Hindistanın Qərbi Benqal ştatında 12 yaşlı qızın qətlə yetirilməsi böyük etirazlara səbəb olub.
Musavat.com xəbər verir ki, iddialara görə, ad günü üçün hədiyyə almaq məqsədilə evdən çıxan azyaşlı qaçırılıb, cinsi zorakılığa məruz qalıb və daha sonra öldürülərək meyiti çuvala qoyulub gölməçəyə atılıb.
Hadisə Baruipur bölgəsində baş verib. Şənbə günü itkin düşən qızın ailəsi bütün gecə onu axtarsa da, bazar günü səhər yerli sakinlər şübhəli bilinən şəxsi saxlayıblar. İddialara görə, həmin şəxsin göstərdiyi yerdə azyaşlının meyiti gölməçə yaxınlığında çuvalın içində tapılıb.
Qızın ölüm xəbəri bölgədə böyük qəzəb yaradıb. Yüzlərlə sakin şübhəliyə hücum edib və onu linç edib. Ağır xəsarət alan şəxs xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Hadisədən sonra bölgədə kütləvi etiraz aksiyaları başlayıb. Etirazçılar yolları bağlayıb, avtomobil şinləri yandırıb, polis maşınlarına daş ataraq onlara ziyan vurublar. Hüquq-mühafizə orqanları vəziyyətə nəzarəti bərpa etmək üçün əraziyə əlavə polis qüvvələri cəlb edib.
Polis rəhbərliyi cinayətdə əli olan bütün şəxslərin məsuliyyətə cəlb ediləcəyini açıqlayıb və vətəndaşları qanunu öz əllərinə almamağa çağırıb. Hadisə ilə bağlı dörd nəfərin saxlanıldığı, istintaqın isə davam etdiyi bildirilib.
Musavat.com






