlik sahəsinə yönləndirilir.

Son aylarda sosial şəbəkələrdə və elan platformalarında “gümüş qaşıq alıram”, “6–12 ədəd gümüş dəstinə 2500–3000 manat verirəm” kimi elanlar daha tez-tez görünür. Bu da insanların diqqətini və marağını çəkir. Sual yaranır: belə elanların çoxalmasının səbəbi nədir? Son aylarda gümüş və qızılın qiymətinin artması buna təsir edirmi, yoxsa başqa səbəblər var?

Mütəxəssislər bildirir ki, bütün elanlar real olmur. Bəzi hallarda əvvəl yüksək qiymət təklif olunur, sonra “əyar aşağıdır” deyərək qiymət endirilir, ya da ümumiyyətlə qeyri-real təkliflərlə diqqət cəlb edilir.

Bir neçə gün əvvəl COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin iyul fyuçerslərinin qiyməti də 0,06% artaraq 73,74 ABŞ dolları təşkil edib. Bu gün isə 0,93% azalaraq 67,95 ABŞ dollar olub.

Beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “O cür elanlar fərqli məqsədlərlə və müxtəlif istiqamətlərdə paylaşılır. Məndə olan məlumata görə, əksər hallarda həmin metalları alıb əridirlər. Çünki köhnə əşyaların tərkibində xalis qızıl və xalis gümüşün miqdarı daha çox olur. Müasir dövrdə istehsal olunan metallarda qatqılar çox olduğu üçün, köhnə əşyalardakı xam gümüşü əldə etmək məqsədilə onları alıb yenidən əridirlər.

Digər tərəfdən, bəzi hallarda həmin əşyaları bərpa edirlər, müəyyən yerlərini düzəldib cilalama edərək daha baha qiymətə satırlar. Yəni bu sahənin tamamilə fərqli bir istiqaməti də mövcuddur. Məsələn, hərənin bir hobbisi var. Hər kəs fərqli bir əşyanın kolleksioneridir. Mən özüm də köhnə pulları, dünya ölkələrinin valyutalarını toplayıram. Ola bilsin ki, həmin əşyaların satışı birbaşa kolleksionerlər üçün nəzərdə tutulub. Məsələn, mən özüm auksionlarda (hərraclarda) qədim gümüş qaşıqların satıldığını görmüşəm. Bu variant da tamamilə mümkündür”.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR