İnsanlara hürriyət, millətlərə istiqlal!

İki “qoç”un başı bir qəzada: ETTELAT və MOSSAD

1673 22.01.2026 08:15 Siyasət A A

Yaxın Şərqin nəhəng fars və yəhudi kəşfiyyatları necə yaranıb, fəaliyyətləri və “hansı daha güclüdür” sualı...

“Yetərincə çox şeylər yaşadım. Bundan sonra vaxtımı otağıma qapanaraq, inanclı uşaqlarımızın xoşlarına gələcək hekayələr uydurmaqla keçirəcəyəm. Sıravi möminlər üçün dünyanın başlanğıcı, cənnət və cəhənnəm haqqında min bir hekayə uydurmağım gərəkdir. Heç bir şey həqiqət deyil, hər şey mübhəm... Lakin bunun mexanizminin iplərini əllərində tutaraq sirli düşüncələrimizi özümüzə saxlamalıyıq...”.

Bu, həşşaşilərin lideri Həsən ibni Səbbahın son sözləri olur və qapılarını mövcud dünyaya əbədi bağlayaraq, ölənə qədər öz hücrəsinə - İranın Elbrus dağlarının zirvəsində yerləşən Əlamut qalasına çəkilir. Və bir də heç vaxt otağını tərk etmir. Həsən Səbbah haqda geniş yaza bilərəm, dərin və cəlbedici mövzudur. Lakin bugünkü araşdırmamızda Həsən Sabbaha xitabımızın bir səbəbi var - onun İslam tarixində ilk kamikadze təşkilatını yaratmasıdır.

Həşşaşilər və ETTELAT

Sultanlara, krallara “qan udduran” bu gizli, sirlərlə dolu kəşfiyyat - sui-qəsd hərəkatının və İsmaili təriqətinin lideri Həsən Sabbah bəlkə də bu gün İranın ETTELAT-ının yaranmasının təməlini qoyub, yaxud da o ənənə hazırda fərqli formasiyada fəaliyyətdədir. Bəli, məhz Elbrus dağlarındakı Əlamut qalasından çıxan həşşaşilər Səlcuq sultanının sarayından tutmuş Bavariya kralının az qala yataq otağına qədər sızmağı, məlumat öyrənməyi, “verbovka”nı bacarırdı. Yeri gəlmişkən, Sabbahın ilk əməliyyatçısı aranlı (yəni azərbaycanlı - E.S.) Tahir olub. Hazırda isə İran kəşfiyyatçılarının hədəfi sultanlar, padşahlar, krallar deyil, İsrail casuslarını tapmaq, yaxud o ittihamları həbs etmək və yəhudi xarici kəşfiyyatı olan MOSSAD-la mübarizə aparmaqdır. Ona görə də İranda baş verən son hadisələr bu gün Yaxın Şərqdə iki nəhəng kəşfiyyat xidmətinin burun-buruna gəldiyini həm də gözlər önünə sərir. Bəs kimdir daha qüdrətlisi və ETTELAT-la MOSSAD necə yaranıb, bax, bu iki təşkilatla bağlı maraqlı məlumatları sizinlə bölüşmək istəyirik. Xüsusən də son baş verənlər fonunda İsrailin kəşfiyyat xidməti MOSSAD-ın rəhbəri David Barnea İrandakı vəziyyətlə bağlı məsləhətləşmələr məqsədilə ABŞ-yə səfər edibsə, bu faktın özü kifayət qədər diqqətçəkicidir.

Mossad's Gambling Has Exposed Dangers of Brinkmanship In the Middle East

İran kəşfiyyatı adamları necə ələ alır?

Əgər mövzuya İrandan başlamışıqsa, gəlin əvvəlcə elə ETTELAT-la da davam edək. İlk növbədə demək lazımdır ki, bu təşkilatın adı elə Azərbaycan türkcəsində “məlumat” adlanır. Yəni ETTELAT “ittilaət” - “məlumat” anlamı verir. Bu təşkilatın “Hüseyniyyun” qruplaşması da Azərbaycanda az pisliklər etməyib - ideoloji təbliğatda, sosial media üzərindən destruktiv işlər, “verbovka” və s.

Ettelaat” terrorçunun adını açıqladı – İkinci bəyanat Yeni Sabah

İran kəşfiyyatının əsasını təşkil edən güclü ideoloji əsaslar olduğu məxfi qrif altında deyil və beynəlxalq ictimaiyyətə bəllidir. Heç İran özü də bunu gizlətmir və aşkar şəkildə həmin ideyaları insanların dini inanclarının istismar edilməsi üçün yönəldir. Bu xətt İrana proksi qüvvələr formalaşdırmaq, İslam coğrafiyasında dövlətlərə təzyiq etmək metodlarını yaratmaq və inkişaf etdirmək üçün lazımdır. İran kəşfiyyatının ana bazasında, əsasən müsəlman arealında ölkənin klerikal-bürokratik zümrəsinə sorğusuz itaət edə biləcək kütlə ərsəyə gətirmək dayanır.

Tərəfdar toplandıqdan sonra isə inanc, İslam adı altında İranın maraqlarını təmin edəcək addımlar atılır, kütlələrdən İran kəşfiyyatının büdcəsinə xeyir verən xümslər toplanılır və həmin pullar dövriyyəyə buraxılır. Qısası, İrana xüms adı ilə göndərilən milyonlar kəşfiyyatın - ETTELAT-ın xəzinəsinə daxil olur.

ETTELAT-ın 4 əsas taktikası

ETTELAT son illər xarici ölkə vətəndaşlarından ibarət şəbəkə yaradıb və onları yəhudi iş adamlarını öldürmək üçün təlimatlandırıb. Yəni xaş-xaşilərdən qalma metodlar dəyişməyib. MOSSAD-ın keçmiş əməkdaşı Haim Tomer bunu daha aydın izah edir. Tomer deyir ki, İranda çoxlu kəşfiyyat orqanları var və onların ölkə hüdudlarından kənarda fəaliyyət göstərən alt təşkilatları mövcuddur. Onun sözlərinə əsasən, İran kəşfiyyatının iş rejimini dörd əsas xətlə xarakterizə etmək olar.

Birinci xətt inkarçılıqdır. Daha dəqiqi, İran xarici ölkə vətəndaşlarından ona görə istifadə edir ki, onlar ifşa ediləndə asanlıqla “bu, bizim kəşfiyyatın adamı deyil” deyə bilsin. İkinci istiqamət - səfirliklər, böyük şirkətlər, ciddi şəkildə qorunmayan böyük obyektlərə qarşı hücumların həyata keçirilməsidir. Bu, onlar üçün çox mürəkkəb olmayan əməliyyat planı hazırlamasına gətirib çıxarır. Təcrübəsini bölüşən Tomerin dediyinə görə, üçüncü xətt belədir ki, İran elə ölkələrdə kəşfiyyat-pozuculuq fəaliyyəti hazırlayır ki, agentura şəbəkəsi ifşa edilsə belə, Tehranın strateji maraqlarına xələl gəlməsin.

Sonuncu, dördüncü xətt isə uzun sərhədləri - dəniz və ya quru sərhədləri olan ölkələri tapmaqdır ki, onların xalqlarının inancına rahatlıqla sıza bilsinlər və lazımi alətləri keçirə bilsinlər. Təbii ki, İran maksimum şəkildə çalışır ki, agentləri tutulmasın. Ancaq bu istəyin “müqəddəslik dozası” əməliyyatın xarakterinə görə dəyişir. Qeyd edək ki, Kəşfiyyat Nazirliyi (Vəzarat-e Ettelat) 1984-cü ildə yaradılıb. Bu qurum SAVAK (inqilabdan əvvəlki əsas təhlükəsizlik təşkilatı) ləğv edildikdən sonra yaradılıb, birbaşa ali dini liderə tabedir və daxili-xarici təhlükəsizlik, eləcə də kibertəhlükəsizlik kimi sahələri əhatə edir.

“Haganah”la başlanan gizli yol

Onun əzəli rəqibi olan MOSSAD-a gəlincə, bəlağətsiz, heç bir tərifə ehtiyac olmadan dünyanın bir nömrəli kəşfiyyat xidmətlərindən biri adlandırmaq olar. MOSSAD-ın arxa planında ərəblərdən “qorxu” yatırdı. 1917-ci ildə yayımlanan və Fələstin torpaqlarında yəhudi dövlətinin qurulmasını dəstəkləyən Balfour deklarasiyasından bu yana Orta Şərqdə vəziyyət gərginləşmişdi. İsraillilər ərəblərlə olan mübarizələrinin ilk vaxtlarında ibranicə “müdafiə” mənasına gələn “Haganah” adlı kəşfiyyat sistemi qurmuşdular. “Haganah” İsrailin müstəqilliyi uğrunda maneə olan ərəblərə və ingilislərə qarşı hər cür terror imkanını səfərbər etmişdi. Bu arada ərəblər də, ixtilafın işlərini asanlaşdıra biləcəyini düşünərək yalan xəbərlərdən və propoqandadan ibarət “Haganah” siyasi şöbəsi qurmuşdu.

İsrailin 1948-ci ildə müstəqil bir dövlət olaraq tanınmasının ardından ölkənin ilk baş naziri olan David Ben Gurion 2 mart 1951-ci ildə ərəblərə qarşı dağınıq şəkildə fəaliyyət göstərən kəşfiyyat qurumlarının bir dam altında toplanması əmrini verdi. Beləliklə, dünyanın kimlərə görə “ən güclü”, kimlərə görə isə “ən qorxunc”, amma paralel olaraq ən çox reklam edilən kəşfiyyat təşkilatı olan MOSSAD-a gedən yollar açıldı. İsraili belə bir coğrafiyada rahat yaşatmaq kimi missiyaya sahib xidmət orqanı 1951-ci ildə MOSSAD (Ha-Mossad Le-Modinin Ulk-Tafkidim Meyuhadim - Özəl Məsələlər və Kəşfiyyat Təşkilatı) adıyla işə başladı. MOSSAD tərkibində özəl əməliyyatları gerçəkləşdirən MASSADA adlı qurumla yanaşı, 1960-cı illərdə formalaşan elmi-kəşfiyyat bölməsi “LAKAM” da var. Dünyanın dörd bir tərəfindəki texnoloji sirləri İsrailə çatdırmaqda məsul olan LAKAM 1968-ci ildə fransız “Miraj” döyüş təyyarələrinin planlarını əldə edərək bu barədə iddiasına nail olmuşdu. Bununla yanaşı, MOSSAD-ın tərkibində Al adlı bir başqa qrup da mövcuddur. Sadəcə, ABŞ-də fəaliyyət göstərən Al-in missiyası bu ölkənin texnoloji sirlərinə yiyələnməkdir.

MOSSAD-la yanaşı, daxili kəşfiyyat sistemi “Şin Bet” də (Ümumi Müdafiə Qurumu) qurulmuşdu. İngiltərədəki MI-6 və Amerikanın FBI-na bənzər missiyası olan “Şin Bet” “dəstək” və “əməliyyat” olaraq iki bölmədən ibarətdir. Dəstək bölümü əməliyyatların logistikası və sorğulama taktikalarına cavabdehdir. “Əməliyyat” hissəsi isə dövlət adamlarını, elçiləri, İsrailin müdafiə mərkəzlərini qoruyur, qonşu ərəb ölkələrindən sızmaları əngəlləyir və əks-kəşfiyyat əməliyyatları hazırlayır.

İçindən heç vaxt “köstəbək” çıxmayan İsrailin kəşfiyyat qurumları bunlarla bitmir. Bir də hərbi kəşfiyyatla maraqlanan və "Kəşfiyyat Qanadı» mənasına gələn AMAN (Agah ha-Modi) da var. AMAN-nın vəzifəsi ərəb orduları haqqında bilgi toplamaq və toplanan bilgiləri analiz etməkdir. Təşkilat “Toplama” və “İstehsal” adlı iki bölmədən ibarətdir. Burada işləyən minlərlə yaxşı yetişmiş üzv digər ölkələrdən ələ keçirilən bilgi və sənədləri analiz edərək raportlar şəklində dövlətə təqdim edir. AMAN tərkibində eyni zamanda sərhədlərindən kənarda əməliyyatlar üçün istifadə edilən Sayaret Matkol adlı xüsusi qrup da var.

MOSSAD-ı digərlərindən ayıran əsas özəlliyi bu günə qədər tərkibindən heç bir “köstəbəyin”(başqa kəşfiyyata işləyənin)  çıxmamış olmasıdır. Bu uğurda seçilən agentlərin ifrat dərəcədə millətçi olması və eyni zamanda MOSSAD-ın “xainləri harada olursa-olsun tapacağıq” imicinin payı çox böyükdür. Təşkilatın uğur faktorlarından digəri də əlindəki KİV-lərin imkanlarından məharətlə istifadə edib “Yenilməz MOSSAD” inancını formalaşdırmasıdır. Qeyd edək ki, MOSSAD rəhbəri birbaşa baş nazirə tabedir. Qurumun büdcəsi isə gizlidir. Beləliklə, “yəhudi, yoxsa fars kəşfiyyatı daha geniş imkanlara malikdir” sualına cavab tapmaq mürəkkəbdir. Çünki imkanları, yanaşmaları və taktikaları fərqlidir...

Emil SALAMOĞLU,
“Yeni Müsavat”ın redaktoru

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR