İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat Avropa Parlamentini İFŞA etdi – “Cinayətə şərik çıxanlar...”

989 01.05.2026 13:35 Gündəm A A

Avropa Parlamentinin Azərbaycana qarşı aprelin 30-da qəbul etdiyi qərəzli qətnamə Azərbaycan tərəfinin sərt cavab addımları atmasına səbəb olub. Xəbər verildiyi kimi, bu gün Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyunciç Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Səfirlə görüşdə Avropa Parlamenti (AP) tərəfindən 30 aprel tarixində qəbul edilmiş qətnamədə Azərbaycana qarşı yer almış əsassız və qərəzli müddəalar qəti şəkildə pislənib və bununla bağlı qarşı tərəfə etiraz notası təqdim edilib.

AP-nin təxribatçı qətnaməsi ilə bağlı məsələ bu gün Milli Məclisdə müzakirə olunub. AP-nin Azərbaycana qarşı qərəzli, təxribatçı fəaliyyətinə etiraz olaraq Milli Məclisin qərar layihəsinin hazırlanması üçün deputatlardan ibarət komissiya yaradılıb.

Aydın Hüseynov, Milli Məclisin deputatı

Deputat Aydın Hüseynov Musavat.com-a bildirib ki, Azərbaycanın narazılığı, sərt etirazı tamamilə haqlıdır və əsaslıdır: “Çünki Avropa Parlamenti Azərbaycana qarşı tamamilə absurd, heç bir əsaslandırması olmayan, beynəlxalq hüquqla ziddiyyət təşkil edən iddialardan ibarət qondarma qətnamə qəbul edib. Avropa Parlamentində ölkəmizə qarşı patoloji qərəzi və nifrəti olan, erməni diasporundan maliyyələşən korrupsiyaya bulaşmış deputatlar var. Onlar uzun illərdir, xüsusilə də ikinci Qarabağ müharibəsindən sonra Azərbaycana qarşı bütün gücləri ilə fəaliyyət göstərirlər. Bütün beynəlxalq hüquq normalarını, Azərbaycanın suveren hüquqlarını bir kənara qoyub qərəzli, qondarma sənədlər hazırlayırlar anti-Azərbaycan mövqeyində olan Avropa Parlamentində qətnamə adı ilə qəbul etdirirlər.

2021-ci ildən bəri Avropa Parlamenti müxtəlif bəhanələr altında Azərbaycana qarşı 13 qətnamə qəbul edib. Bütün bunlar həmin qurumun nə qədər qərəzli olduğunu sübut edir. Sonuncu qəbul etdikləri sənəddə də həmişə olduğu kimi reallıqlar təhrif edilir, obyektivlik prinsiplərinə, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət öhdəlikləri tamamilə pozulur. Avropa Parlamentinin bu cür yanaşma sərgiləməsi regionda normallaşma prosesinə, eləcə də Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin perspektivlərinə çox ciddi mənfi təsir göstərir”.

Deputat vurğulayıb ki, qətnamədə Qarabağ bölgəsinə erməni sakinlərin geri qayıdışı ilə bağlı irəli sürülən iddialar tamamilə əsassızdır: “Qondarma qətnamədə Azərbaycanın daxili işlərinə kobud müdaxilə xarakteri daşıyan iddialar yer alıb. 2023-cü ildə Azərbaycan Konstitusiyasına uyğun olaraq təqdim edilmiş reinteqrasiya planına baxmayaraq, erməni sakinlərin regionu könüllü əsasda tərk etdiyi bütün dünyanın gözü qarşısında baş verib. Lakin Avropa Parlamenti bu faktı açıq-aşkar görməzlikdən gəlir və qarayaxma ilə, böhtanla dolu iddialar irəli sürür.

Azərbaycan məhkəməsində cinayətləri sübuta yetirilmiş, cinayətlərini özləri etiraf etmiş erməni məhbusların "müharibə əsirləri" kimi təqdim edilməsi də tamamilə absurd iddiadır. Avropa Parlamenti insanlıq əleyhinə cinayət törətmiş cinayətkarları müdafiə etməklə cinayətə şərik çıxdığını da nümayiş etdirir. Qurum bu cür hərəkətləri ilə Avropa İttifaqına da ləkə gətirir, onun nüfuzuna zərbə vurmuş olur. Avropa Parlamenti eyni zamanda, Azərbaycanla Ermənistan arasında sülh prosesinə zərbə vurur. Ermənistan daxilində revanşist düşüncədə olan qüvvələri qızışdırır, onları həvəsləndirir”.

A.Hüseynov qeyd edib ki, Azərbaycanın torpaqları Ermənistanın işğalı altında olduğu illərdə Azərbaycanın tarixi, mədəni, dini abidələrinin, qəbirsanlıqların belə, darmadağın edilməsinə qarşı heç vaxt səsini çıxarmayan Avropa Parlamenti indi Qarabağda guya erməni “tarixi-mədəni irsinin” olduğu və dağıdıldığı barədə uydurmalar ifraz edir: “Avropa İttifaqı AP-nin patoloji xəstəliyə çevrilmiş anti-Azərbaycan mövqeyinə, təxribatlarına qarşı ədalətli mövqe ortaya qoymalıdır. Əks halda, Avropa İttifaqı ilə Azərbaycanın münasibətləri ciddi ziyan görəcək. O cür qətnamələr Azərbaycan üçün kağız parçasından başqa bir şey deyil. Azərbaycan müstəqil, güclü və haqq-ədalətə, beynəlxalq hüquqa söykənən dövlətdir. Hansısa qondarma qətnamələrlə Azərbaycana təsir göstərə biləcəklərini düşünənlər yanılırlar”.

Etibar Seyidağa,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR