İranda son günlər etiraz fəallığının yeni mərhələsi müşahidə olunur. Etirazların əsas aparıcı qüvvələrindən biri isə tibb universitetləri və kolleclərinin tələbələri hesab olunur.
Musavat.com xəbər verir ki, hadisələrlə bağlı məlumat The Wall Street Journal nəşrinin yaydığı materialda əksini tapıb. Nəşr vurğulayır ki, artıq bir neçə gündür tibb tələbələri ali təhsil müəssisələrində oturaq aksiyalar keçirir, etiraz şüarları səsləndirir və lokal protest tədbirlərində fəal iştirak edirlər.
Məlumata görə, aksiyalar əsasən universitet kampuslarında təşkil olunur və koordinasiyalı xarakter daşıyır. Tələbələr sosial və akademik problemlərlə yanaşı, ümumi ictimai-siyasi vəziyyətə etiraz etdiklərini gizlətmirlər. Şahidlərin sözlərinə görə, bəzi hallarda etirazlar təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə qarşılaşıb.
Analitiklər bildirirlər ki, tibb tələbələri İranda ən politizə olunmuş və sosial baxımdan həssas qruplardan biri sayılır. Onların cəmiyyətdəki nüfuzu və gələcəkdə səhiyyə sistemində oynayacaqları rol etirazların rəmzi və praktik əhəmiyyətini artırır. Bu səbəbdən “ağ xalatlı” tələbələrin fəallaşması hakimiyyət üçün ciddi siqnal kimi qiymətləndirilir.
Beynəlxalq müşahidəçilərin fikrincə, tibb tələbələrinin etirazlara qoşulması narazılığın yalnız akademik mühitlə məhdudlaşmadığını, daha geniş sosial təbəqələrə yayılmaq potensialı daşıdığını göstərir.
Musavat.com






