Yanvarın 19-u Moldova hökuməti MDB-də üzvlüyün hüquqi əsasını təşkil edən əsas üç sazişdən imtina etmək üçün proseduru rəsmi olaraq başladığını elan edib. Bu sazişlər arasında -MDB-nin Nizamnaməsi və 1991-ci ildə təşkil olunmasına dair əsas sənədlər var.
Xarici işlər naziri Mihai Popşoi bildirib ki, bu sazişlərin ləğvi Moldovanın rəsmi məzmunlu üzvlüyünü sona çatdıracaq. Ölkə artıq MDB daxilində fəaliyyətini praktik olaraq uzun müddətdir dayandırmışdı, lakin hüquqi baxımdan hələ də üzv idi.Sənədlər parlamentə məruzə ediləcək və fevral ortalarına qədər ratifikasiya olunacağı gözlənilir.
Maraqlıdır ki, yanvarın 19-da Müstəqil Dövlətlər Birliyinin (MDB) rəsmi simvolikasının – emblemi və bayrağının qəbul edilməsinin 30 ili tamam olub.

Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, 1994-cü ilin fevral ayında MDB-nin bayrağı və embleminin layihələrinin hazırlanması üçün müsabiqə elan edilib. Müsabiqənin şərtlərinə əsasən, təqdim edilən simvollar Birliyə üzv dövlətlərin heraldikasını təkrarlamamalı və digər beynəlxalq təşkilatların simvolikasından fərqlənməli idi. MDB-nin bayrağı və emblemi bərabərhüquqlu tərəfdaşlığa, birliyə, sülhə və sabitliyə çağırış ideyasını ifadə etməli, millətlərarası münasibətlərin universal rəmzi olmalı idi. Yeni simvolların birləşdirici xarakter daşıması və hər bir dövlətə münasibətdə neytral olması nəzərdə tutulurdu.

Müsabiqəyə yüzdən artıq eskiz təqdim edilsə də, MDB-yə üzv dövlətlərin başçıları hazırkı emblem və bayrağa üstünlük vermişlər. Qalib eskizlərin müəllifi rəssam Aleksandr Qriqoryev olub. O, hazırda Sankt-Peterburq Dövlət Sənaye Texnologiyaları və Dizayn Universitetinin dekorativ-tətbiqi incəsənət və xalq sənətləri kafedrasının dosentidir, Rusiya Dizaynerlər İttifaqının üzvüdür.
Qriqoryevin işi həm lakonik, maksimal dərəcədə neytral, eyni zamanda konkret xarakter daşıyırdı. Burada müxtəlif milli mədəniyyətlərin və ya dini simvolların süni şəkildə birləşdirilməsi yoxdur. Parlaq mavi və ağ rənglər tarixən saflığı və niyyətlərin ucalığını, mənəvi yüksəlişi və ruhani dəyərləri simvolizə etmişdir. Mərkəzdə yerləşən qızılı dairə xalqların dəyişməz dəyərlərinin rəmzi, istilik və işıq simvolu kimi düşünülmüşdü. O, həmçinin istənilən mübahisə və fikir ayrılığı zamanı “qızıl orta” anlayışını da ifadə edirdi.
1994-cü il aprelin 15-də Birliyin Dövlət Başçıları Şurası təqdim olunan bayraq və emblem layihələrinin MDB-nin vahid rəsmi simvolikası kimi qəbul edilməsinə razılıq verdi. 1994-cü il oktyabrın 28-də MDB PA Şurasının qərarı ilə MDB-nin bayrağı və emblemi haqqında əsasnamələrin layihələri təsdiqlənmiş, daha sonra bu sənədlər rəy və təkliflərin təqdim edilməsi üçün üzv dövlətlərin parlamentlərinə göndərilmişdir.
1995-ci il mayın 13-də həmin sənədlər MDB Parlamentlərarası Assambleyasının qərarı ilə təsdiqlənmiş və Birliyin Dövlət Başçıları Şurasının baxışına təqdim edilmişdir. Onlar yekun olaraq 1996-cı il yanvarın 19-da MDB Dövlət Başçıları Şurasının qərarı ilə təsdiq edilmişdir.

Dövlətlərarası Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma Şurası 1997-ci il aprelin 25-də “Müstəqil Dövlətlər Birliyinin bayrağı” adlı 30470-97 saylı dövlətlərarası standartı (GOST) təsdiq etmişdir. Bu standartın lehinə 12 dövlət – Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan və Ukrayna səs vermişdir. Standartın bayrağın əsas parametrləri, ölçüləri, rəng çalarları və digər texniki tələblərlə bağlı müddəaları onun istehsalı zamanı məcburi xarakter daşıyır.
Hazırda MDB-nin bütün orqanlarının iclasları Birliyin rəsmi simvolikası altında keçirilir. MDB emblemini siyasətçilərin, iqtisadçıların, dövlət xadimlərinin, idmançıların, hərbçilərin və mədəniyyət nümayəndələrinin iştirakı ilə keçirilən əksər tədbirlərdə görmək mümkündür.
Musavat.com






