İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp illərlə Bakıda boş qalan səfir postuna niyə bu namizədi seçdi-mübahisələr böyüyür

680 08.06.2026 12:53 Dünya A A

ABŞ-ın Azərbaycana yeni səfir təyin etmək niyyəti ətrafında yaranan müzakirələr getdikcə daha ciddi suallar doğurur. İllərlə Bakıda səfir postunu boş saxlayan Vaşinqtonun indi ortaya erməni köklərinə malik olduğu bildirilən bir namizədi çıxarması təsadüfi görünmür. Bu, təkcə diplomatik prosedur məsələsi deyil, həm də regionun həssas siyasi reallıqları fonunda strateji və siyasi məna daşıyan bir addımdır.

Azərbaycan uzun illərdir Ermənistanın işğalçılıq siyasətinin, erməni lobbisinin beynəlxalq təzyiqlərinin və anti-Azərbaycan kampaniyalarının hədəfi olub. Belə bir şəraitdə erməni əsilli şəxsin ABŞ-ın Azərbaycandakı ən yüksək diplomatik nümayəndəsi postuna namizəd göstərilməsi istər-istəməz suallar yaradır.

Vaşinqton bununla nə mesaj vermək istəyir? ABŞ həqiqətənmi Cənubi Qafqazda balanslı siyasət yürütmək niyyətindədir, yoxsa yenidən erməni lobbi dairələrinin təsiri altında qərarlar qəbul edir?

"Azadlıq" radiosunun Ermənistan bürosunun yaydığı məlumatlar doğrudursa və namizədin erməni kökləri həqiqətən mövcuddursa, bu məsələ ciddi araşdırılmalıdır. Burada söhbət hansısa etnik mənsubiyyətə münasibətdən getmir. Söhbət maraqlar konfliktindən, mümkün təsir mexanizmlərindən və regionun təhlükəsizlik həssaslıqlarından gedir. Azərbaycan cəmiyyəti haqlı olaraq soruşur ki, ABŞ-da yüz minlərlə peşəkar diplomat olduğu halda, niyə məhz erməni əsilli bir şəxs Azərbaycana göndərilməlidir?

Xüsusilə nəzərə almaq lazımdır ki, erməni lobbisi uzun illərdir ABŞ siyasətinə təsir göstərmək üçün ciddi resurslar sərf edir. Bu lobbinin əsas məqsədlərindən biri Azərbaycan əleyhinə qərarların qəbul edilməsinə nail olmaq, regionda revanşist gündəmi diri saxlamaq və Ermənistanın maraqlarını Vaşinqtonun xarici siyasət prioritetlərinə çevirməkdir. Belə bir fonda erməni kökləri olan şəxsin Bakıya səfir göndərilməsi istər-istəməz şübhələri artırır və onun fəaliyyətinin nə dərəcədə obyektiv olacağı barədə suallar yaradır.

Əgər bu məlumatlar təsdiqini tapsa, ABŞ administrasiyası vəziyyətin yaratdığı siyasi və ictimai rezonansı nəzərə almalıdır. Çünki Azərbaycan üçün bu təyinat sıradan diplomatik qərar deyil. Bu, Vaşinqtonun Azərbaycana münasibətinin göstəricisi kimi qəbul ediləcək. ABŞ həqiqətən strateji tərəfdaşlıqdan danışırsa, qarşı tərəfdə etimad doğurmayan və əvvəlcədən mübahisə yaradan namizəd üzərində israr etməsi anlaşılmaz görünür.

Uzun illər səfir postunu boş saxladıqdan sonra Vaşinqtonun məhz belə bir namizədlə gündəmə gəlməsi Azərbaycan ictimaiyyətində narazılıq doğurur. ABŞ regionda etimadı möhkəmləndirmək istəyirsə, ilk növbədə tərəfsizlik görüntüsünü deyil, tərəfsizliyin özünü nümayiş etdirməlidir. Əks halda, bu təyinat diplomatik münasibətləri gücləndirmək əvəzinə yeni suallar və yeni gərginliklər yaradacaq.
Elnarə Akimova: “Onlayn tədris strateji dövlət refleksidir”

Milli Məclisin deputatı Elnarə Akimova Musavat.com-a dedi ki, ABŞ-ın Azərbaycana yeni səfir təyin etməsi ilə bağlı aparılan müzakirələrdə emosiyalardan daha çox faktlara və diplomatik praktikaya söykənmək vacibdir: “Beynəlxalq münasibətlərdə əsas məsələ diplomatın etnik mənsubiyyəti deyil, təmsil etdiyi dövlətin siyasəti və ona verilən mandatdır. Əgər irəli sürülən namizədlə bağlı doğrudan da hansısa ciddi hüquqi, siyasi və ya etik problem mövcud olsaydı, bu, ilk növbədə Azərbaycanın müvafiq dövlət qurumlarının diqqət mərkəzində olardı. Diplomatik təcrübədə qəbul edən dövlətin razılığı olmadan heç bir səfir fəaliyyətə başlaya bilməz. Məhz buna görə də hər hansı namizədlə bağlı narahatlıq yaranarsa, bu məsələ diplomatik kanallarla araşdırılır və qarşı tərəfin diqqətinə çatdırılır. Bu baxımdan müzakirələrin fərziyyələr deyil, rəsmi faktlar üzərində qurulması daha doğru yanaşmadır.

Digər mühüm məqam ondan ibarətdir ki, diplomatlar ilk növbədə öz dövlətlərinin maraqlarını təmsil edirlər. Onların ailə kökləri, etnik mənsubiyyətləri və ya şəxsi keçmişləri deyil, aldıqları siyasi tapşırıqlar və xidmət etdikləri dövlətin strateji xətti əsas rol oynayır. ABŞ-ın xarici siyasəti fərdi diplomatların deyil, Vaşinqtonun müəyyən etdiyi milli maraqların üzərində qurulur.

Bu kontekstdə diqqət çəkən məqamlardan biri də namizədin ABŞ Prezidenti Donald Trampın etimad göstərdiyi və uzun illər müxtəlif mühüm vəzifələrdə çalışmış şəxslərdən biri olmasıdır. Tramp administrasiyasında və milli təhlükəsizlik strukturlarında fəaliyyət göstərən kadrların əsas xüsusiyyəti onların ABŞ milli maraqlarına sadiqliyi ilə seçilməsidir. Donald Trampın siyasi fəlsəfəsinin mərkəzində də məhz "Amerika hər şeydən əvvəl" prinsipi dayanır. Bu səbəbdən onun irəli sürdüyü istənilən namizədin əsas prioritetinin hansısa etnik və ya lobbi maraqları deyil, ABŞ-ın dövlət maraqları olacağı ehtimalı daha məntiqli görünür.

Əlbəttə, Azərbaycan cəmiyyəti öz milli maraqlarına toxunan bütün məsələlərə həssas yanaşmaqda haqlıdır. Bu, sağlam vətəndaş mövqeyidir. Lakin eyni zamanda diplomatik münasibətlər emosiyalarla deyil, dövlətlərarası münasibətlərin reallıqları ilə idarə olunur. Bu gün Azərbaycan regionun aparıcı dövlətlərindən biridir və öz milli maraqlarını qorumaq üçün kifayət qədər güclü siyasi institutlara, peşəkar diplomatik korpusa və beynəlxalq nüfuza malikdir.

Ona görə də ABŞ-ın yeni səfiri ilə bağlı müzakirələrdə əsas meyar onun hansı ailədən gəlməsi deyil, Bakıda fəaliyyətə başladıqdan sonra hansı mövqe sərgiləyəcəyi, Azərbaycan-ABŞ münasibətlərinin inkişafına hansı töhfələri verəcəyi və regionun reallıqlarına nə dərəcədə obyektiv yanaşacağı olmalıdır.

Beynəlxalq siyasətdə şəxsiyyətlər önəmli olsa da, həlledici amil dövlətlərin maraqlarıdır. ABŞ da Azərbaycan da ilk növbədə öz milli maraqlarını rəhbər tutur. Diplomatiyanın mahiyyəti isə məhz bu maraqların qarşılıqlı hörmət və əməkdaşlıq müstəvisində uzlaşdırılmasından ibarətdir”.

Cavanşir ABBASLI
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR