7 iyun parlament seçkilərindən sonra Ermənistan Baş naziri Nikol Paşinyan ilk dəfə ölkə xaricinə çıxıb – qonşu İrana gedib. Doğrudur, bu, Əli Xameneinin dəfn mərasimi ilə bağlıdır. Amma səfərin rəmzi anlamı dəyişmir.
Üstəgəl, Nikol Vovayeviçin yüksək çinli Tehran rəsmiləri ilə görüşü planlaşdırılır. Onu yeni ali dini liderin - Müctəba Xameneinin də qəbul edəcəyi bəlli deyil. Ancaq bundan əvvəlki İran səfiri zamanı o, ata Xamenei ilə bir ataya gəlmişdi.
Elə bu gün Tehranda İran prezidenti Məsud Pezeşkian Paşinyanla görüşüb. Ermənistan hökumətinin mətbuat xidməti yaydığı məlumata görə, görüş zamanı Baş nazir ali dini lideri Əli Xameneinin vəfatı ilə əlaqədar bir daha başsağlığı verib. Pezeşkian isə Nikol Paşinyana rəsmi vida mərasimində iştirakına görə təşəkkür edib. O, Tehranın “Ermənistanın mövqeyini və İran üçün çətin dövrdə göstərdiyi humanitar dəstəyi yüksək qiymətləndirdiyini” söyləyib. Pezeşkian, həmçinin Paşinyanı parlament seçkilərində qazandığı qələbə münasibətilə bir daha təbrik edib və iki ölkə arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə edib...

Yada salaq ki, İran Rusiyadan fərqli olaraq, iyun seçkilərin nəticələri dərhal tanıyan və Nikol Paşinyanı təbrik edən qonşu ölkədir. Moskvada bu amili görməzdən gələ bilməzlər. Hər necə olmasa, İran Ukraynaya qarşı işğalçı müharibədə Rusiyanın barmaqla sayılacaq müttəfiq-tərəfdaşlarındandır.
Maraqlıdır ki, İran səfərindən bir neçə gün sonra – iyulun 7-də (seçkilərdə bir ay sonra) Paşinyanın Moskvaya gedəcəyi xəbəri yayılıb. Bildirilir ki, Ermənistan hökuməti başçısının adı Yekaterinburqda keçiriləcək "İnnoprom" beynəlxalq sənaye sərgisinə dəvət olunmuş çıxışçılar siyahısında yer alıb. Qeyd olunur ki, Paşinyan forumun əsas sessiyasında iştirak etmək üçün iyulun 7-də Rusiyanın baş naziri Mixail Mişustinlə birlikdə Yekaterinburqa gəlməlidir.
Bəs ondan qabaq o, Putinlə görüşəcəkmi? Bu haqda heç nə deyilmir. Böyük ehtimalla Putin-Paşinyan görüşü də reallaşacaq. Əks halda, bu, ciddi siyasi qalmaqal olar...
Bu yerdə onu da xatırladaq ki, Ermənistan baş naziri Moskvaya qarşı tərəfdən dəvət olacağı təqdirdə gedəcəyini bəyan edib. Bu isə Rusiyanın faktiki seçkilərin legitimliyini tanıması anlamına gələrdi. Bəs rəsmi dəvət olubmu?
Yəqin ki. Ancaq bu, sırf Paşinyanın şəxsi ilə bağlı deyil, beynəlxalq tədbirə dəvətdir. Gerçək belədir ki, Rusiya rəhbərliyi, prezident Vladimir Putin hələ də Nikol Paşinyanı seçkilərdəki qələbə münasibətilə təbrik eləməyib.
Ola bilsin, Kreml bu gün – Ermənistan Konstitusiya Məhkəməsinin seçkilərlə bağlı verəcəyi yekun qərarı gözləyir. Özünün proksi-qüvvələrinə son təlimatlar da yəqin ki, ondan sonra göndəriləcək.
İstənilən halda Kremlin Güney Qafqazda öz ənənəvi satellitlindən asanca vaz keçəcəyini düşünmək yanlış olardı. Amma Moskva erməni cəmiyyətinin iradəsini də ciddiyə almaq zorundadır. Yəni, Nikolla işləməyə məcbur və məhkum. Hansı formada-formatda, necə? Bunu yaxın zamanlarda biləcəyik...
Analitik xidmət,
Musavat.com






