İran nümayəndə heyəti ABŞ tərəfi ilə danışıqlar aparmaq üçün İsveçrənin Sürix şəhərinə gəlib. Bu barədə İran dövlət televiziyası məlumat yayıb.
Nümayəndə heyətinə İran Məclisinin sədri Məhəmməd Baqer Qalibaf, xarici işlər naziri Abbas Əraqçi, Təhlükəsizlik Şurasının sədr müavini Əli Baqeri Kani və Mərkəzi Bankın sədri Əbdülnasir Hemmati daxildir. Tərəflər ikitərəfli anlaşma memorandumunun həyata keçirilməsi şərtlərini müzakirə edəcəklər.
Mövzu ilə bağlı beynəlxalq münasibətlər üzrə politoloq Şəhla Cəlilzadə Musavat.com-a deyib ki, İsveçrə İran və ABŞ arasında sadəcə görüş məkanı olaraq seçilməyib:
"Bu ölkə 40 ildən çoxdur ki, iki tərəf arasında diplomatik körpü rolunu oynayır. Hələ 1979-cu il İslam İnqilabından sonra Amerika Birləşmiş Ştatları ilə İran arasında münasibətlərin tamamilə dayandığı dövrdə İsveçrə tərəflər arasında mühüm vasitəçilik missiyasını həyata keçirirdi və hətta Amerika Birləşmiş Ştatlarının qoruyucu güc, protektor rolunu, yəni diplomatik təmsilçilik funksiyasını öz üzərinə götürmüşdü. Başqa sözlə, İsveçrənin Tehrandakı səfirliyi eyni zamanda Amerika Birləşmiş Ştatlarının maraqlarının qorunmasına xidmət edirdi.
Bu mənada tərəflər arasında aparılan bir sıra mühüm danışıqlar məhz İsveçrənin vasitəçiliyi ilə baş tutub və buna bəzən hətta “İsveçrə poçtalyon diplomatiyası” da deyilir. Eyni zamanda nüvə danışıqlarında da İsveçrə ötən illər ərzində aktiv rol oynayıb. Düzdür, məsələn, 2015-ci ildə əldə olunan nüvə razılaşması – Hərtərəfli Birgə Fəaliyyət Planı Vyana danışıqlarının nəticəsi olaraq qəbul edildi və imzalandı. Lakin həmin dövrdə, xüsusilə 2010-cu illərdə aparılan intensiv danışıqlar, o cümlədən İsveçrədə keçirilən mühüm görüşlər tərəfləri bu ciddi irəliləyişə gətirib çıxarmışdı".

Politoloq vurğulayıb ki, tərəflər arasında məhbus mübadilələrinin həyata keçirilməsində də İsveçrə mühüm rol oynayıb və ilk belə mübadilələr məhz onun vasitəçiliyi ilə gerçəkləşdirilib:
"Bu baxımdan yenidən İsveçrənin seçilməsi təkcə onun təhlükəsiz ölkə olması və qlobal miqyasda tanınan neytral dövlət statusu ilə bağlı deyil. Bu seçim eyni zamanda tərəflər arasında uzun illərə söykənən uğurlu diplomatik təcrübənin və etimad formalaşdıran vasitəçilik tarixinin mövcudluğu ilə əlaqədardır".
Şəhla Cəlilzadə bu danışıqların İranın nüvə proqramı ilə bağlı məsələlərin həllinə necə təsir göstərə biləcəyindən də danışıb:
"Əlbəttə ki, bu danışıqlar məhz həmin məsələnin həllinə yönəlib. Bildiyimiz kimi, anlaşma memorandumunun imzalanmasında əsas məqsəd qarşıdakı 60 günlük danışıqlar dövrü üçün hüquqi və diplomatik zəmin hazırlamaq idi. Bu mənada artıq həmin 60 günlük müddətin başlandığını söyləmək olar və tərəflər arasında aparılacaq bütün danışıqlar bundan sonrakı mərhələdə yeni nüvə sazişinin imzalanmasına həsr olunacaq.
Bu görüşlərin ilkin mərhələdə İsveçrədə keçirilməsi də yenidən İsveçrənin tərəflər arasında etimad mühiti yaratmaq imkanları və həllə yönəlmiş təsir potensialı ilə bağlıdır. Burada, təbii ki, İranın iqtisadi vəziyyəti də Vaşinqtonla kompromisə getmək istəyini müəyyən dərəcədə artıra bilər. Lakin bununla yanaşı, İranın özünün prinsipial mövqeləri də mövcuddur. Bu prinsiplərdən biri İranın suveren hüquqlarının təmin olunması ilə bağlıdır.
Yəni İran tələb edir ki, onun nüvə proqramı, daha dəqiq desək, sivil nüvə proqramı davam etdirilsin. Uran zənginləşdirilməsi İran tərəfindən ölkənin və İran xalqının suveren hüququ kimi qiymətləndirilir. Bu baxımdan Donald Trampın müharibədən əvvəl irəli sürdüyü “sıfır uran zənginləşdirilməsi” tələbi İran üçün qəbuledilməz sayılır və bu, Tehran üçün prinsipial məsələdir.
İranın bu məsələdə güzəştə gedəcəyini və ya ciddi kompromisə hazır olduğunu söyləmək çətindir".
Politoloqun fikrincə, Tehran öz prinsipial mövqeyində israr etməyə davam edəcək:
"Burada daha çox rəsmi Vaşinqtonun müəyyən güzəştlərə gedə biləcəyi ehtimal olunur. Xüsusilə də İrana ən azı müəyyən səviyyədə sivil məqsədli uran zənginləşdirilməsinə imkan verilməsi istiqamətində danışıqların aparılması daha real görünür və prosesin əsas müzakirə xəttinin də məhz bu istiqamətdə inkişaf edəcəyini ehtimal etmək olar.
Bununla yanaşı, istənilən halda İran dəfələrlə bəyan edib ki, onun nüvə proqramı heç vaxt nüvə silahı əldə etməyə yönəlməyəcək və bu proqram yalnız sivil məqsədlərə xidmət edəcək. Tehran eyni zamanda NPT-yə, yəni Nüvə Silahlarının Yayılmaması Haqqında Müqaviləyə sadiq qaldığını da bəyan edib. Düşünürəm ki, keçirilən görüşlər çərçivəsində bu məqamlara bir daha xüsusi vurğu ediləcək.
Lakin eyni zamanda İranın hansı səviyyəyədək uran zənginləşdirə biləcəyi məsələsi əsas mübahisə və müzakirə mövzusu olaraq qalacaq".
Xalidə Gəray
Musavat.com






