İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda kritik GECƏ – Putin üçün QƏRAR vermə zamanı çatdı

1220 14.06.2026 16:28 Analitika A A

Ermənistan MSK-sı iyunun 7-də keçirilmiş parlament seçkilərinin rəsmi nəticələrini bu gün, saat 18:00-da elan etməlidir. Ardınca da Konstitusiya Məhkəməsi yəqin ki, bu qərarı təsdiqləyəcək. 

İndi ən maraqlısı yekun olaraq, hakim “Mülki Müqavilə” partiyasının 105 yerlik parlamentdə nə qədər mandat sahibi olacağı ilə bağlıdır. Nədən bu, həm də konstitusiya islahatları məsələsinə aydınlıq gətirəcək...

Radikal-revanşist müxalifət isə artıq nəticələrin ləğvini tələb edib və tərəfdarlarını MSK binası ətrafına toplaşmağa çağırıb. Böyük ehtimalla, “müharibə partiyası” Moskvadan başqa təlimat gələnədək bu yöndə təxribatlara əl atacaq, iğtişaşlar törətməyə çalışacaq.

Ancaq bu cəhdlər iflasa məhkumdur. Birinci ona görə ki, cəmiyyətin əksəriyyəti öz mövqeyini ifadə edib və bu səbəbə güc strukturları qanunsuzluqlara qarşı yetərincə sərt davranacaq. Lazım gəlsə, Nikol Paşinyan küçə və meydanlara daha böyük sayda tərəfdar çıxara bilər.

İkincisi isə, çətin ki, Kreml radikal müxalifətin daha da zəiflədilməsinə gətirəcək neqativ proseslərdə maraqlı olsun. Misal üçün, hansısa qanunazidd əməllər və ya həbs zərurəti kimlərinsə deputat mandatından məhrum olmasına gətirə bilər.

Hazırda Moskvanın əsas hədəfi müxalifətin parlamentdə bacardıqca Azərbaycanla sülh müqaviləsini əngəlləmək, artıq paraflanmış sülh sənədini gündəmdən çıxarmaq və hakimiyyəti daim təzyiq altında saxlamaqdır. Başqa sözlə, referendum məsələsi...

Söz yox ki, bu Kremlin özünün proksi qüvvələrinin əli ilə İrəvana qarşı son açıq şantaj-cəhdi olacaq. Rusiya eyni zamanda, bununla həm də ABŞ, Türkiyə, İranın və Avropa Birliyinin mövqeyinə qarşı getmiş olacaq. Hansı ölkələr və təşkilat ki, Paşinyanı dərhal qələbə münasibətilə təbrik edib.

Yada salaq ki, Moskva yekun fikrini nəticələr rəsmən elan olunduqdan sonra və radikal müxalifətin mövqeyi nəzərə alınaraq bildirəcəyini bəyan edib. Bu gün o gün ola biər. Görək Kremlin siyasi cığallığı daha nə qədər çəkəcək. Uzağı, sabah mənzərə aydın olacaq...

Armenian Prime Minister Nikol Pashinyan and Russian President Vladimir Putin

Əlbəttə, Paşinyana bir təbriki çox görən Putin ola bilsin onunla hansısa bazarlığa cəhd eləsin. Nikol isə bu həftə seçki sonrası ilk xarici səfəri Rusiya edəcəyi ilə bağlı vədinə düzəliş edərək deyib ki, yalnız dəvət olarsa, Rusiyaya gedəcək. Dəvət isə elə seçkilərin legitimliyini tanımaq anlamına gələcək. Putin dəvət göndərəcəkmi? Bir şey qalmayıb.

Bu cavab az önəm kəsb eləmir. Çünki Ermənistan geosiyasi baxımdan hələ də Cənubi Qafqazın “ən zəif həlqə”si olaraq qalır – Rusiyadan güclü iqtisadi-energetik asılılığa, hərbi faktora və qonşu Azərbaycan və Türkiyə ilə əlaqələri indiyədək qaydaya sala bilmədiyinə görə.

Bütün hallarda Bakı və Ankara üçün ən mühümü Paşinyan hökumətinin sülh gündəliyinə bundan sonra da sadiq qalmasıdır. Çünki bölgədə geridönməz sabitliyi, əmin-amanlıq və rifahı təmin eləməyin başqa yolu mövcud deyil. Olmayacaq. İlk növbədə də erməni xalqı üçün.

Hərçənd Kreml SSRİ dağılandan bəri bunun əksini isbatlamağa çalışır...

Analitik xidmət,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR