Dekabrın 31-də saat 16:20-də Göyçay rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar yeddi nəfər (kişi cinsli) Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Məlumatda qeyd olunub ki, onlara bədənin müxtəlif nahiyələrinin travmaları, qapalı kəllə-beyin travması, başın təpə sümüyünün sınıqları, üzün və bədənin müxtəlif nahiyələrinin kəsilmiş, sıyrılmış yaraları diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib:
"Vəziyyətləri ağır qiymətləndirilən 1998-ci il, 2000-ci və 2020-ci il (iki nəfər) təvəllüdlü pasiyentlərin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. 1995-ci il təvəllüdlü pasiyentin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyəti qənaətbəxş qiymətləndirilir".
Həmçinin bildirilib ki, vəziyyəti qənaətbəxş qiymətləndirilən 2006-cı il təvəllüdlü şəxs ambulator müalicə üçün evə buraxılıb:
"Göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 17:00-da 2018-ci il təvəllüdlü şəxsin ölüm faktı qeydə alınıb. Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə təhvil verilib".
Eyni zamanda qəzada ölən və xəsarət alanların kimlikləri də məlum olub.
Məlumata əsasən, xəsarət alanlar 1998-ci il təvəllüdlü Rauf Haqverdiyev, 1995-ci il təvəllüdlü Kərim Məsimov, 2000-ci il təvəllüdlü İsa Əliyev, 2006-cı il təvəllüdlü Loğman Əliyev, eləcə də 2020-ci il təvəllüdlü O.M. və A.M.-dir.
Qəza nəticəsində 2018-ci il təvəllüdlü N.M. aldığı xəsarətlərdən vəfat edib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb və hazırda istintaq aparılır.






