Afrikada yerləşən və gözəlliyi ilə diqqət çəkən nəhəng Roma amfiteatrlarından biri "El Jem" dünyanın ən böyük qədim arenalarından sayılır. Təxminən 35 min tamaşaçı tutumuna malik bu tikili eramızın III əsrinə aiddir.
Musavat.com xəbər verir ki, bu barədə "The Sun" nəşri yazıb.
Amfiteatr Tunis ərazisində yerləşir və ölçüsünə görə dünyada üçüncü ən böyük Roma amfiteatrı hesab olunur.
Tikilinin yerli imperiya məmuru, sonradan imperator olmuş II Qordian tərəfindən inşa etdirildiyi bildirilir. Mənbələrə görə, arena memarlıq baxımından Kolizey ilə müqayisə olunur, lakin burada giriş haqqı (15.80 funt sterlinq) və turist izdihamı daha azdır.
Bəzi turistlər Rassel Krounun baş rolda oynadığı "Qladiator" filminin burada çəkildiyini düşünsə də, bu məlumat doğru deyil. Bununla belə, ziyarətçilər arenada filmin qəhrəmanı Maksimus Desimus Meridius kimi qədim Roma atmosferini hiss edə bilirlər.
Tarixi mənbələrə görə, Roma imperiyası dağıldıqdan sonra tikili qismən talan olunaraq yerli tikililərdə istifadə edilib. XVII əsrdə isə burada gizlənən üsyançılara görə qoşunlar tərəfindən hücuma məruz qalıb. Buna baxmayaraq, amfiteatr bu günədək kifayət qədər yaxşı qorunub.
Hazırda arenada yay aylarında klassik musiqi konsertləri keçirilir və ziyarətçilərə Roma dövrü haqqında canlı təsəvvür yaradır. Mütəxəssislər turistlərə xəbərdarlıq edir ki, ərazi Sahara səhrası yaxınlığında yerləşdiyindən hava çox isti ola bilər. Bununla belə, kompleksdə kölgəli kafe fəaliyyət göstərir və ziyarətçilər burada sərin içkilər və dondurma əldə edə bilirlər.
Musavat.com






