İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyasını dəyişən diaspor rəhbərinin ÖLÜM səbəbi bilindi

1145 29.01.2026 13:50 Hadisə A A

Soçi Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri, Rusiyanın Krasnodar vilayətindəki Azərbaycan diasporunun rəhbəri Cəmil Paşa oğlu Əliyevin mümkün ölüm səbəbi bəlli olub.

Bu barədə Musavat.com-a mərhumun yaxını Almaz Məmmədov məlumat verib.

Onun sözlərinə görə, uzun illər ailəsi ilə birlikdə Krasnodar vilayətində yaşayan Cəmil Əliyev Bakıya tez-tez səfər edirmiş: “Bakıda qohum-qardaşları var idi. Cəmil kimsəyə əziyyət vermək istəmirdi, Azərbaycana gələndə bizlərlə görüşürdü. Hadisə günü də Bakıda hoteldə qalıb. Səhər saat 9 radələrində bacısı ilə telefonla danışıb. Ürəyində narahatlıqlar olduğunu deyib. Onun ürəyində 6 stent vardı”.

Almaz Məmmədov bildirib ki, Cəmil Əliyevin nəşi bu gün – yanvarın 29-da doğulduğu Gürcüstanın Bolnisi rayonu, Babakişilər kəndinə aparılacaq və orada dəfn ediləcək.
Uzun illər Krasnodar vilayətində ailəsi ilə birlikdə yaşayan Cəmil Əliyevin üç övladı var. O, vilayətin Vəkillər Kollegiyasının üzvü olub, eyni zamanda biznes fəaliyyəti ilə də məşğul olub. Onun restoranı və digər biznes obyektləri mövcud idi. Aldığımız məlumata görə, biznes fəaliyyəti ilə bağlı məhkəmə çəkişmələri də olub.

Cəmil Əliyev Dünya Azərbaycanlılarının II, III, IV və V qurultaylarında iştirak edib. Krasnodar vilayətinin rəhbərliyi tərəfindən cəmiyyətin ictimai həyatında fəal iştirakına görə müxtəlif dövlət mükafatları ilə təltif olunub. Həmçinin 2022-ci ildə “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə mükafatlandırılıb.

Xatırladaq ki, Bakının mərkəzində yerləşən hotellərdən birində Rusiya vətəndaşı, 1968-ci il təvəllüdlü Cəmil Paşa oğlu Əliyevin meyiti aşkar edilib. Meyit müayinə edilərkən üzərində hər hansı xəsarət izi aşkarlanmayıb. Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.

Cəmil Əliyevin meyiti “Tarqovı” kimi tanınan ərazidə, Tərlan Əliyarbəyov küçəsində yerləşən hoteldəki otaqda aşkarlanlıb.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR