İnsanlara hürriyət, millətlərə istiqlal!

Şahmar Ələkbərovun Hollivudu fəth edən nəvəsi elə açıqlamalar verdi ki...

1295 11.06.2026 10:21 Müsahibə A A

Kann Film Festivalı. Hollivud. Benicio del Toro. Cameron Diaz. Ana de Armas. Bir neçə il əvvəl bu adların yanında bir azərbaycanlı aktyorun adının çəkilməsi ehtimaldan çox uzaq görünürdü.

Amma Eldar İsgəndərov üçün bu artıq ehtimal deyil – reallıqdır.

Bakıdan çıxıb Hollandiya və Belçikada böyüyən, Savannahdakı sənət məktəbindən (“Savannah College of Art and Design”) Hollivudun çəkiliş meydanlarına uzanan yol – onun yoludur. Azərbaycanın Xalq artisti Şahmar Ələkbərovun nəvəsi olan İsgəndərov “Club Kid” filmindəki rolu ilə beynəlxalq diqqət qazandı; tənqidçilər onu filmin ən yadda qalan simalarından biri kimi qeyd etdilər.

Amma bu, yalnız görünən hissədir.

Musavat.com xəbər verir ki, jurnalist Hafiz Əhmədovla müsahibədə Eldar İsgəndərov karyerasının digər tərəfini də açır, imtina etmək istədiyi anları, qeyri-müəyyənlik içində keçən illəri, Bakıya qayıtmaqla ABŞ-yə dönmək arasında qalan seçimləri və Kann xəbərini öz mənzilində öyrəndiyi gecəni.

O, Hollivudun içindən danışır. Amma romantik deyil. Filtrlənmiş də deyil.

– Azərbaycandan Hollivud layihələrinə uzanan yolunuz kənardan baxanda romantik görünə bilər. Bəs heç elə bir məqam olubmu ki, özünüzə “Bu yol alınmayacaq” demisiniz?

– Əlbəttə. Kollecdə oxuduğum müddətdə dəfələrlə hər şeydən vaz keçməyi düşündüyüm anlar olub. Xüsusilə də məzun olduqdan sonra qış aylarında Bakıya qayıdanda burada qalmağı ciddi şəkildə düşündüm. Çünki hər hansı bir layihədə rol almaq ehtimalı çox zəif görünürdü. ABŞ-yə geri dönmək riskini almaqdansa, ofis işi ilə məşğul olmaq daha asan görünürdü. Lakin sonradan mənə Cessi Ayzenberqin hələ adı açıqlanmamış musiqili komediyasında rol təklif olundu və bu, ABŞ-yə qayıtmaq üçün mənə yenidən iradə və motivasiya verdi.

– Xaricdə fəaliyyət göstərməyi hədəfləyən bir çox gənc azərbaycanlı aktyor gec-tez ruhdan düşdüyü məqamlarla qarşılaşır. Siz həmin dövrü necə keçdiniz?

– Bunun böyük hissəsi özümə inamla və məni daim ruhlandıran dostlarımın, eləcə də yaradıcı insanların dəstəyi ilə bağlı idi. Bu qədər rəqabətli və sıx bir sahədə ruhdan düşmək çox asandır. Buna görə də hər şeyi sıfırdan qurmalı oldum. Elə günlər olurdu ki, sənətimə böyük həvəs və qətiyyətlə yanaşırdım, başqa vaxtlar isə gördüyüm işlərin bir hissəsi mənə utancverici və ağır gəlirdi. Ruhdan düşməyim əsasən özümü və ətrafımdakı insanları məyus etmək ehtimalından qaynaqlanırdı. Məhz buna görə daim məşğul qalmaq və fəaliyyət göstərmək çox vacibdir.

– “Club Kid” filminin Kann Film Festivalındakı nümayişi zamanı tamaşaçı reaksiyası necə oldu? Həmin an nə hiss edirdiniz?

– Təəssüf ki, qrafikimdəki üst-üstə düşmələr səbəbindən Kann Film Festivalında iştirak edə bilmədim. Filmin uğur qazanacağını düşünürdüm, amma həm tənqidçilərdən, həm də tamaşaçılardan bu qədər güclü reaksiya alacağını gözləmirdim. Baş verənlərin çoxunu Bruklinin Buşvik səmtində yerləşən mənzilimdə otaq yoldaşımdan öyrəndim. O, yayımlanan bütün rəyləri mənə oxuyurdu. Bu, mənim üçün böyük bir rahatlıq və sevinc hissi yaratdı.

– Beynəlxalq media sizin performansınızı filmin ən yaddaqalan tərəflərindən biri kimi qiymətləndirdi. Həmin rəyləri oxuyanda ilk reaksiyanız necə oldu?

– Filmin ssenarisi üzərində işləmək çox əyləncəli idi, amma rəylərdə xüsusi olaraq mənim adımın vurğulanacağını gözləmirdim. Bu, mənə böyük güc və inam verdi. Həmin axşam dostlarımla birlikdə bir neçə pivə içdik, özümüzü xoşbəxt hiss edərək və ürəyimiz rahat şəkildə yatdıq.

(“Club Kid” Kann Film Festivalında)

– “Club Kid” filmindəki obrazınızı sizin üçün maraqlı edən nə idi? Həmin rolda özünüzdən nələri gördünüz?

– Nyu-Yorka köçməzdən əvvəl dörd il ərzində Savannah İncəsənət və Dizayn Kollecində təhsil almışam. Bu dövr ərzində bir çox dostlarımla eyni evdə və ya otaqda yaşamışam. Mənə elə gəlirdi ki, birlikdə yaşayan insanların münasibətlərində yaranan dinamika çox real və inandırıcıdır. Başqa insanlarla birlikdə yaşadığım illər ərzində həm gözəl, həm də çətin təcrübələr yaşamışam. “Club Kid” filmində canlandırdığım Nikki obrazının özünəinamı isə mənə çox cəlbedici gəlirdi. O, fikirlərini olduğu kimi ifadə edir və Peterə (Jordan Firstman) qarşı narazılıqlarını yumşaldaraq və ya ört-basdır edərək deyil, açıq şəkildə dilə gətirir.

– “Reenactment” layihəsinə seçildiyinizi ilk dəfə öyrənəndə reaksiyanız necə oldu?

– Menecerlərimdən mənə zəng gəldi və onlar bildirdilər ki, rejissor Qrant Singer və filmin kastinq direktoru Syuzan Şil kollecdəki təqdimatım zamanı məni görərək bu layihə üçün maraqlanıblar. Çox keçmədən öyrəndim ki, layihədə Benisio del Toro da iştirak edəcək. Həmin vaxt diqqətimi ən çox çəkən ad məhz o idi. Sonradan araşdırma apararkən gördüm ki, Qrant Singer mənim ən sevdiyim filmlərin və musiqi videolarının bir qismi üzərində çalışıb. Mənim üçün ən maraqlı məqamlardan biri isə həmin il müxtəlif təqdimat və kastinqlər arasından məhz məni seçmələri oldu. Bu, məni çox həyəcanlandırdı. Eyni zamanda, Benisio del Toro kimi yüksək səviyyəli bir aktyorla eyni ekranı bölüşəcəyim üçün bir qədər həyəcan və məsuliyyət hissi də keçirirdim.

– Hollivudda birlikdə çalışdığınız məşhur aktyorlarda müşahidə etdiyiniz ən təəccüblü xüsusiyyət nə olub?

– Birlikdə işlədiyim bütün aktyorlar son dərəcə səxavətli, enerjili və həyat dolu insanlar olublar. Xüsusilə Cessi Ayzenberqin filmində Culian Murla işləmək mənim üçün unudulmaz təcrübə idi. Aramız çox yaxşı tuturdu. Çəkilişlər arasındakı fasilələrdə elə hiss edirdim ki, sanki uzun illərdir dostluq etdiyim bir insanla söhbət edirəm. Kamera qarşısına keçəndə isə onun işi əsl ustad dərsi təsiri bağışlayırdı.

– İnsanlar azərbaycanlı olduğunuzu öyrənəndə ilk reaksiyaları necə olur?

– Bu, bir qədər şəraitdən və insanlardan asılıdır. Birlikdə çalışdığım insanlar kifayət qədər məlumatlıdırlar və Azərbaycan haqqında məlumatları var. Bu səbəbdən onların reaksiyası adətən maraq və sevinc olur. Lakin gündəlik həyatımda hələ də Azərbaycan haqqında çox az məlumatı olan, hətta ölkəmizi ümumiyyətlə tanımayan insanlarla qarşılaşıram.

– “Club Kid” filmində canlandırdığınız obraz özünü “Azərbaycandan olan filosof” kimi təqdim edir. Xaricdə yaşayıb işləyərkən kimlik məsələsini necə hiss edirsiniz – bu sizin üçün yükdür, yoxsa güc mənbəyi?

– Kimlik zaman keçdikcə dəyişən və formalaşan bir xüsusiyyətdir. “Filosof” ifadəsi filmdəki ən sevdiyim replikalardan biridir. Çünki bu ifadə həm bir çox azərbaycanlının düşüncəyə və fəlsəfəyə meylli təbiətinə, həm də XX əsrdə yaşamış böyük şairlərimizə bir işarədir. Mənim üçün kimlik hər zaman güc mənbəyi olub. Çünki kimliyiniz olmadan əlinizdə heç nə qalmır. İnsanlar bəzən bir insanın kimliyini sarsıtmaq və onu öz köklərindən uzaqlaşdırmaq üçün əllərindən gələni edirlər. Buna görə də öz kimliyini qorumaq və ona sadiq qalaraq yoluna davam etmək çox vacibdir.

– Tez-tez deyilir ki, postsovet ölkələrindən olan aktyorlar Hollivudda müəyyən stereotiplərlə qarşılaşırlar. Siz belə bir vəziyyət yaşamısınızmı?

– Canlandırdığım rollarda indiyədək ciddi stereotiplərlə qarşılaşmamışam. Bəzən aksentdən istifadə edirəm, amma ümumiyyətlə keçmiş sovet ölkəsində böyümüş bir insanın həyatına təsir edən tarixi reallıqları qəbul etməyi və onları göstərməyi üstün tuturam. Məncə, bunun insanın formalaşmasına təsiri stereotipdən daha çox obyektiv bir həqiqətdir.

– Şahmar Ələkbərov kimi böyük bir sənətkarın nəvəsi olmaq sizə daha çox qürur verir, yoxsa məsuliyyət yükləyir?

– Daha çox qürur verir. Mən böyüyərkən onun nailiyyətləri haqqında çox şey öyrənmişəm və onun sənət yolunu, yaradıcılıq irsini yaşatmaq və ehtiramla anmaq mənim üçün böyük xoşbəxtlikdir.

– Sizcə, Azərbaycan kinosu niyə hələ də qlobal səviyyədə güclü şəkildə təmsil olunmur?

– Düşünürəm ki, son bir neçə ildə Azərbaycan kinosu geriləmə dövrü yaşayır. Mənə elə gəlir ki, kino sahəsinə idman və ya infrastruktur kimi digər istiqamətlərə verilən dəyər səviyyəsində diqqət ayrılmır. Eyni fikri musiqi haqqında da demək olar. Məncə, Vaqif Mustafazadə kimi 2000-ci illərdən əvvəlki dövrün Azərbaycan yaradıcı insanlarının səviyyəsini keçmək çox çətindir. Bu vəziyyət müəyyən mənada üzücüdür, çünki gənc nəsildən olan bir çox insan yaradıcılıq sahəsində özünü ifadə etmək üçün ciddi şəkildə çalışır. Buna görə də gələcəyə ümidlə baxmaq üçün əsas var. Burada ümid işığı görünür.

shahmar-alakbarov-eldar-isgandarov-actors-hafiztimes-3.jpg (136 KB)

– Hollivudda uğur qazanan azərbaycanlı aktyor olmaq sizə həqiqi xoşbəxtlik gətirir, yoxsa bu yolun görünməyən tərəfləri də var?

– Bu günə qədər keçdiyim yoldan çox məmnunam və özümü xoşbəxt hiss edirəm. Əlbəttə, zaman keçdikcə bu hisslər dəyişə də bilər. Karyeramın hələ çox erkən mərhələsindəyəm və bu yolun bütün tərəflərini görmək üçün kifayət qədər vaxt keçməyib.

– Hollivuddakı yolunuza davam etdikcə heç düşünürsünüzmü ki, kaş Şahmar Ələkbərov bu gün sağ olaydı və sizin keçdiyiniz yolu görəydi?

– Bəli. Bu, çox tez-tez düşündüyüm məsələlərdən biridir. Məncə, dünyaya baxışımız bir-birinə çox bənzəyirdi. Bəzən bu çətin dünyada yaşamaq asan olmur. Dünya sadə və rahat bir yer deyil və babamın yaradıcılığı da məhz bu həqiqətə işıq salırdı. O, bunu çox ustalıqla bacarırdı. Onun əsərləri insan həyatının nə qədər mürəkkəb olduğunu əks etdirirdi. Əslində, insan təbiət etibarilə çox gözəl bir varlıqdır, amma yaşadığımız dünya hər zaman o qədər də gözəl olmur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR