Aralıq dənizinin ən həssas nöqtələrindən biri olan Kiprdə hərbi-siyasi balansları kökündən dəyişəcək gözlənilməz gəlişmə yaşanır.
Musavat.com xəbər verir ki, Kipr Respublikasının Prezidenti ölkəsinin Şimali Atlantika Alyansına (NATO) üzv olmaq üçün rəsmi hazırlıqlara başladığını sensasiyalı şəkildə bəyan edib. Dövlət başçısı bu addımın sadəcə bir istək deyil, Kipr üçün strateji bir hədəf olduğunu vurğulayıb.
Prezident öz bəyanatında rəsmi müraciətin göndəriləcəyi anın xüsusi dəqiqliklə seçiləcəyini qeyd edib: "NATO-ya daxil olmaq bizim canatımımız və əsas məqsədimizdir. Biz sadəcə istəyirik ki, öz marağımızı rəsmən ifadə etdiyimiz an bunun nəticəsi mütləq şəkildə müsbət olsun. Belə bir inkişaf üçün hələlik tam siyasi şərait yaranmasa da, biz digər mərhələlərdə ciddi hazırlıq işləri aparırıq. Çünki söhbət təkcə üzvlük üçün ərizə verməkdən getmir. Bunun üçün inzibati, operativ və bir çox digər sahələrdə tam hazır olmaq lazımdır. Və biz artıq bu genişmiqyaslı hazırlıqlara başlamışıq". Kiprin bu gözlənilməz və cəsarətli NATO həmləsinin regionda, xüsusilə də Türkiyə və Yunanıstan arasında yeni gərginlik dalğası yaradacağı gözlənilir.
Musavat.com






