İqlim dəyişiklikləri və su ehtiyatlarının azalması son illər Azərbaycan üçün strateji təhlükəsizlik məsələsinə çevrilib. Xüsusilə Bakı və Abşeron yarımadasında artan su qıtlığı, torpaqların şoranlaşması, eləcə də Xəzər dənizinin çirklənməsi problemlərinin dərinləşməsi dövlət səviyyəsində təxirəsalınmaz tədbirlərin görülməsini zəruri edir.
Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə yanvarın 12-də Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramına həsr olunmuş müşavirə xüsusi əhəmiyyət daşıyır.

“Biosfer” İctimai Birliyinin sədri, ekoloq Qorxmaz İbrahimli Musavat.com-a açıqlamasında bildirib ki, iqlim dəyişiklikləri ilə əlaqədar proseslər – havanın temperaturunun yüksəlməsi, quraqlığın artması, buxarlanmanın intensivləşməsi və torpaqların şoranlaşması hazırda dünyanın əksər ölkələrini ciddi şəkildə narahat edir.
Onun sözlərinə görə, Azərbaycan da mövcud imkanlar çərçivəsində bu problemlərin qarşısını almaq üçün tədbirlər görür:
“Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə bu baxımdan mühüm əhəmiyyət daşıyır. Müşavirədə qabaqlayıcı tədbirlər, xüsusilə tullantı və yağış sularından istifadənin genişləndirilməsi, Bakı və Abşeron yarımadasında barajların qurulması məsələləri Dövlət Proqramının layihəsinə daxil edilib. Bu, su qıtlığının qarşısının alınmasında mühüm addımdır.”

Ekoloq demoqrafik amilin də diqqətdən kənarda qalmamalı olduğunu vurğulayıb:
“İşğaldan azad edilmiş ərazilərə əhalinin köçünün təşviq edilməsi, regionların inkişafı suya olan təzyiqi azalda bilər. Əks halda bütün yük Bakı və Abşeronun üzərinə düşür.”
Xəzər dənizinə tullantıların axıdılması probleminə toxunan Q.İbrahimli qeyd edib ki, bu məsələ yeni deyil və hələ SSRİ dövründən mövcuddur:
“Kimyəvi tullantılar uzun illər Xəzərə ciddi ziyan vurub. XIX əsrdən etibarən neft hasilatı da dənizin çirklənməsinə təsir göstərib. Müstəqillikdən sonra dövlət səviyyəsində bir sıra tədbirlər həyata keçirilsə də, problemlər tam aradan qalxmayıb. Hələ də bəzi sənaye müəssisələrinin çirkab suları təmizlənmədən dənizə axıdılır.”
Ekoloqun sözlərinə görə, Prezident İlham Əliyevin də vurğuladığı kimi, bu sahədə nəzarət gücləndirilməlidir. Xüsusilə Hövsan sutəmizləyici qurğusunun modernləşdirilməsinə ehtiyac var:
“Bakı və Abşeron yarımadasının kanalizasiya sistemləri vahid mərkəzdən idarə olunarsa və bütün çirkab sular müasir texnologiyalarla təmizlənsə, Xəzər dənizi ekoloji təhlükədən nisbətən xilas ola bilər.”
Qorxmaz İbrahimli bildirib ki, Xəzər dənizinin ekoloji vəziyyəti yalnız Azərbaycanın səylərindən asılı deyil:
“Təəssüf ki, dənizin çirklənməsində digər sahilyanı ölkələrin də payı var. Xüsusilə Rusiya hərbi-sənaye fəaliyyəti ilə Xəzərə ciddi zərər vurur. Qazaxıstan və Türkmənistanın da rolu az deyil. Buna baxmayaraq, Azərbaycan öz üzərinə düşən öhdəlikləri yerinə yetirir.”
Ekoloq yeni dövlət proqramı çərçivəsində Xəzərin flora və faunasının qorunmasına, suyun təmizliyinə xüsusi diqqət ayrılmasının vacibliyini vurğulayıb. O, həmçinin Bakının coğrafi xüsusiyyətlərinə diqqət çəkib:
“Bakı səhra şəhəridir. Bu səbəbdən böyük, üstüörtülü barajların tikilməsi məqsədəuyğundur. Açıq su anbarlarında temperaturun yüksəlməsi ilə su sürətlə buxarlanır, bu isə itkiləri artırır.”
Nigar HƏSƏNLİ
Musavat.com






