Bu gün Azərbaycan Uşaqlar Birliyinin sığınacağında toydur.
Musavat.com xəbər verir ki, sığınacağın gənc üzvü olan Səbinə adlı xanım Hüseyn adlı oğlanla ailə həyatı qurur.
Gəncləri müxtəlif insanlar təbrik edib. Onlardan biri də tanınmış müğənni Lətif Baharqızıdır.
Müğənni toya qatıla bilməsə də, əvvəlcədən gəlinin hədiyyələrini təqdim edib. O, bununla bağlı paylaşımında bildirib ki, özü də internatda böyüyüb və sığınacaqdakı uşaqlar onun ruhuna yaxındır:
“Səbinə, xoşbəxt ol. İnanıram ki, Kamalə Ağazadənin əməyini itirməyəcəksən. Biz də internatdakı anamız Mila ananı heç unutmadıq. Mən Kəmalə xanımı hər saniyə izləyirəm. Allah əziyyətinizi yerdə qoymasın.
Fədakar ana, bir daha gözləriniz aydın olsun. Hüseyn və Səbinə balalarımız xoşbəxt olsunlar. Kəmalə xanım, sizi hər görəndə internatda mənə və digər bacı- qardaşlarıma analıq edən Mila anamızı gözümün önündə canlandırıram. O, artıq bu həyatda yoxdur, amma bizim qəlbimizdədir. Bir ananın ən böyük mükafatı övladlarının sağlam, ağıllı, xoşbəxt və təhsilli olmağıdır”.
Xatırladaq ki, bundan əvvəl də sığınacaqda böyüyən Səma adlı gənc qız həmin müəssisədə çalışan Rüfət adlı gənclə ailə həyatı qurub. Onların bir oğul övladı var.
Şahanə Rəhimli
Musavat.com






