İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp İrana vaxt verdi: “Gələn həftə hər şeyi məhv edəcəyik!”

938 15.07.2026 07:36 Dünya A A

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, əgər Tehran danışıqlar masasına oturmağa razı olmasa, Vaşinqton İranın "bütün körpülərini və elektrik stansiyalarını" məhv etməyə hazırdır.

Musavat.com xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə "Fox News" telekanalına müsahibəsində bildirib.

"Gələn həftə onlar üçün çox ağır olacaq, çünki növbəti həftə növbə elektrik stansiyalarına və körpülərə çatacaq. Əgər danışıqlar masasına əyləşməsələr, biz onların bütün elektrik stansiyalarını və körpülərini sıradan çıxaracağıq", - o deyib.

Ağ Ev rəhbəri ABŞ-nin İrandakı mülki əhaliyə qarşı "çox ehtiyatla davrandığını" vurğulayıb, ardınca isə xəbərdarlığını təkrarlayıb:

"Lakin mən dedim ki, (İran rəhbərliyinə) razılaşma əldə etsəniz, yaxşı olar. Əks təqdirdə, əlinizdə heç nə qalmayacaq".

Trampın sözlərinə görə, bu mesaj İrana onun nümayəndələri ilə Tehran arasında baş tutan sonuncu danışıq zamanı çatdırılıb. ABŞ lideri bu təmasın "təxminən bir saat əvvəl" baş verdiyini qeyd edib. İranın belə bir sazişə imza atacağına inanıb-inanmadığı barədə suala isə o, "Onlar bunu etməlidirlər. Amma edəcəklər, ya yox, bilmirəm", - deyə cavab verib.

Ağ Ev rəhbərinin fikrincə, ABŞ İrandakı hərbi əməliyyatlarda qarşıya qoyulan əsas hədəflərə artıq nail olub.

Müsahibə zamanı Trampa ünvanlanan "Yalnız hava zərbələri vasitəsilə əməliyyatın əsas məqsədlərinə – xüsusilə İranın hərbi potensialının zəiflədilməsinə, Hörmüz boğazında gəmilərin sərbəst hərəkətinin qorunub saxlanmasına və İranın heç vaxt nüvə silahı əldə edə bilməməsinin təmin olunmasına nail olmaq mümkündürmü?" sualına ABŞ lideri belə cavab verib:

"Hesab edirəm ki, bu hədəflərə artıq nail olunub".

Donald Tramp həmçinin əlavə edib ki, İran ABŞ-la mübarizədə "böyük boksçulara" xas olan xüsusiyyətlər nümayiş etdirir:

"Onlar olduqca zəifləyiblər, lakin müqavimət göstərmək iradələri hələ də qalmaqdadır. Bu, böyük bir boksçu ilə döyüşə bənzəyir: sənə elə gəlir ki, ona qalib gəlmisən, lakin o, qəfildən ayağa qalxaraq sənə zərbə endirir".

Bununla yanaşı, Tramp İran rəhbərliyinin nüvə silahı əldə etməyə çalışmadıqları barədə bəyanatlarına inanmadığını vurğulayıb: "Onlar yalan danışırlar, özü də ümumiyyətlə hər mövzuda yalan danışırlar".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR