2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib. Artıq ilin bitməsinə 15 gün qalıb. Bəs tədbirlər planında amnistiya aktının qəbulu da varmı? “Konstitusiya və Suverenlik İli”ndə 12-ci amnistiya reallaşa bilərmi? Ümumiyyətlə, amnistiyaya nə dərəcədə ehtiyac var? Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev Qaynarinfo-ya açıqlamasında deyib ki, Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə amnistiya aktı imzalana bilər.
Onun sözlərinə görə, ilin sonunda bununla bağlı qərarın verilməsi gözlənilir: “Hazırda bununla bağlı məlumatlar yayılır. Milli Məclis tərəfindən amnistiya qərarı verilə bilər. 2025-ci il Azərbaycan Respublikasında "Konstitusiya və Suverenlik İli" elan edilib. Bu, Azərbaycanın həyatında böyük bir hadisədir. Bu il həm də Zəfərimizin 5-ci il dönümüdür".
Qeyd edək ki, müstəqillik dövründə Azərbaycan parlamenti bir neçə dəfə amnistiya aktı qəbul edib. Hər amnistiya da fərqli səbəblərlə bağlı qəbul edilib, əsasən dövlət bayramları, mühüm tarixi hadisələr və ya ölkədəki vəziyyətlə əlaqədar olub. Onların arasında 1993, 1998, 2003, 2010, 2016 və 2021-ci illərdəki amnistiya aktlarını qeyd etmək olar. Bu amnistiyalar cinayətkarların cəzalarının yüngülləşdirilməsi və ya həbsxanalardan azad edilməsi məqsədilə tətbiq edilib.
Sonuncu dəfə Zəfər günü münasibətilə 2021-ci ildə amnistiya elan edilməsi haqqında qərar qəbul edilib. Həmin aktın 17 min 267 şəxsə şamil olunduğu müəyyən edilib. Bu qərar tətbiq olunan şəxslərin sayına görə indiyədək qəbul edilmiş ən geniş amnistiyadır. Amnistiyanın tətbiq olunduğu şəxslərdən 733-ü Vətən müharibəsinin iştirakçısı, 837-si qadın, 65-i yetkinlik yaşına çatmayandır.
Amnistiya qərarı azadlıqdan məhrumetmə yerlərində cəza çəkən 5971 məhkuma tətbiq edilib. Onlardan 2710 məhkum azadlıqdan məhrumetmə cəzasından azad olunub, 3261 məhkumun cəzasının çəkilməmiş müddəti 6 ay azaldılıb. Həmçinin azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzalara məhkum edilmiş 8559 şəxsə amnistiya tətbiq edilib. Onlardan 5722 məhkum cəzadan azad edilib, 2837 məhkumun cəzası azaldılıb. Belə ki, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 1909, islah işləri cəzasına məhkum olunmuş 2471, ictimai işlər cəzasına məhkum edilmiş 86, cərimə cəzasına məhkum edilmiş 1202 və digər cəzalara məhkum olunmuş 54 şəxs bu cəzalardan azad edilib. Şərti məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş 62 məhkum barəsində də amnistiya tətbiq olunub.
Bundan əlavə, məhkəmələrin icraatında olan işlər üzrə 890, ibtidai istintaq orqanlarının icraatında olan işlər üzrə isə 1785 şəxsə amnistiya tətbiq edilib.
P.S. Qəzet çapa gedərkən məlum olub ki, Azərbaycan suverenliyinin bərpasının, Konstitusiyanın ali hüquqi qüvvəsinin ölkənin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi qələbəsi olduğunu nəzərə alaraq, humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, cəzadan azad olunacaq şəxslərin qanunlara dönmədən əməl edəcəklərinə və dövlətimizin inkişafına öz töhfələrini verəcəklərinə ümid edərək Prezident İlham Əliyev amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb.
Amnistiya aktının layihəsinə əsasən, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistanın mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur.
Bununla yanaşı, layihəyə əsasən, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaq.
Azərbaycan Prezidentinin Milli Məclisə təqdim etdiyi amnistiya aktının tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacağı ehtimal edilir. Belə ki, amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir.
Bunlardan 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır.
Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”






