İnsanlara hürriyət, millətlərə istiqlal!

Cəhrililərin Bakıda “qəbiristanlıq müharibəsi” - 80-dən çox mərhumun qəbirlərdən çıxarılması gündəmdə

3406 06.12.2025 15:00 Ölkə A A

Abşeron rayonunun Məhəmmədi kəndində illərdir çozülməyən bir münaqişə var. Bu, adi məişət davası deyil. Söhbət 2,5 hektarlıq torpaqdan qəbristanlıq olaraq istifadə olunması və bu zəmində yaranmış münaqişədən gedir.

Musavat.com-a müraciət edən bir qrup Cəhri sakini problemin yaranma tarixini danışıblar. Deyiblər ki, Naxçıvanın Cəhri kəndindən paytaxta köçmüş yüzlərlə ailə Bakıda rəhmətə getmiş yaxınlarını kilometrlərlə uzağa aparmaq, sərhəd keçmək və s problemlərdən yan keçmək üçün məsləhətləşmə aparıblar.

Pul yığdılar, qəbir yeri aldılar

Qərara gəliblər ki, Bakı ətrafında torpaq alsınlar, yaxınları paytaxtda dəfn etsinlər. 2012-ci ildə 454 nəfər Cəhri sakini birləşib 75 min manat pul yığıb. Həmin pulla Məhəmmədi kəndində 2,5 hektar torpaq alınıb, ağsaqqalların qərarı ilə də Səxavət Əli oğlu Məmmədov torpağı Cəhri cəmiyyətinin adına rəsmiləşdirməli idi. Lakin o, torpağı öz adına rəsmiləşdirib. Hər şey qanuni prosedurla aparılıb, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən, Səhiyyə Nazirliyindən müvafiq icazələr alınıb, Abşeron İcra Hakimiyyəti də ərazidə qəbiristanlığın salınmasına müsbət rəy verib. Və bundan sonra ərazidən qəbiristanlıq kimi istifadə edilib. Ərazidə Bakıda yaşamış 3 körpə də daxil olmaqla 80 nəfərdən çox Cəhri sakini torpağa tapşırılıb. Camaat öz cibindən 133 min manatdan çox pul xərcləyib, əraziyə su çəkib, ağac əkib, sanitar qovşaq tikib, çardaq qurub. Bir sözlə, qəbirstanlıqda dəfn mərasimləri üçün şərait yaradılıb.
Amma indi…

İndi həmin torpaqda “qəbiristanlıq müharibəsi” başlayıb.

Qanuna görə qəbiristanlıqlar bələdiyyələrin mülkiyyətində olmalıdır. Bu halda bələdiyyələr mülkiyyətlərində olan torpaqda dəfn olunmuş şəxslərlə bağlı yaxınlarına arayış verə bilirlər.

Cəhri camaatının yığdığı vəsait hesabına alınan torpaq Məhəmmədi kəndi ərazisində yerləşməklə Səxavət Məmmədovun adına rəsmiləşdirilib. Qəbristanlıq konkret şəxsin mülkiyyətində yerləşdiyindən müvafiq arayış verilməsi də mümkünsüzdür. Bu baxımdan camaat torpağı Cəhri bələdiyyəsinin mülkiyyətinə verilməsi üçün təşəbbüs göstərib. Torpaq sənədi adına olan Səxavət Məmmədov camaatın ərazini Cəhri bələdiyyəsinin balansına keçirilməsi təklifi ilə razılaşmır. Deyir ki, torpaq mülkiyyət hüququnun Cəhri bələdiyyəsinin mülkiyyətinə verilib-verilməməsi onun hüququdur.

Çoxluq isə deyir ki, arqumentin arxasında torpağa sahiblənmək ehtimalı böyükdür.

Abşeron Rayon İcra Hakimiyyətinə üz tutuan Cəhri camaatı bildirirlər ki, qəbiristanlıq 12 ildir müvafiq icazə sənədləri əsasında fəaliyyət göstərir. Ərazidən məzarların köçürülməsi həm insanlıqdan, həm də din-dünyadan kənardır. İcra Hakimiyyətindən gözlənti də sadədir. Torpaq mübahisəsinə son qoyulması, qəbiristanlığın hüquqi statusu rəsmiləşməsi və ən başlıcası ölülərin ruhu, dirilərin hüququ tapdanmasının qarşısının alınması istənilir.

Buna baxmayaraq “qəbirstanlıq müharibəsi” səngimir, məhkəmə, polis araşdırmalarının mövzusu olub.

Səxavət Əli oğlu Məmmədov Abşeron rayon Məhkəməsinə “Torpaq sahəsindən qanunsuz istifadəyə, müdaxiləyə son qoyulması və məzarın köçürülməsi tələbinə dair iddia ərizəsi təqdim edib.

Həmin iddia ərizəsindən oxuyuruq:

-2,5 ha kənd təsərrüfatı (əkin) təyinatlı torpaq sahəsi bizim xüsusi mülkiyyətimizdədir. Biz könüllü olaraq mülkiyyətimizdə olan torpaq sahəsinin bir hissəsini kənd camaatının qəbiristanlıq ehtiyacını ödəmək məqsədilə kənd camaatının istifadəsinə vermişik. Cavabdehlər isə qanunsuz olaraq torpaq sahəmizin qəbiristanlıq üçün ayrılmayan hissəsində öz yaxın qohumlarını qayda və qanunları kobud şəkildə pozaraq dəfn etməklə, adət-ənənəmizdən istifadə edərək yaxın qohumları ziyarət adı ilə mütəmadi olaraq torpaq sahəmizə qanunsuz girib-çıxırlar. Bununla yanaşı cavabdehlər digər şəxslərin də yaxın qohumları vəfat etdikdə mülkiyyətimizdə olan torpaq sahəsində bizim icazəmiz, razılığımız olmadan dəfn etməyə dəvət edərək mülkiyyət hüquqlarımızı kobudca pozurlar. Mülkiyyət hüquqununun məhdudlaşdırılması yalnız qanunla müəyyən edilmiş hallarda mümkündür. Cavabdehlərin bizim torpağımızda dəfn prosesləri həyata keçirmələri qanunsuzdur və onlar öz yaxın qohumlarının məzarlarını bizə məxsus torpaq sahəsindən çıxarmalıdırlar. Qanuni qəbiristanlıq yalnız bələdiyyə tərəfindən ayrılmış torpaqda salına bilər. Lakin bizim torpaq sahəmiz bələdiyyənin balansında deyil, xüsusi mülkiyyətimizdədir. Üstəlik, bu qanunsuz dəfnlər sanitariya-epidemioloji qaydaların da pozulmasına gətirib çıxara bilər. Qaydalara 25-ci bəndinə görə, belə hallarda qanunsuz dəfnlər ekhumasiya(meyitlərin qəbirdən çıxarılması – E.M) edilməli və dövlət qeydiyyatında olan qəbiristanlıqlara köçürülməlidir.

Bu qərar da “qəbiristanlıq müharibəsi”ni sonlandırmayıb!

Cəhri camaatı isə iddianı qəti şəkildə təkzib edirlər. Deyirlər ki, 12 il əvvəlki ağsaqqal yığıncaqlarını, protokolları, toplanmış pulları, verilən qərarlara istinadla deyirlər ki, torpaq ümumi vəsaitə alınıb, sadəcə Saxavət Məmmədovun adına rəsmiləşib. Onların əlində 2012-ci ildə keçirilmiş yığıncaqların protokolları, vəsait toplama qaydaları, ağsaqqalların imzaları var. Hətta 26 fevral 2024-cü ildə keçirilmiş son iclasda camaat məsələni öz içində razılaşdırmaq üçün belə qərar verilib ki, hərəyə torpağın alınması üçün xərclədiyi vəsaitə uyğun dəfn üçün yer ayrılsın. Lakin bu qərar da “qəbiristanlıq müharibəsi”ni sonlandırmayıb.

Hazırda Bakının Məhəmmədi kəndində Cəhridən olan, qarşı-qarşıya duran tərəflər arasında çox acı bir reallıq yaşanır. Ortaya çıxan nəticə isə budur ki, artıq Azərbaycanda insanlar qəbir yeri uğrunda da mübarizə aparırlar.

Mövzuya qayıdacağıq.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR