AXCP sədrinin həbsinə Avropadan reaksiyaya Bakıdan cavab: “Azərbaycan onların əsassız fikirlərinə və əsassız çağırışlarına əhəmiyyət vermir və onlardan çəkinmir...”
Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyevin cinayət işi üzrə məsuliyyətə cəlb edilərək barəsində həbs qərarı verilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin vəkilləri apelyasiya şikayəti verəcək. “Yeni Sabah” xəbər verir ki, bu sözləri AXCP sədrinin müavini Seymur Həzi müvafiq açıqlamasında deyib.
O bildirib ki, apelyasiya şikayətində Səbayel Rayon Məhkəməsinin qərarının dəyişdirilməsini və həbs-qətimkan tədbirinin ləğv olunması istəyəcəklər: “Bu məsələdə lazımi bütün hüquqi prosedurlar həyata keçiriləcək. Əli bəylə bağlı apelyasiya şikayətini hazırlayıb təqdim edəcəyik. Apelyasiya müraciəti məhkəmə qərarının dəyişdirilməsi və həbs-qətimkan tədbirinin ləğv olunması ilə bağlı olacaq”.
Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) noyabrın 29-da AXCP sədri Ə.Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimi saxlayıb. Səbayel Rayon Məhkəməsi dekabrın 1-də onların hər biri barəsində 2 ay 15 gün müddətə həbs-qətimkan tədbiri seçib.
Əli Kərimli və Məmməd İbrahim Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham edilirlər. Hər iki şəxs Ramiz Mehdiyev barəsində başladılan cinayət işi çərçivəsində həbs olunub.
AXCP sədri Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Təcridxanasında tibbi müayinədən keçirilib. “Yeni Müsavat” xəbər verir ki, Gununsesi.info-nun əldə etdiyi məlumata görə, həkim müayinəsindən keçiriləndən sonra AXCP sədri İstintaq Təcridxanasına yerləşdirilib. Məlumatda Əli Kərimlinin təkadamlıq kamerada yerləşdirildiyi məlum olub. Bu arada AXCP sədrinin vəkili Aqil Layic açıqlamasında müvəkkilinə qarşı müstəntiq və əməliyyatçıların nəzakətsiz davranışlarını hiss etmədiklərini deyib.
Bəzi beynəlxalq təşkilatlar Əli Kərimlinin həbs edilməsi ilə bağlı mövqelərini bildiriblər. Dünən yayılan xəbərə görə, “Amnesty International” insan haqları təşkilatı AXCP-nin sədri Əli Kərimlinin həbsini pisləyib. Qurumun Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Denis Krivoşeyev bu həbsə görə Azərbaycanı tənqid edib və Əli Kərimlini azad etməyə çağırıb.
“Avropa İttifaqı (Aİ) müxalifətdə olan AXCP sədri Əli Kərimlinin həbsi ilə bağlı Azərbaycan tərəfi ilə əlaqə saxlayacaq”. Bunu isə "AzadlıqRadiosu"nun sorğusuna cavabında qurumun Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə sözçüsü Anitta Hipper bildirib: “Biz Azərbaycanın Avropa İnsan Hüquqları Konvensiyası da daxil olmaqla, müvafiq beynəlxalq öhdəliklərinə əməl etməsini gözləyirik. Təqsirləndirilən şəxslərə müstəqil hüquqi yardım və adekvat səhiyyə xidməti göstərilməlidir”.

Aydın Hüseynov
Azərbaycan Milli Məclisinin deputatı Aydın Hüseynov “Yeni Müsavat”a bildirib ki, Azərbaycan hüquqi dövlətdir qanunun aliliyini təmin edir, “Amnesty International” kimi nüfuzunu, etimadı itirmiş təşkilatların sözü ilə oturub-durmur: ""Amnesty International" və onun kimi bir neçə təşkilat daim Azərbaycana qarşı qərəzlidir və Azərbaycanı hədəfə almaq üçün həmişə fürsət gəzirlər. İndi də Əli Kərimlinin saxlanması hadisəsini fürsət bilirlər. Lakin unudurlar ki, Azərbaycan onların əsassız fikirlərinə və əsassız çağırışlarına əhəmiyyət vermir və onlardan çəkinmir. Əli Kərimli və Məmməd İbrahim barəsində konkret maddələrlə cinayət işi açılıb. İstintaq gedəcək və sonda istintaqın nəticələrinə uyğun qərar çıxarılacaq. Burada heç bir hüquq pozuntusundan söhbət gedə bilməz. "Amnesty International" o qədər anti-Azərbaycan mövqedə olan təşkilatdır ki, istintaqın nəticələrini gözləmədən əsassız rəy verir. Əli Kərimli özünün istədiyi vəkillə təmin olunub və vəkili də onun saxlanılan zaman və sonradan hər hansı bir təzyiqə, kobud rəftara məruz qalmadığını deyib".

Hikmət Babaoğlu
Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, vaxtilə Milli Şuranın yaradılması Azərbaycanda xaos yaratmağa hesablanmış bir addım idi. Sadəcə, ölkədəki radikal müxalifətin, Əli Kərimlinin rəhbərlik etdiyi AXCP-nin buna gücü çatmadığı üçün antiazərbaycançı mərkəzlər mövqelərini birləşdirdilər və indi aydın olur ki, bu proseslərdə koordinasiyanı Ramiz Mehdiyev edibmiş: “Çünki verilən ifadələr də, versiyalar da, baş vermiş hadisələrin analizləri də onu göstərir ki, Moskvada "Milyarderlər İttifaqı"nın yaradılması, Azərbaycanda Xalq Cəbhəsi radikallarının təşkilatlandırılması, daban-dabana zidd olan bu iki qruplaşmanın Milli Şura çətiri adı altında birləşdirilməsi mütləq güclü bir əl tələb edirdi. İndi bəlli olub ki, Azərbaycan dövlətçiliyinə qarşı bu prosesi idarə edən o güclü əl arxasında Rusiyanın gücünü hiss edən, hazırda vətənə xəyanət ittihamı ilə istintaqa cəlb olunan akademik Ramiz Mehdiyevin əli imiş. Ona görə də mənə elə gəlir ki, ictimai tələbat kimi ortaya çıxan suallar hüquqi müstəvidə öz həllini tapmalıdır. Mən Əli Kərimlinin, Cəmil Həsənlinin dindirilməsini, Gültəkin Hacıbəylı ilə bağlı müəyyən hüquqi prosedurların həyata keçirilməsini, sadəcə, böyük bir prosesin başlanğıcı kimi görürəm və düşünürəm ki, kütləvi ictimai rəydə Azərbaycan dövlətinə qarşı çıxan bu qrupların düşüncələri hüquqi müstəvidə də öz əksini tapacaq və hüquq onları cəzalandıracaq.
Bütövlükdə ölkəmiz artıq yeni bir tarixi mərhələyə qədəm qoyub. 90-cı illərin xaos, qarşıdurma, xəyanət fəlsəfəsi ilə bu gün siyasi sistemdə mövcud olmaq mümkün deyil. Ona görə də mənə elə gəlir ki, Azərbaycan siyasətinin Xalq Cəbhəsi səhifəsi artıq bağlanmalı, tarixə qovuşmalıdır. Heç bir səmərə verməyən, yalnız Azərbaycanda qarşıdurma yaratmaq istəyən Milli Şura adlandırılan o qurum da tarixə qovuşmalıdır. Beləliklə, biz daha böyük məqsədlər, daha böyük gələcək üçün siyasi sistemimizi yenidən təşkil etməli və mübarizəmizi aparmalıyıq".

Əli Hüseynli
AXCP-nin ləğv olunması ehtimalını Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin Modern-az saytına müsahibəsində söylədikləri fikirlər də gücləndirir: “Vaxtilə post sovet məkanında Xalq Cəbhəsi hərəkatları məhz Qorbaçovun yenidənqurma siyasətinin nəticəsi kimi yaradılmış, Yeltsin hakimiyyəti dövründə isə guya "demokratik" prosesdə, əslində isə dağıdıcı prosesdə aktiv istifadə edilib. Bu baxımdan AXC sədri Əli Kərimovun şimal qonşumuzdakı məlum dairələrlə əlaqələri təəccüblü deyil. Əslində postsovet ölkələrinin bir çoxunda bu cür partiyalar ya ləğv olunub, ya da fəaliyyətlərini çoxdan dayandırıblar. Azərbaycanda da “Siyasi partiyalar haqqında” yeni qanunun qəbulundan sonra yeni siyasi konfiqurasiya və yeni dialoq mühiti yarandı. Amma AXCP adlı partiyanın, o partiya ki, Vətən müharibəsi nəticəsində Azərbaycan dövlətinin və xalqının qələbəsini belə qəbul etmirdi, belə partiyanın yenidən qeydiyyatı təəccüblü idi. Olsun ki, bu həmin partiyaya verilən son şans idi. Amma təəssüf ki, bundan da nəticə çıxarmadılar. İndiki araşdırmaların nəticəsi kimi qanunvericiliyə uyğun olaraq AXCP-nin qeydiyyat məsələsinə yenidən baxılmalıdır".
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”






