Bu gün və sabah Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə ABŞ və Rusiya nümayəndələrinin, eləcə də Ukrayna tərəfinin iştirakı ilə keçiriləcək üçtərəfli görüşün əsas müzakirə mövzusu məlum olub. 3 ölkənin təmsilçiləri daha çox Donbasın taleyi ilə bağlı “baş sındıracaqlar”.
Ukrayna prezidenti Volodimir Zelenskinin görüşöncəsi açıqlamasından belə aydın olur. Onun sözlərinə görə, Donbas məsələsi görüşün əsas gündəmidir və bu məsələnin həlli münaqişənin sona çatması üçün ilk və ən vacib addım olacaq.
Heç şübhəsiz ki, Əbu-Dabidən çıxacaq qərarlar Donbasın taleyini, minlərlə insanın gələcək təhlükəsizliyini və Ukraynanın strateji mövqeyini müəyyən edəcək.
Müharibə bitəcəkmi, yoxsa yeni mərhələyə qədəm qoyacaq?

Siyasi təhlilçi Sona Əliyeva Musavat.com-a açıqlamasında bildirib ki, Ukrayna ərazi bütövlüyünün itirilməsi ilə barışa bilməz:
“Hətta Zelenski hakimiyyəti bununla bağlı hər hansı bir sənədə imza atarsa, o zaman Ukrayna xalqı hazırkı prezidenti başqası ilə əvəzləyəcək. Çünki “ox yaydan çıxıb”. Ortada milyondan çox itki və beş milyondan artıq köçkünün acı taleyi var. Artıq ABŞ da bunun fərqindədir.
Düşünürəm ki, Əbu-Dabidə hər hansı ərazi güzəşti danışıqlar mövzusu olmayacaq. Əslində Kremldən başqa hər hansı bir tərəfin belə istəyi yoxdur. Birləşmiş Ştatlar isə Rusiyaya son şans verəcək. Trampın Qrenlandiyanı almaq istəməsi də ora Rusiyaya qarşı nüvə raketlərini yerləşdirmək cəhdidir. Əslində Əbu-Dabiyə hər üç tərəf çantası dolu gedir.
Çox güman ki, danışıqlar gərgin keçəcək və bir neçə saat davam edəcək. Ukrayna Rusiyanı uzunmüddətli atəşkəsə razı salmağa çalışacaq. Rusiya isə Donbası birdəfəlik əlinə keçirmək üçün diplomatik masada açıq təhdid dili ilə danışacaq. ABŞ indi daha çox Ukraynanın yanında görünməyə çalışacaq. Tramp administrasiyası başa düşdü ki, Putinin nazı ilə oynamaq əbəsdir.
Üstəlik, Çin də getdikcə ABŞ üçün ciddi təhlükəyə çevrilir. Bu baxımdan Vaşinqton məsələni tez bir zamanda yekunlaşdıraraq Rusiyaya, daha sonra Çinə yönəltməyə çalışır. Əgər bu baş verməsə, ABŞ kəşfiyyatı Rusiyanın daxilində ikinci cəbhəni açmağa və vətəndaş savaşını körükləməyə cəhd göstərəcək.
Fikrimcə, Əbu-Dabi danışıqlarından sonra Ukrayna cəbhəsində vəziyyət daha da kəskinləşəcək. Müharibə yenidən Rusiyanın içərilərinə doğru dərinləşən xətlə irəliləyəcək. ABŞ istehsalı olan silahlarla Ukrayna Rusiyanın strateji neft-qaz anbarlarını hədəfə alacaq. Hətta Kurskun yenidən döyüş meydanına çevrilməsi ehtimalı da az deyil. Bir sözlə, Əbu-Dabi danışıqları növbəti diplomatik uğursuzluq sindromu kimi hər 3 ölkənin siyasi tarixinə düşəcək”.
Cavanşir ABBASLI
Musavat.com






