Ermənistanda qarşıdan gələn seçkilər ərəfəsində müxalif düşərgədə mümkün ittifaqlarla bağlı müzakirələr davam edir.
Musavat.com xəbər verir ki, yerli mətbuatda “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Tsarukyanla “Vətən” Partiyasının rəhbəri Artur Vanetsyan arasında danışıqların başladığına dair xəbərlər yayılıb.
Tsarukyanın mətbuat katibi İveta Tonoyan bildirib ki, hazırda müxtəlif siyasi qüvvələr və ictimai dairələrlə həm açıq, həm də qeyri-rəsmi formatda görüşlər keçirilir. Onun sözlərinə görə, Qaqik Tsarukyan daha əvvəl bütün dövlət, siyasi və peşəkar çevrələri “ölkəni ağır vəziyyətdən çıxarmaq” məqsədilə birlik çağırışı edib.
Tonoyan qeyd edib ki, hazırda “Təklif olunan Ermənistan” təşəbbüsünə rəsmi şəkildə yalnız “Ana Ermənistan” Partiyası qoşulub. O vurğulayıb ki, bu mərhələdə seçki siyahılarının formalaşdırılması və ya rəsmi alyans yaradılması ilə bağlı konkret müzakirələr aparılmır. Tsarukyanın mövqeyinə görə, partiya seçkilərdə “Çiçəklənən Ermənistan” adı ilə iştirak etməyi planlaşdırır, lakin müxtəlif ictimai fiqurlar və ölkənin gələcəyi ilə bağlı narahatlıq keçirən şəxslərlə əməkdaşlıq imkanları müzakirə olunur.
“Vətən” Partiyasının mətbuat katibi Ripsime Arakelyan da yayılan məlumatlara münasibət bildirərək hazırda bu mövzuda açıqlayacaq konkret bir məlumatın olmadığını deyib. Onun sözlərinə görə, hər hansı qərar qəbul olunacağı təqdirdə partiya rəsmi bəyanatla çıxış edəcək.
Beləliklə, hazırkı mərhələdə mümkün seçki ittifaqı ilə bağlı məlumatlar təsdiqlənməyib və tərəflər danışıqların davam etdiyini bildirirlər.
Musavat.com






