Hindistan şirkəti “Mangalore Refinery” sanksiyalar səbəbindən Rusiya neftinin idxalını dayandırıb və hazırda Venesuela xam neftinin alınması imkanlarını araşdırır.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, “Mangalore Refinery and Petrochemicals Ltd” şirkətinin baş maliyyə direktoru Devendra Kumar bildirib ki, şirkət bütün beynəlxalq məhdudiyyətlərə əməl edir və hazırda Rusiyadan neft almır. O əlavə edib ki, təchizat şərtləri iqtisadi cəhətdən sərfəli olarsa, şirkət Venesuela da daxil olmaqla alternativ mənbələri nəzərdən keçirir.
Hindistanın cənubundakı Karnataka əyalətində yerləşən neft emalı zavodu gündə 500.000 barelə qədər neft emal edir. Hazırda xam neftə olan ehtiyacının təxminən 40%-i Yaxın Şərqdən təchizat və spot bazar alışları hesabına ödənilir.
“Bloomberg”in məlumatına görə, dekabr ayında Rusiya neftinin Hindistana idxalı gündə 1,1 milyon barelə düşüb ki, bu da son iki ildən çox müddətdə ən aşağı səviyyədir. Əhəmiyyətli endirimlərə baxmayaraq, tədarüklər noyabr ayı ilə müqayisədə təxminən 40% azalıb.
Musavat.com






