Ermənistanda keçirilən son yerli seçkilər, xüsusilə Vaqarşapatın (Eçmiədzin) nəticələri ölkədə siyasi proseslərin yeni reallığını bir daha üzə çıxarıb.
Musavat.com xəbər verir ki, siyasi analitik Armen Badalyanın sözlərinə görə, artıq nə hakimiyyət, nə də müxalifət küçəni siyasi alət kimi istifadə edə bilir.
Onun fikrincə, Ermənistan cəmiyyətində “küçə siyasəti” dövrü faktiki olaraq bitib.
Badalyan bildirib ki, seçkilərin nəticələri insanların aksiyalara münasibətini tam şəkildə nümayiş etdirdi. Onun sözlərinə görə, hökumət rəhbəri Nikol Paşinyanın Ovanavanka səfərləri zamanı inzibati resurslardan geniş istifadə edilsə də, toplaşan insanların sayı minimal olub. Eyni vəziyyət Eçmiədzində keçirilən “Vətəndaş müqaviləsi” mitinqində də qeydə alınıb - iştirak az olsa da, nəticədə hökumət minlərlə səs toplayıb.
Müxalifət də fərqli durumda deyil. Badalyan xatırladıb ki, çox danışılmasına baxmayaraq, “Mer dzevov” hərəkatının ən geniş mitinqinə maksimum 15–20 min nəfər qatılıb. Bu isə analitikin fikrincə, cəmiyyətin artıq heç bir siyasi güc üçün meydanlara çıxmaq niyyətində olmadığını göstərir:
“Çox böyük dəyişikliklər baş verməsə, küçə heç bir anlam daşımayacaq. Kim deyirsə ki, küçəni ayağa qaldırıb hakimiyyətə təzyiq edəcək - deməli, siyasi proseslərdən heç nə anlamır”.
Onun qənaətinə görə, Ermənistan cəmiyyətinin özünü dövlət idarəçiliyində görməsi üçün yeganə real vasitə seçki məntəqəsinə gedib səs verməkdir.
Badalyan hesab edir ki, parlament seçkilərində Paşinyanın yeganə rəqibi daxili müxalifət olmayacaq. Onun sözlərinə görə, hökumətin arxasında beynəlxalq dairələr də dayanacaq:
“Parlament seçkilərində Nikol Paşinyanın müttəfiqi yalnız daxili siyasi qüvvələr olmayacaq - Avropa İttifaqı, qlobalistlər, Türkiyə-Britaniya dairələri (? - red.) də onlara kömək edəcək. Onlar üçün indiki siyasi gücün dəyişməsi sərfəli deyil”.
Musavat.com






