ABŞ-da 2026-cı ildə keçiriləcək Konqres seçkilərindən sonra Demokratların üstünlük qazanacağı təqdirdə ABŞ prezidenti Donald Tramp barəsində impiçment prosedurunun başladılması mümkündür.
Musavat.com xəbər verir ki, bu barədə Respublikaçı Partiyanın üzvü, Nümayəndələr Palatasının spikeri Mayk Conson açıqlama verib.
Onun sözlərinə görə, respublikaçılar Konqresdə çoxluğu itirərsə, Demokratlar bu vəziyyətdən istifadə edərək prezidentə qarşı impiçment prosesinə start verəcəklər.
“Əgər biz çoxluğu itirsək, radikal solçular ABŞ prezidenti Donald Trampa qarşı impiçment prosedurunu işə salacaq və ölkədə tam xaos yaradacaqlar”, — deyə Mayk Conson bildirib.
Qeyd edək ki, Demokratlar daha əvvəl də Trampın prezidentliyi dövründə ona qarşı impiçment təşəbbüsləri irəli sürmüşdülər. 2026-cı il Konqres seçkiləri isə ABŞ-da siyasi balansın taleyini müəyyən edəcək əsas mərhələlərdən biri kimi qiymətləndirilir.
Musavat.com






