Qarşıdurma yaradan iddialar ABŞ-ın hüquq-mühafizə qurumlarında ciddi rezonans doğurub.
Musavat.com xəbər verir ki, MS NOW-un bir neçə mənbəyə istinadən yaydığı məlumata görə, Federal Təhqiqatlar Bürosunun direktoru Kaş Patel şəxsi münasibətlərini dövlət resursları ilə qarışdırmaqda ittiham olunur.
Məlumata əsasən, Patel ən azı iki dəfə özünə ayrılmış xüsusi mühafizə qrupuna göstəriş verib ki, sevgilisi – 27 yaşlı kantri müğənnisi Aleksis Uilkinsin guya sərxoş vəziyyətdə olan rəfiqələrindən birini Neşvildəki əyləncə məkanından evə aparsınlar. Bu tapşırığın icrası FBI-ın Nəşvil sahə ofisinə məxsus elit taktiki qrupun narazılığına səbəb olub. Onlar bildiriblər ki, bu cür şəxsi xarakterli əməliyyatlar qurumun əsas funksiyalarına qətiyyən uyğun deyil.
Mənbələrin iddiasına görə, Patel etirazlara baxmayaraq əmrin yerinə yetirilməsində israr edib. Hətta bir epizodda o, Uilkinsin mühafizə komandasının rəhbərinə zəng edərək göstərişi dərhal icra etməyi tələb edib. Bu davranış FBI daxilində “taktiki resursların şəxsi məqsədlərlə istifadəsi” ilə bağlı narahatlıqları daha da artırıb.
Hazırda məsələ ilə bağlı rəsmi açıqlama verilməsə də, qalmaqalın Vaşinqtonda ciddi müzakirələrə səbəb olduğu bildirilir.
Musavat.com






