İnsanlara hürriyət, millətlərə istiqlal!

İkinci Dünya müharibəsindən sonra ilk dəfə: Yaponiya yeni hərbi kurs seçir  

259 23.07.2026 12:11 Dünya A A

"Yaponiya İkinci Dünya müharibəsindən sonra üzərinə qoyulan hərbi məhdudiyyətləri tədricən aradan qaldırmağa çalışır. Müharibədən sonra ABŞ Tokionun güclü orduya sahib olmasını məhdudlaşdırmışdı. Lakin dəyişən geosiyasi reallıqlar Vaşinqtonun da mövqeyini dəyişib".

Bu barədə Musavat.com-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. Politoloq qeyd edib ki, ABŞ artıq strateji müttəfiqi Yaponiyanın hərbi potensialını artırmasına yalnız razılıq vermir, eyni zamanda bu prosesi açıq şəkildə dəstəkləyir və təşviq edir:

"Yaponiyanın müdafiə naziri Sindziro Koidzumi nüvə silahl mövzusuyla bağlı geniş müzakirəyə başlamaq zərurətindən danışıb. Müdafiə nazirinin fikrincə, Yaponiya üçün nüvə silahları müzakirə olunmalı mürəkkəb bir məsələdir, lakin bu mövzunu görməzdən gəlmək olmaz: “Vəziyyətin kritik təbiətini qəbul edərək, tabu yaratmadan müxtəlif tədbirlər barədə müzakirələri irəli aparmalıyıq”.
Göründüyü kimi, Yaponiya nüvə silahına malik olmaq istiqamətində irəliləyir. Yaponiyanın münasibətlərindəki gərginlik yaşadığı qonşularının – Rusiyanın, Çinin və Şimali Koreyanın nüvə silahları var. Bu səbbədən Tokio da nüvə silahına malik olmaqğın zərurətini vurğulamağa başlayıb".

Politoloq vurğulayıb ki, Vaşinqton Yaponiyanın nüvə silahına malik olmaq istəyinin əleyhinə deyil:

"Yaponiya hökuməti Milli Kəşfiyyat Bürosunun yaradılmasına qərar verib. Büro birbaşa baş nazirə tabe olacaq. Nazirlər Kabineti yanında kəşfiyyat xidməti əvvəl də olub. Ancaq bu xidmət yalnız daxil olan məlumatların analizi ilə məşğul olub. Yeni büronun yaradılmasında məqsəd isə ölkə sirlərini, o cümlədən ölkə şirkətlərinin texnologiyalarını qorumaqdır. Büronun bir başqa vəzifəsi müxtəlif dövlətlərin Yaponiyada xəfiyyə çalışmalarını əngəlləmək olacaq. Bu zaman əsasən Rusiya və Çin dövlətlərinin adı çəkilir. Çində yapon dilində yayımlanan saytlar Tokionun ciddi narazılığına səbəb olub. Büro kibertəhlükəsizlik məsələləri ilə də məşğul olacaq.  
Yeni büro müxtəlif nazirliklərin daxilindəki qurumların işini də sistemləşdirəcək. Yaponiya hökumətində hesab edirlər ki, sistemsiz fəaliyyət xarici xəfiyyələrin işini asanlaşdırıb. Yeni büro bunun qarşısını almalıdır. Büronun geniş səlahiyyətləri olacaq, müxtəlif nazirliklərə, o cümlədən polisə təlimat vermək səlahiyyəti olacaq.
Yaponiyanın xanım baş naziri Sanae Takaiçi ölkəsini uzun illər həyata keçirilən pasifist siyasətindən imtina etmək istəyir. Baş nazir həm hərbi xərcləri artırıb, həm də İkinci Dünya müharibəsindən sonra ilk dəfə hərbi texnikanın ixracını genişləndirib. Misal üçün Yaponiya Ukrayna ilə birgə dron istehsalına başlayacaq. Aydındır ki, yeni büronun əsas tərəfdaşı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi olacaq. Yaponiya son illərdə Almaniya və Avstraliya ilə də bu sahədə əməkdaşlığı genişləndirib. Yaponiya eyni zamanda Hindistanla strateji əlaqələri dərinləşdirir. Yaponiyanın baş naziri Sanae Takaiçinin bir müddət əvvəl Hindistana səfəri zamanı iki ölkə arasında yarımkeçiricilər, süni intellekt və enerji sahələrini əhatə edən 100-dən çox biznes müqaviləsi imzalanıb. Yaponiya və Hindistan arasındakı münasibətlərin ənənəvi iqtisadi əməkdaşlıqdan kənara çıxaraq hərtərəfli strateji tərəfdaşlığa doğru irəliləyib. İki ölkə müdafiə və təhlükəsizlik sahəsində də əməkdaşlığı dərinləşdirməyə qərar verib".

Elxan Şahinoğlunun fikrincə, Pekin Tokionun siyasətindən narahatdır:

"Pekində hesab edirlər ki, Yaponiya hökuməti miltarist siyasətə geri dönüş edib. Tokionun başqa alternativi yoxdur. Beynəlxalq aləmdə güc amili ön plana çıxıb, beynəlxalq hüquq işləmir. Belə vəziyyətdə Yaponiyanın hərbi gücünü artırmaqdan və müttəfiqləriylə hərbi əməkdaşlığı genişləndirməkdən başqa seçimi yoxdur".

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR