İnsanlara hürriyət, millətlərə istiqlal!

“Canavar” Volfoviçin “yol xəritəsi” – irticaçı imperialistin pis niyyətləri həyata keçirilir

2087 09.12.2025 12:00 Analitika A A

Rusiyalı siyasətçi Vladimir Jirinovskini sağlığında Kremlin qeyri-leqal sözçüsü, rus nasizminin ideoloqu hesab edirdilər.

Bu, düzgün təsbit idi. Adamın partiyasının adında “liberal-demokrat” ünvanı olsa da, onun siyasi xəttində nə liberalizmdən, nə də demokratlıqdan əsər-əlamət yox idi.

Jirinovski qatı imperialist idi. Özü safqanlı rus olmasa da, rusların başqa millətlərin üstündə dominant hüquqları olması səfsəfəsinə ürəkdən inanırdı.

O, siyasət arenasına SSRİ-nin dağılmağa başladığı ərəfələrdə çıxmışdı, 1989-cu ildə Qorbaçovun start verdiyi demokratikləşmə dalğası üzərində, “yeni düşüncə” daşıyıcısı olaraq çıxmış, daha dəqiqi, çıxarılmışdı.

Yeni-yeni populyarlıq qazandığı ilk günlərdən ta son gününə qədər o, SSRİ-nin dağılmasına vaysınanların başında gəlirdi. Onu yandırıb-yaxın kommunist rejiminin süqut etməsi deyildi, Jirinovskinin “qəlbini parçalayan” azman imperiyanın sərhədlərinin kiçilməsi, 14 respublikanın Rusiyadan ayrılaraq müstəqil dövlətə çevrilməsi idi.

Bu günlərdə onun azı 34 il öncəyə aid yeni videosu yayılıb.

Onu da qeyd edək ki, Jirinovskinin belə videoları çoxdur. Onun Rusiya dövlətinin keçmiş əzəmətini bərpa etməkdən başqa önəm verdiyi söhbəti yox idi. Hansı auditoriyada olursa, olsun, Volfoviç mütləq Rusiyanın hegemon dövlət olmaq haqqından danışır, qonşu dövlətlərə qarşı iddialar irəli sürür, Rusiyanı xor görən dövlətləri ağır zərbə vurmaqla hədələyirdi. O zaman onun bu cür çıxışları insanlara sərsəm mülahizələr kimi görünürdü, onun özünü “debil”, "kloun" adlandırırdılar.

O zamanlar Rusiya zəif idi, bir sürmə qarğı-qamışla öz başının milçəyini qoruya bilmirdi, hamı anlayırdı ki, SSRİ ərazisinin yenidən bərpası utopiyadan başqa bir şey deyil.

Jirinovski isə kirimədən danışırdı. Onun sözügedən videoçıxışına bugünkü prizmadan baxdıqda isə, artıq RLDP liderinin dedikləri cəfəngiyyat kimi görünmür, gələcək ərazi iddialarının, müharibələrin yol xəritəsi kimi görünür.

jirrr.jpeg (127 KB)

Diqqət edin, görün, Jirinovski SSRİ-nin dağıldığı ərəfədə nələr deyirmiş. Sitat: “Krım, Malorossiya, Novorossiya (Donbası nəzərdə tutur), bütün Cənub-Şərqi Ukryana, hamısı Rusiya torpaqlarıdır. Ona görə də əgər nə vaxtsa Ukraynanın müstəqilliyi məsələsi aktuallaşsa, bu, yalnız Ukraynanın 6 qərb vilayət çərçivəsində mümkün ola bilər. Bunlar Karpat, Lvov, Ternopol, İvano-Frankovsk, Volın, Rovnodur. Yalnız bu regionlar. Paytaxt Lvov olacaq, sərhəddə Polşa qoşunları dayanacaq. Ukraynanı bax belə bir müstəqillik gözləyir. Cənub-şərqdəki torpaqlar isə Rusiyaya keçəcək. Krımı ruslar azad ediblər, fəth ediblər, mədəniləşdiriblər, ukraynalılar heç nə etmyiblər. Rus ordusu qanını axıda-axıda, dünyanın ən güclü ordusuna malik türk imperiyasını 300 il ərzində darmadağın edib, Krımı alıb. O zaman ukraynalılar, Ukrayna alayları hardaydılar? Ümumiyyətlə, Ukrayna nə deməkdir? Bu, rus sözüdür. Rusiyanın kənarı deməkdir”.

Bu gün Ukrayna ətrafında gedən hərbi-siyasi oyunlara diqqət edəndə əmin olursan ki, hazırda Rusiyanı idarə edənlər məhz Jirinovski kimi düşünür, Ukraynanı yalnız qərb hissəsindəki 6 əyalətə sıxışdırmaq istəyirlər. Kreml artıq Jirinovskinin dediklərinin bir çoxunu həyata keçirib: Krımı, Donbası de-fakto Ukraynadan qoparıb, hazırda ABŞ-nin köməyi ilə yerdə qalan şərq vilayətlərini əldə etməyə çalışır.

Ən pisi odur ki, canavar ağızlı Volfoviç bu cür ifadələri təkcə Ukraynaya qarşı işlətmirdi, o vaxtaşırı olaraq, Qafqaz və Orta Asiya respublikalarının “fəth edildiyini”, oraların rus torpağına çevrildiyini, bu regionlarda yaşayan aborigen xalqların Rusiyanın hesabına uyqarlaşdırıldığını iddia edirdi.

Krımı 300 il ərzində Osmanlı imperiyasından qanla, silahla qoparmağın şücaət olduğunu bəyan edən rus nasisti Qafqazın da 200 il əvvəl Qacar dövlətindən qoparılmasını legitim nailiyyət sayırdı.

Bəs bu ölkələrdə yaşayan xalqlar nə düşünür, necə yaşamaq istəyir - bunun bu kimi imperialistlərə dəxli yox idi və yoxdur. Onlar qollarına qolay gələn xalqların istiqlal haqqını tanımır, əbədi müstəmləkə olmalarını, istismara, köləliyə vərdiş etmələrini, bununla barışmalarını lazım bilirlər.

Bu yayılan video, eləcə də günümüzdə baş verənlər bir daha göstərir ki, postsovet məkanında yaşayan ölkələr rus ekspansiyasından birdəfəlik can qurtardıqlarını zənn edərkən bir qədər yanılıblar. Hələ milli azadlıq uğrunda bir müddət də mübarizə getməlidir.

Jirinovski 2022-ci ilin aprelində, pis niyyətlərinin Kreml tərəfindən gerçəkləşdirilməsi prosesinin başlanmasından 40+ gün sonra ölüb-gedib, amma rus imperializmi yaşayır və hələ indi-indi dişlərini daha bərk qıcayır.

Araz Altaylı, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR