Deputat Səyyad Aranın “Azəriqaz” adının dəyişdirilməsi və ümumilikdə “Azəri” sözünün Azərbaycanla heç bir əlaqəsinin olmadığı barədə səsləndirdiyi fikirlər ətrafında yaranan müzakirələr səngimək bilmir. Parlamentdə səslənən bu açıqlama təkcə ictimai rəydə deyil, elmi mühitdə də ciddi polemika doğurub.
Dilçi alimlər, terminoloqlar və ictimaiyyət nümayəndələri məsələyə fərqli prizmalardan yanaşaraq həm deputatın arqumentlərini dəstəkləyir, həm də kəskin etirazlarını ortaya qoyurlar.
Mövzu ilə bağlı Musavat.com-a növbəti açıqlamalar da gəlib.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq və linqvistik təhlil şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Sevinc Əliyeva bizimlə söhbətdə deputatın mövqeyini dəstəklədiyini bildirib.

O qeyd edib ki, “Azəri” sözünə özü də qəti etiraz edir:
“Tamamilə razıyam. Səyyad müəllim haqlıdır. “Azəri” sözünə mən də qəti etiraz edirəm. “Azərqaz” olmalıdır. Azərişıq, Azərxalça, Azərqaz və sairə”.
Eyni zamanda, Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzinin sədri Vasif Sadıqlı məsələyə daha geniş və tarixi kontekstdən yanaşaraq deputatın fikirlərinə qismən etiraz edib.

O, Musavat.com-a açıqlamasında bildirib ki, Səyyad Aranın çıxışında iki əsas məqam diqqət çəkir. Birinci məqam aparıcıların dilə laqeyd münasibətinin tənqididir. Onun fikrincə, televiziya məkanında dil normalarının kobud şəkildə pozulması yeni məsələ deyil və bu problem onilliklərdir mövcuddur.
Ekspert hesab edir ki, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun televiziya və radio yayımlarında dilin işlənməsi ilə bağlı tələbləri uzun müddətdir pozulur və bu fakt deputatları daha əvvəl də narahat etməli idi. İkinci məqam isə “Azəriqaz” adının dəyişdirilməsi ilə bağlıdır.
Vasif Sadıqlı bildirib ki, “Azəri” sözünün guya Azərbaycanla əlaqəsinin olmaması barədə iddialar elmi əsaslara söykənmir. Onun sözlərinə görə, “Azəri” termini “Azərbaycan” sözünün ərəb dilində nisbi sifət formasıdır və bu barədə ərəb dili üzrə mütəxəssislər dəfələrlə elmi araşdırmalar aparıblar.
Ekspert izah edib ki, ərəb dilində mürəkkəb sözlərə mənsubiyyət bildirən şəkilçi sözün birinci hissəsinə artırılır və bu qaydaya əsasən, Azərbaycan sakinlərinə “Azəri” deyilməsi formalaşıb. O qeyd edib ki, bu termin tarixi mənbələrdə də geniş şəkildə istifadə olunub.
Vasif Sadıqlı əlavə edib ki, “Azəri” anlayışına qarşı formalaşan neqativ münasibət əsasən Əhməd Kəsrəvinin 1921-ci ildə irəli sürdüyü mübahisəli nəzəriyyələrdən qaynaqlanır. Həmin yanaşmaya görə, guya azərbaycanlılar türk mənşəli deyil və “Azəri” adlı ayrıca bir etnos mövcud olub. Ekspert bu fikirlərin elmi əsasının olmadığını və cəmiyyətdə yanlış təsəvvür formalaşdırdığını vurğulayıb.
Onun sözlərinə görə, tarixdə “əl-Azəri” nisbəsi ilə tanınan çoxsaylı alim və şairlər mövcud olub və “Azəri” anlayışı elmi, mədəni irsin ayrılmaz hissəsidir. Bundan başqa, 1928–1931-ci illərdə İstanbulda nəşr edilən “Azəri-türk” jurnalını xatırladan Vasif Sadıqlı bildirib ki, Məhəmməd Əmin Rəsulzadənin də bu terminə münasibəti müsbət olub.
Ekspert sonda vurğulayıb ki, bəzi qurum adlarında dil normalarının pozulması məsələsi ayrıca müzakirə mövzusudur, lakin “Azəri” sözünün tarixi və dilçilik baxımından inkar edilməsi düzgün yanaşma sayıla bilməz.
Afaq Mirayiq,
Musavat.com






