Qrenlandiya böhranı “indi hələlik sakitləşib” kimi görünə bilər. Amma hadisənin yaratdığı psixoloji effekt qalır: bir çox paytaxtlarda ABŞ-a əvvəlki kimi baxılmır. Davosda Kanadanın baş naziri Mark Karni “köhnə qaydalar sistemində qırılma”dan danışdı və “orta gücləri” bir araya gəlib yeni nizam qurmağa çağırdı. Ukrayna prezidenti Volodimir Zelenski isə Avropanın “itmiş” vəziyyətdən çıxıb ABŞ-dan asılı olmadan hərbi imkanlarını artırmalı olduğunu söylədi.
Bəs ABŞ, Çin və Rusiyadan kənarda qalan dövlətlər indi nə etməlidir? Müzakirənin ən sərt və ən real xəttini bir neçə ekspertin mövqeyi yaxşı göstərir.
Musavat.com xəbər verir ki, bunula bağlı tanınmış politoloq-ekspertlər maraqlı rəy və ehtimallar irəli sürürlər.
St. James’s Foreign Policy Group-un təsisçisi və keçmiş ukraynalı siyasətçi Aliona Hlivco hesab edir ki, Avropanın əsas problemi emosional reaksiya deyil, “praktiki çərçivə”nin yoxluğudur. Onun fikrincə, Avropa təhlükəsizlikdə, iqtisadiyyatda və enerjidə “strateji muxtariyyət”ə doğru konkret addımlar atmalıdır. Hlivco bir vacib detalı da vurğulayır: ittifaqın aşınmasını yalnız Vaşinqtonun üzərinə yıxmaq asandır, amma Avropanın illərlə müdafiə xərclərini azaltması və yük paylaşımını gecikdirməsi də bugünkü mənzərənin səbəblərindəndir. Yəni “Amerikaya incimək” yetmir — Avropa sakit, praqmatik şəkildə gücünü toplamalıdır.
Cato Institute-un analitiki Justin Loqan daha soyuq və sərt qənaətdədir: orta güclərin seçimləri məhduddur və onların böyük bir koalisiyada birləşməsi çox çətindir. Loqan Kanadanı nümunə çəkərək deyir ki, Ottava ABŞ-la həddən artıq qarşıdurmaya gedə bilməz; Polşa, Yaponiya, Braziliya kimi ölkələrin isə coğrafiya və iqtisadi maraqları tam fərqlidir. Ona görə də “orta güclər birləşsin” ideyası səslənməsi gözəl olsa da, praktikada hər kəs yenə öz təhlükəsini və öz manevr imkanını hesablayacaq.
ABŞ-ın Avropa məsələləri üzrə keçmiş yüksək vəzifəli diplomatı Daniel Frid Kanada baş naziri Karninin çıxışını emosional, amma əsaslı sayır: Avropa (və Kanada) hərbi imkanlarını artırmalı, “reaksiya vermək”dən çıxıb strateji düşünməlidir. Ancaq Frid üçün qırmızı xətt var: Çinə yaxınlaşmanı sırf qısa müddətli qazanc üçün “hesab kitab”a çevirmək təhlükəlidir. Onun yanaşmasında “orta güclərin alternativi” prinsiplərdən imtina edib avtoritar mərkəzlərlə tələsik ticarət deyil; daha doğrusu, demokratiyalar ABŞ-la mümkün olduqca işləməli, lazım olanda isə sərt şəkildə geri itələməlidir. Qrenlandiya epizodu Frid-in fikrincə bunu göstərir: “əks təzyiq + diplomatik kanal” birlikdə effekt verə bilər. O, bu kontekstdə NATO Baş katibi Mark Rüttenin Tramp ilə qurduğu xəttin rolunu ayrıca qeyd edir.
Carnegie Endowment-un proqram direktoru Stüart Patrick məsələyə daha geniş çərçivədən baxır. O, ABŞ-ın indiki kursunu “köhnə nizamın qatili və dəfn edən”i kimi təsvir edir və hesab edir ki, orta güclər nə ABŞ-la açıq savaş edə, nə də Çin hegemonyasını “əvəz” kimi qəbul etmək istəyir. Ona görə Patrick-in resepti “diplomatik portfeli şaxələndirməkdir”: yəni tək bir mərkəzdən asılı qalmamaq, BMT daxilində və kənarında elastik, mövzuyönlü koalisiyalar qurmaq — ticarət, iqlim, enerji təhlükəsizliyi kimi sahələrdə “dəyişkən tərkibli” birliklər yaratmaqdır.
Ottava Universitetinin professoru və keçmiş baş nazir Castin Trüdonun müşaviri Roland Paris mövqeyi daha “texniki” tərzdə formullaşdırır: ən təcili iş orta güclərin “yırtıcı böyük güclərin” iqtisadi təzyiqinə qarşı zəifliyini azaltmaqdır. Paris üç əsasa dayanan məntiqi təklif irəli sürür: 1)ticarət və təchizat zəncirlərini diversifikasiya etmək; 2) kəşfiyyat-müşahidə kimi sahələrdə öz hərbi imkanlarını böyütmək; 3) risk paylaşımı və kollektiv hərəkət üçün dayanıqlı koordinasiya vərdişləri yaratmaq. Parisin dili ilə desək, bunlar artıq seçim deyil — zərurətdir.
Bu beş mövqenin ortaq cəhəti budur: hamı “köhnə rahatlıq dövrü”nün bitdiyini hiss edir, amma çıxış yolu barədə eyni düşünmür. Bir tərəf Avropaya “öz ayağın üstə dayan” deyir, digər tərəf “blok romantikası”na inanmır, üçüncü xətt prinsipləri qorumağa çağırır, dördüncü “diplomatik portfel”i şaxələndirməyi, beşinci isə iqtisadi şantajdan qorunmağın mexanizmini təklif edir.
Musavat.com






