Ekvadorda yerli “Barselona” klubunun futbolçusu Mario Pineyda silahlı hücum nəticəsində həyat yoldaşı ilə birlikdə qətlə yetirilib.
Musavat.com xəbər verir ki, bu barədə dekabrın 17-də “Uno Entre Rios” nəşri məlumat yayıb.
Faciə ölkənin Quayakil şəhərində baş verib. 33 yaşlı müdafiəçi həyat yoldaşı ilə birlikdə Samanez rayonunda yerləşən ət dükanının yaxınlığında olarkən naməlum şəxslər tərəfindən atəşə tutulub.
Hücum zamanı cütlük çoxsaylı güllə yaraları alıb. Həkimlərin səylərinə baxmayaraq, futbolçunun və onun həyat yoldaşının həyatını xilas etmək mümkün olmayıb.
“Barcelona Sporting Club” dərin hüznlə bildirir ki, futbolçumuz Mario Pineyda sui-qəsd nəticəsində dünyasını dəyişib. Klub bu faciəli xəbəri rəsmi şəkildə təsdiqləyir”, - deyə klubun yaydığı açıqlamada qeyd olunub.
Komanda hadisənin klub və azarkeşləri üçün ağır zərbə olduğunu vurğulayıb.
Qeyd edək ki, Mario Pineyda daha əvvəl “İndependyente del Valye” klubunda çıxış edib, 2022-ci ildə isə icarə əsasında Braziliyanın “Fluminense” komandasında oynayıb. O, Ekvador millisinin heyətində 8 oyun keçirib və 2021-ci il Amerika Kubokunda iştirak edib.

Musavat.com






