11 milyonluq LNS kabusunun yeni maskası: "FM Network" və süni intellektli "Nunu" tələsi
Azərbaycanın rəqəmsal mühitində vətəndaşları asan və risksiz qazanc vədləri ilə cəlb edən platformaların pərdəarxası mexanizmlərini araşdırmağa davam edirik. "Any Unboxing" və onun kimi virtual layihələrin kütləvi çöküşündən sonra bazarda yaranmış boşluğu doldurmağa çalışan daha bir struktur fəaliyyət göstərir – FM Network (fmnetvork.net).
Əvvəlki şəbəkələr əsasən virtual kodlar üzərində qurulduğundan sürətlə fəaliyyətini itirirdisə, yeni model yerli qanunvericiliyin boşluqlarından və "məhsul satışı" modelindən istifadə etməyə çalışır. Lisenziyası, istehsal bazası və məhsullarının rəsmi sertifikatlaşdırılması barədə açıq məlumat təqdim olunmayan məişət texnikası və parfüm paketləri ön plana çıxarılsa da, sistemin əsas gəlir modelinin binar marketinq mexanizmi üzərində qurulduğu görünür. Bu sayt özünü digər piramidalardan fərqləndirmək üçün qeydiyyat üçün referal kod yox, ad tələb edir. Yəni sizi kim dəvət edibsə onun adını soruşur.
Sumqayıtdan Nərimanova: LNS məktəbinin "uğura aparan lideri"
Şirkətin dövlət reyestrində qanuni təmsilçisi Feruz Məhərrəmov Niyazi oğlu göstərilir. Müxtəlif televiziya proqramlarında çıxış edərək "Piramida və Ponzi deyil, məhsula əsaslanan milli biznesik" fikirlərini səsləndirən bu şəxsin rəqəmsal fəaliyyəti araşdırıldıqda diqqətçəkən faktlar üzə çıxır.

Arxiv materialları və sosial şəbəkə paylaşımlarına əsasən, F. Məhərrəmov 2018–2021-ci illərdə fəaliyyəti ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən cinayət işi açılmış LNS International şəbəkəsində sıravi iştirakçı olmayıb. Mövcud materiallarda onun "Bölgələr üzrə menecer", təlimçi və "LNS Sumqayıt Star Team" rəhbəri kimi təqdim olunduğu görünür.

2018-ci il oktyabrın 5-də televiziya efirinə sinəsində LNS nişanı ilə çıxış edən F. Məhərrəmov həmin şəbəkənin əsas təbliğatçılarından biri kimi çıxış edib. LNS rəhbərliyinin saxlanılması və milyonlarla manatlıq cinayət işinin başlanmasından sonra şəbəkə fəaliyyətini dayandırıb. Bundan sonrakı dövrdə isə oxşar biznes modelinin yeni hüquqi şəxs altında davam etdirildiyi barədə iddialar mövcuddur.

Bu baxımdan maraqlı məqamlardan biri də FM Network-ün rəsmi Instagram səhifəsində 19 fevral 2020-ci il tarixli paylaşımın şərhlərində istifadəçinin "Bura haradır?" sualına administrator tərəfindən "Bura LNS Nərimanov ofisidir" cavabının verilməsidir. Bu paylaşım əvvəlki strukturla əlaqələr barədə suallar yaradır.
Tələsik rebrendinq və 10 manatlıq nizamnamə kapitalı
Dövlət Vergi Xidmətinin kommersiya reyestrindən əldə etdiyimiz sənədlərə əsasən, şirkət "FM NETVORK" MMC (VÖEN: 2907544221) adı ilə 1 iyul 2024-cü ildə qeydiyyata alınıb. Rəsmi hüquqi ünvan Sumqayıt şəhəri, H.Əliyev prospekti 30/69, mənzil 20 kimi göstərilir.

Özünü televiziya və sosial şəbəkələrdə "milli holdinq", "böyük sosial e-ticarət platforması" kimi təqdim edən şirkətin dövlət qeydiyyatında göstərilən nizamnamə kapitalı isə cəmi 10 manatdır. Bu o deməkdir ki, şirkətin maliyyə təminatı ilə bağlı suallar yaranır və fəaliyyətin mümkün dayanması halında kreditorların hüquqi təminat imkanları son dərəcə məhdud görünür. Diqqət çəkən digər məqam isə şirkətin "NETVORK" yazılışındakı orfoqrafik formasını internet domenində də saxlamasıdır. Sayt fmnetvork.net ünvanında qeydiyyata alınıb.
"Kassa qəbzi" getdi, "Payriff" və "Biznes Balı" gəldi
Şirkət rəhbərliyi fəaliyyətinin qanuni olduğunu əsaslandırmaq üçün VÖEN-lərinin və ödənişlərin "Payriff" üzərindən qəbul edilməsinin sübut olduğunu bildirir. Lakin hüquqşünasların da qeyd etdiyi kimi, ödənişlərin bank sistemi vasitəsilə qəbul edilməsi hər hansı biznes modelinin mahiyyətini avtomatik olaraq müəyyən etmir. Araşdırma zamanı məlum olub ki, istifadəçilərin ödənişləri daxili panelə daxil olduqdan sonra müxtəlif virtual göstəricilərlə əvəz olunur.

Paneldə "Sol bal", "Sağ bal" və "Biznes Balı (BV)" kimi anlayışlardan istifadə edilir.
Sistemdə gəlirin əsas hissəsinin pərakəndə satışdan deyil, yeni iştirakçıların cəlb edilməsindən asılı olduğu görüntüsü yaranır. "Biznes Balı" mexanizmi isə istifadəçilərin qazancının hesablanmasının daxili alqoritmlərlə tənzimləndiyini göstərir.

Qiyməti dəfələrlə artırılmış Çin məhsulları
FM Network kataloqunda təqdim edilən məhsullar araşdırıldıqda onların əksəriyyətinin Çin istehsalı, adsız (White Label) məhsullar olduğu görünür.

Saç feni + FM Parfüm paketi (220 AZN)
Sistem daxilində yer alan "JAMAKY" markalı adi saç feni və "FM Parfüm" paketi vətəndaşlara məcburi şəkildə 220 AZN-e satılır. Halbuki, analoji ucuz Çin fenlərinin yerli bazarda pərakəndə satış qiyməti maksimum 20–30 AZN civarındadır.


Toster + FM Bracelet paketi (220 AZN)
Digər bir paketdə isə "Titanum" markalı adi bir toster və qolbaq birgə 220 AZN-ə təklif olunur. Şirkətin paneldə tək halda 130 AZN-ə satdığı bu maqnit qolbağın əslində Çinin ucuz topdansatış platformalarında cəmi 1.5 – 2 dollara (təxminən 3 AZN) satılan adi "Zorcvens" markalı bəzək əşyası olduğu görünür.

LN-FC2024 Food Chopper
"LN-FC2024" markası ilə təqdim olunan ətçəkən qutularının vizual dizaynında real fotoşəkillər əvəzinə Süni İntellekt (AI) vasitəsilə hazırlanmış maketlərdən istifadə edilməsi də diqqət çəkir. Ortada real ticarət yoxdur; şirkət maya dəyəri cəmi 10-15 manat olan keyfiyyətsiz Çin mallarını 220 manata sataraq daxildə böyük bir qara kassa dövriyyəsi yaradır.

170 manatlıq "Biznes Plan" qeydiyyat bileti
"FM Network" platformasının daxili panelində yer alan bu sənəd şirkətin "məhsul satışı" bəhanəsini tamamilə kənara qoyur. 170 AZN qiyməti olan bu paket "Biznes Plan" adlanır və daxilində heç bir fiziki məhsul yoxdur. Vətəndaş bura pul ödəyərək sadəcə zəncirvari sistemə daxil olmaq üçün birbaşa giriş bileti satın alır.
Sistemin daxilindəki sual işarələrinə basdıqda çıxan rəsmi ingilisdilli açıqlamalar binar Ponzi mexanizmini tam ifşa edir:
"Qazanılan bal: 2": Sistemə yatırılan 170 manat dərhal piramida ağacının riyazi xallarına çevrilərək üst qollara ötürülür.
Dəvət komissiyası (Referral Commission): Sistem daxilində rəsmi olaraq qeyd edilir ki, bu gəlir yalnız sizin birbaşa dəvət etdiyiniz şəxs hər hansı bir planı satın alanda verilir: "When Your Direct-Referred/Sponsored User Subscribe in ANY PLAN, You will get this amount." Böyük paketlərin tək məqsədi isə daha yüksək dəvət faizi vəd etməkdir: "This is the reason You should Choose a Plan With Bigger Referral Commission."

Komanda komissiyası (Tree Commission): Sənəddə açıq şəkildə bəyan olunur ki, bu gəlir yalnız sizin qurduğunuz binar ağacın alt qollarına yeni şəxslər daxil olub paket alanda aktivləşir: "When someone from your below tree subscribe this plan, You will get this amount as Tree Commission."

"Nunu Express" bağlantısı və beynəlxalq suallar
FM Network-ün beynəlxalq əlaqələri araşdırılarkən maraqlı məqamlardan biri də 1 oktyabr 2025-ci ildə sosial şəbəkələrdə yayımlanan ortaq bəyanatdır.

Həmin paylaşımda Firuz Məhərrəmovun Türkiyədə qeydiyyatdan keçmiş "Nunu Express" platforması ilə "çözüm ortaklığı" qurduğu elan olunur.
"Nunu Express"in sosial media hesabları araşdırılarkən paylaşılmış foto və videoların bir hissəsində süni intellektlə hazırlanmış vizuallardan istifadə edildiyi barədə əlamətlər müşahidə olunur. Platformanın idarəetmə panelində isə istifadəçilərə "SILVER" paketləri təqdim edilir və qeydiyyat yalnız referal kodu vasitəsilə mümkündür.

Paneldə "Referans Geliri" anlayışından istifadə olunması gəlir modelinin yeni üzvlərin cəlb edilməsinə əsaslandığı təəssüratı yaradır.
Araşdırma zamanı ödəniş səhifəsində vəsaitlərin şirkətin korporativ hesabına deyil, TRC20 şəbəkəsindəki USDT ünvanına və ya Türkiyədə yaşayan fiziki şəxs Nuriye Günaydının adına açılmış bank hesabına yönləndirilməsi də diqqət çəkib.
Platformada "NUNU COIN" adlı virtual aktivin mövcudluğu isə istifadəçilər üçün əlavə maliyyə riskləri yarada biləcək amillərdən biri kimi qiymətləndirilə bilər.

"Qida azadlığı" adı altında investisiya modeli
Şəbəkə rəhbərliyi təkcə Çin malları sırımaqla kifayətlənməyib, vətəndaşların həssas hisslərini istismar edən yeni bir "investisiya" tələsi də qurub. Sistem daxilində "Təsərrüfat Layihəsi" və ya "Qida Azadlığı Sistemi" adı altında yeni bir qondarma paket dövriyyəyə buraxılıb. Vətəndaşlara 380-390 AZN qarşılığında heç bir fiziki məhsul təqdim edilmədən, kənd təsərrüfatı bəhanəsi ilə layihəyə "Payçı" olmaq vəd edilir. (Bu an ağlımıza "Çiftlik Bank" və onun hazırda həbsə olan qurucusu "Tosuncuq" gəlir...)
Daxili idarəetmə panelində bu xəyali təsərrüfat paketinin birbaşa "2 Biznes Balı" ilə qiymətləndirilməsi və qarşılığında "Dəvət və Komanda komissiyası"nın 0 AZN olaraq göstərilməsi real mənzərəni açır: Bu layihədən pul qazanmaq üçün heç bir real heyvandarlıq və ya təsərrüfat qurulmur; vətəndaş qoyduğu pulu çıxarmaq üçün sistemə mütləq yeni 390 manatlıq "payçılar" cəlb edib binar zəncirin alt qollarını doldurmalıdır. Bu isə kənd təsərrüfatı donu geyindirilmiş klassik investisiya fırıldağıdır (Crowdfunding Ponzi).

FM Network sosial şəbəkələr, Taplink səhifələri və qısa video platformaları vasitəsilə xüsusilə evdar xanımları, gənc ailələri və əlavə gəlir axtaran şəxsləri hədəfləyir.
Araşdırma zamanı əldə etdiyimiz rəsmi sənədlər, açıq mənbələr və platformanın daxili panelində müşahidə olunan mexanizmlər göstərir ki, bu strukturun fəaliyyət modeli vaxtilə geniş rezonans doğurmuş "LNS" sisteminin prinsipləri ilə oxşarlıq təşkil edir. Rəsmi qeydiyyatda adı Feruz Məhərrəmov kimi keçən, lakin özünü ictimaiyyətə "Firuz" olaraq təqdim edən şəxsin keçmiş fəaliyyəti də məhz bu zəncirvari şəbəkə məktəbinə dayanır.
Sistemin gəlirlərinin əsas hissəsinin real pərakəndə ticarətdən deyil, məhz yeni iştirakçıların cəlb edilməsindən və daxili paket satışlarından asılı olduğu faktı vətəndaşlar üçün ciddi maliyyə riskləri vəd edir. Bu səbəbdən vətəndaşların belə platformalara vəsait yatırmazdan əvvəl onların hüquqi statusunu, maliyyə modelini və fəaliyyət prinsiplərini diqqətlə araşdırmaları vacibdir. Digər tərəfdən, bazar dəyərindən dəfələrlə baha qiymətə təklif olunan bu xarici mənşəli malların vətəndaşlara vaxtında çatdırılıb-çatdırılmaması da ciddi sual doğurur; çünki platformanın daxili şərtlərində çatdırılma müddəti üçün qeyri-adi şəkildə "30-90 gün" (1 aydan 3 aya qədər) gözləmə vaxtının təyin edilməsi yaranan şübhələri daha da artırır.
Zəruri qeyd: Yazımız dərc olunduqdan sonra, 10.07.2026 tarixində FM Network nümayəndələri redaksiyamızla əlaqə saxlayıblar. Onlar yazıda diqqət çəkilən məqamlarla bağlı iradlarımızı qəbul etdiklərini, saytlarında mövcud olmuş bir sıra nöqsanların texniki səhvlər, saytın hazırlanmasına cavabdeh şəxsin məsuliyyətsizliyi və öz diqqətsizlikləri nəticəsində yarandığını bildiriblər.
Şirkət nümayəndələrinin sözlərinə görə, fəaliyyətləri piramida sxeminə əsaslanmır, real məhsul satışı üzərində qurulmuş satış şəbəkəsi kimi fəaliyyət göstərirlər. Onlar həmçinin bildiriblər ki, yazımızın dərcindən sonra iradlara uyğun olaraq saytda bir sıra düzəlişlər aparılıb və qeyd olunan nöqsanların əhəmiyyətli hissəsi aradan qaldırılıb.
Qeyd edək ki, material dərc olunarkən yazıda əks olunan məlumat və qiymətləndirmələr həmin tarixdə FM Network-un rəsmi internet resursunda açıq şəkildə yerləşdirilmiş məlumatlar əsasında hazırlanmışdı. Sonradan aparılmış dəyişikliklər isə məqalənin dərcindən sonra həyata keçirilib.
Məhəmməd Türkmən / Musavat.com






