Azərbaycanda ilin sonuna yaxın məşhur ekstrasens Zirəddin Rzayevin verdiyi proqnozlar Mehdiyevə biət edən məmur-deputat çevrələrində köhnə qorxuları yeniləyib. Köhnə dosyelərin yenidən masaya çıxarılması bir çoxlarının kefini pozub. 2026-cı il ərəfəsində cəmiyyətə ötürülən “proqnozlar” artıq fal yox, hakimiyyət daxilindən sızan siyasi siqnallar təsiri kimi qəbul olunur.
Ekstrasens Zirəddin Rzayevin Musavat.com-a verdiyi açıqlamalar da məhz bu kontekstdə oxunmaqdadır. Onun dedikləri mistika deyil, arxiv qoxusu verir.
Ramiz Mehdiyevə verilmiş ittihamlar onun Azərbaycanda sadəcə Prezident Administrasiyasının sabiq rəhbəri statusundan çıxarır. O, dövlət içində dövlət, qanun üzərində sistem, kadrlar üzərində qandallı mexanizm idi. Onun gedişi ilə sistem dağılmadı, sadəcə ona bağlanmış kadrlar özünü gizlətməyə başladı. İndi isə həmin sistemin üstündən pərdə qaldırılır. Zirəddin Rzayevin “Mehdiyevdən sonra iki böyük vəzifəli şəxsin həbsi” barədə dediyi sözlər təsadüfi deyil. Çünki həmin “iki fiqur” birbaşa Mehdiyev ideologiyasının icraçıları, onun imzasız əmrlərinin sahibləri ola bilər.
Ramiz Mehdiyevin iflasa uğrayan “Dövlət Şurası” ideyası kağız üzərində qalsa da, bu layihəyə ümid bağlayan, ona sədaqət andı içən, bu xəttə görə mövqe tutan onlarla yüksək ranqlı məmur hələ də sistemin içindədir. Bu adamlar qərar qəbul etmə mexanizmlərində, hüquq-mühafizə strukturlarında, akademik və ideoloji platformalarda illərlə “boz kardinal”ın kölgəsi kimi fəaliyyət göstəriblər. İndi bu kölgənin özü istintaq predmetinə çevrilir.
Amnistiya niyə indi? Türmələr kimlər üçün boşaldılır?
Geniş amnistiya aktı humanizm təzahürü olsa da, yaxın aylarda iri məmurlar, sabiq aparat rəhbərləri, Mehdiyev klanına bağlı fiqurlar ard-arda həbs ediləcəksə, penitensiar sistem əvvəlcədən “yer açmalıdır”.
Bu, nə ilkdir, nə də son olacaq. Azərbaycan siyasi tarixində həbs dalğalarından əvvəl amnistiyalar dəfələrlə yaşanıb.
Bu arada Rusiya ilə münasibətlərdə “strateji tərəfdaşlıq” mifinin sonu da görünməkdədir. Zirəddin Rzayevin Rusiya-Azərbaycan münasibətləri ilə bağlı pessimizmi artıq falçı baxışı deyil. Moskva Cənubi Qafqazda uduzur, Bakı isə bu dəfə qalib gələn tərəfdədir. Bu, Rusiya üçün təhlükəli, Azərbaycan üçün isə qaçılmaz mərhələdir.
Sülh sənədi imzalana bilər, nifrət protokolu yox
Azərbaycan-Ermənistan sülhü mümkündür. Amma bu, kağız üzərində olacaq. Zirəddin Rzayevin dediyi kimi, xalqın yaddaşına basdırılmış mina xəritələri 20 ilə də təmizlənməyəcək. Bu, nə ekstrasenslikdir, nə romantika. Sadəcə müharibənin sosial anatomiyasıdır. Zirəddin Rzayev gələcəyi demir. O, artıq qərarı verilmiş proseslərin səsini eşidir. Ramiz Mehdiyev epoxası bitib, onun həbsilə izlərini silmək mərhələsi başlayıb. Bu baxımdan 2026-cı il Mehdiyev və “mehdiyevçi”lər üçün məhkəmə ili ola bilər.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com






